Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 14:21

Yanan binaya görə tutulub ölənin hüquqi varisi kim olacaq?


-

Ötən ilin aprelində Xətai rayonunda 9 mərtəbəli binada baş vermiş yanğınla əlaqədar həbs edilmiş üç nəfərdən birinin ölümü ilə bağlı araşdırma aparılır.

Nüsrət Muxtarov altı gün əvvəl Kürdəxanıdakı 1 saylı İstintaq təcridxanasında dünyasını dəyişib.

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov Sabunçu Rayon Prokurorluğunda araşdırma getdiyini deyib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən biri öldüyü halda, onun hüquqi varisi təyin olunmalı, cinayət işinin davam etdirilib-etdirilməməsilə bağlı həmin şəxsin rəyi öyrənilməlidir.

Nüsrət Muxtarovun vəkili deyib ki, mərhumun oğlu hüquqi varis kimi tanınmaq istəyir, amma o da bir neçə günə hərbi xidmətə getməlidir.

Nüsrət Muxtarovun qardaşı, məhkəmə iclasında iştirak edən Elşən Muxtarov da hüquqi varis kimi tanınmasına razı olduğunu deyib.

Hüquqi varislik məsələsinin və ölüm faktı ilə bağlı tibbi sənədlərin hazırlanması üçün məhkəmə iyulun 26-na qədər təxirə salınıb.

Xatırladaq ki, bu iş üzrə üç nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara qarşı CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı tikinti şirkətinə rəhbərlik etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, "TNH" şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG