Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

"Nabat" filmi Xirosimada anım tədbirində göstəriləcək


Azərbaycan filmi "Nabat"ın posteri
Azərbaycan filmi "Nabat"ın posteri

-

Bildiyiniz kimi, bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən ənənəvi anım tədbirlərinə film nümayişi də əlavə olunub.

“Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş 6 film dəvət olunub.

Filmlərin içərisində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal olunan “Nabat” filmi də var.

Rejissor Elçin Musaoğlunun çəkdiyi film Qarabağ müharibəsindən bəhs edir. Ancaq ənənəvi döyüş, qan səhnələri yoxdur. Film boşalmış bir kənddə qalan yaşlı qadının həyat hekayətini anladır.

Qazaxıstanda "Nabat" filminin nümayişi zamanı rejissor Elçin Musaoğlunun çıxışı.
Qazaxıstanda "Nabat" filminin nümayişi zamanı rejissor Elçin Musaoğlunun çıxışı.

Son illər dövlətin maliyyəsi ilə çəkilən tammetrajlı filmlər kino tənqidçiləri və tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bu filmlər daha çox tənqid edilir, hətta bəzən maliyyənin israf olunduğu dilə gətirilir.

“Nabat” nadir filmlərdəndir ki, sənət mövqeyindən, məxsus olduğu düşüncədən asılı olmayaraq bütün kinosevərlərin yüksək qiymətini aldı.

Tanınmış ssenarist, rejissor Ramiz Fətəliyev film haqqında deyir: “Bu, bir daha böyük sübutudur ki, müharibədən çəkəndə, millətin ağrısını göstərəndə böyük maliyyəyə, ağır səhnələrə ehtiyac yoxdur. Biz filmdə cəmi bir qadının simasında bütün müharibənin faciəsini görürük. Bu filmi ürəkdən çəkilib, xalq üçün çəkilib. Bu, böyük bir vətəndaş qələbəsidir. Və peşə qələbəsidir”.

Kinoşünas Aygün Aslanlının fikirləri də maraqlıdır: “Elçin Musaoğlunun "Nabat" filmi son illərdə Azərbaycanda dövlət sifarişi ilə istehsal olunan ən maraqlı filmdir. Düşündürən, variasiyalara imkan yaradan. Ümid eləyirəm ki, yaxşı filmlərin davamı gələcək.”

Kinodramaturq Eldəniz Quliyev isə qeyd edir ki, “Nabat” Azərbaycan kinosu üçün tarixi əhəmiyyət daşıyan filmdir. Çünki burda artıq kinonun bir bədii incəsənət vasitəsi olduğunu gördük. Kino dili vasitələri ilə bir müəllifin yaratdığı dünyanı qəbul eləməyə məcbur olduq.

Beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” filmi bu günədək 30-a yaxın xarici festivalda, o cümlədən Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü beynəlxalq kinofestivalda, Tripoli festivalında, Almatı şəhərində keçirilən XI Avrasiya, Banqladeşin paytaxtında keçirilən 14-cü Dəkkə, Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film festivallarında iştirak edib, on iki mükafata layiq görülüb.

Mükafatlar içərisində "Qızıl pəri", İranda keçirilən 33-cü Fəcr beynəlxalq kinofestivalının “Şərq panoramı” müsabiqəsində “Ən yaxşı rejissor” mükafatı da vardır.

“Nabat”ın ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Venesiya festivalında iştirak etmiş "Nabat" filminin aktrisası Fatemeh Motamed-Arya və rejissoru Elçin Musaoğlu
Venesiya festivalında iştirak etmiş "Nabat" filminin aktrisası Fatemeh Motamed-Arya və rejissoru Elçin Musaoğlu

Şübhəsiz ki, bütün bunlar həm də Nabat rolunu canlandıran iranlı aktrisa Fatemeh Motamed-Aryanın uğurudur. Onun ifası kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

Filmin iranlı operatoru Əbdülrəhim Bəşəratın işi də təqdirəlayiqdir.

Filmin ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anın mərasiminə dəvət olunması “Nabat” filminin növbəti böyük uğurudur. Xatırladaq ki, builki anım tədbiri Xirosima Memorial Sülh Parkında keçiriləcək.

Film ingilis və yapon altyazıları ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcəklər.

kulis.az

XS
SM
MD
LG