Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:48

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib.

MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.

ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mirşahin Ağayev isə APA-ya açıqlamasında deyib ki, ANS Güləndən müsahibə almayıb və anonslar hazırlamayıb.

Nə baş verir?

Media məsələləri üzrə ekspert, jurnalist Qulu Məhərrəmli hesab edir ki, ANS-in qapadılması jurnalistika prinsiplərinə ziddir:

“Televiziya hansısa informasiya verəndə onun yayımı dayandırılır. Əsas gətirilir ki, hansısa hadisəni, Türkiyədə baş verən prosesləri yanlış işıqlandırıb. Hesab edirəm ki, hüquq pozuntusu var. Əvvəl bununla bağlı MTRŞ tərəfindən xəbərdarlıq ola bilərdi, Rabitə Nazirliyinin yayımı dayandırmağa heç bir halda hüququ yoxdur. Məhkəmənin qərarı olmadan, MTRŞ-nın qərarı olmadan onun yayımı dayandırıla bilməz.

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Biz əvvəl yayımı dayandırırıq, sonra ona qanuni don geyindirməyə çalışırıq. Əlbəttə bu birbaşa məzmuna müdaxilədir. Televiziya bu vəziyyəti necə işıqlandırır? Əslində heç birmənalı da yanaşmır. Yəni rəsmi mövqeni verir, əhalinin mövqeyini də verir, ittiham olunan tərəfin də mövqeyini verir. Burda məsələni bu şəkildə qoymaq ki, yəni siz kiminsə mövqeyini verin, kiminsə mövqeyini verməyin, bu birbaşa jurnalistikanın prinsiplərinə ziddir. Mən bunu müvəqqəti bir keçici hal hesab edirəm. Elə bilirəm ki, çox ciddi anlaşılmazlıqdır. Türkiyə tərəfinin də bu məsələdə müəyyən qədər xahişi var, görünür bizim hakimiyyət buna bir az həssas yanaşıb. Hesab edirəm ki, çox ciddi anlaşılmazlıqdır və bu tez bir vaxtda aradan qaldırılacaq”.

"QANUNA ZİDDİR"

Ekspert, hüquqşünas Xalid Ağəliyev də bu addımnı qanuna zidd, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə üzərinə götürdüyü öhdəliklərin pozulması kimi dəyərləndirir:

“ANS telekompaniyasının qapadılması Azərbaycanda media qanunvericiliyinə son illər edilmiş dəyişikliklərin mürtəce olmasının ifadəsidir. Birbaşa olaraq nizamlayıcı qurumun qərarı ilə bir telekompaniyanın fəaliyyətinin dayandırılması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında üzərində götürdüyü öhdəliklərə ziddir. Hər bir media qurumunun fəaliyyətinin dayandırılmasının kifayət qədər əsaslandırılmış əsasları olmalıdır. Amma ANS məsələsində biz bunu görə bilmirik.

Xalid Ağəliyev

Xalid Ağəliyev

Konkret ANS-in qapadılması üçün göstərilən əsaslara gəldikdə bu telekanalın sırf proqram siyasəti ilə bağlı olan məsələdir. Bu hansısa terrorçuluğu və yaxud qanunla qadağan olunmuş hər hansı fəaliyyəti dəstəkləyən efir siyasəti yerinə yetirməyib ki, onun qapadılması məsələsi mübahisələndirilsin. Ümumiyyətlə bunu qanunsuz hesab edirəm. Hesab edirəm ki, bu Azərbaycanın ifadə azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə ziddir.”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, əgər Fətullah Gülən haqda informasiya vermək terrorizmə dəstəkdirsə, onda hökumət ilk növbədə həmin şəxsi rəsmən terrorçu kimi tanımalı və bu barədə rəsmi məlumat verilməli idi.:

"ONDA NİYƏ SƏSİNİ ÇIXARTMIRDI?"

“ANS-in bağlanması məsələsi Türkiyədən qaynaqlanan və çevriliş ətrafında davam edən siyasi məsələlərin təzahürüdür.ANS-in qanunları pozması haqda deyilənləri mən bölüşmürəm. Əgər hətta onun terroru dəstəkləmək fikri olsaydı bunu morqlara və ya həbsxanalara göndəriləndən sonra etməzdilər. Burda heç adi məntiq də yoxdur. Bu intihara bərabərdir. Sən terror yatırılandan 3 gün sonra get darbeçiləri dəstəklə. Xeyr.

Arif Əliyev

Arif Əliyev

ANS sadəcə olaraq Azərbaycanda o cümlədən Türkiyədə yaddan çıxmağa başlamış jurnalist prinsipini həyata keçirməyə çalışıb. Hadisələri hərtərəfli və sonadək işıqlandırmağa çalışıb və buna görə də Türkiyədə siyasətçilərin narazılığını yaradıb. Məsələnin ikinci tərəfi, əgər Fətullah Gülənlə müsahibəyə, onun haqqında informasiyaya görə terrorizmə dəstək kimi nəticə çıxarılırsa, iş qaldırılırsa, o zaman Azərbaycan hökuməti Gülənin terrorçu olduğunu rəsmən tanımalı idi. Və onun dəsətəsi rəsmən terror təşkilatlarının sırasına salınmalı idi ki, ay azərbaycanlı jurnalistlər bunlarla bu cür davranmaq olmaz. Belə heç bir hüquqi əsas yoxdur. Və üçüncü məqam ondan ibarətdir ki, əgər Ərdoğan özünü bu qədər haqlı hesab edirsə, belə məsələlərə görə müraciət etməyi və Azərbaycan KİV-lərini qapatmağı doğru hesab edirsə, o zaman xatırlasınlar ki, eyni informasiyanı, Gülənlə müsahibəni bir neçə xarici KİV-lər yayanda niyə səsini çıxarmırdı?

Və yaxud niyə həmin dövlətlərdən tələb etmirdilər ki, həmin medianın yayımı dayandırılmalıdır? Niyə məhz belə haqsızlıqlar , medianın fəaliyyətinə ifrat siyasi yanaşma yalnız Azərbaycanda mümkündür? Biz bu mühiti dəyişmək üçün əlimizdən gələni etməliyik.”

Şərhləri göstər

XS
SM
MD
LG