Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

'Rusiyanı olimpiadaya buraxmayın'


Rusiya atletləri 2012 London Olimpiya Oyunlarında

Rusiya atletləri 2012 London Olimpiya Oyunlarında

OXFAM: Varlı dövlətlər elə də qonaqpərvər deyil; Çin olmayan Avropa arzusu; Türkiyə qiyamının strateji təsirləri – 19 iyul Qərb mediasının icmalı.

«Rusiyanı olimpiadaya buraxmayın». Belə bir çağırışla «The Washington Post» qəzeti baş məqaləsində çıxış edib. Məqalədə vurğulanır ki, 2014-üc il Soçi olimpiadasında rusiyalı atletlərdən heç birində dopinq tapılmayıb və onlar bütün iştirakçılardan çox - 33 medal qazanıblar. «Sən demə, reallıq başqaymış. Gizli bir sistem rusiyalıların dopinqdən istifadəsini ört-basdır edib. Üstəlik, bu mexanizmi Rusiya 2011 və 2015-ci illər yarışmalarında da sürdürüb. Bu barədə Ümumdünya Antidopinq Agentliyinin açıqladığı hesabatda deyilir… Bu sistematik aldatmaya görə Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2016-cı il Rio Olimpiya Oyunlarına buraxmamalıdır», - məqalədə oxuyuruq.

Hesabatda Soçi olimpiadasında atletlərin sidik analizlərinin Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının nəzarəti altında dəyişdirilməsindən söz açılır.

«Rusiyanı Olimpiyaya buraxmamaq təklifi sərt səslənə bilər, amma Rusiya hökumətinin illər boyu dopinqlə bağlı hamını aldatması da elə beləcə səslənir. 2014-cü ilin sonunda 8 min sidik analizi məhv edilib ki, qadağan olunmuş maddələr aşkarlanmasın. Soçini Rusiyanın dirçəlişi kimi təqdim edən prezident Vladimir Putin, əslində, qaydaları pozan bir aparatın rəhbəridir. Vaxtilə KGB zabiti, daha sonra FSB direktoru olmuş cənab Putin qaydalara söykənən beynəlxalq düzənə az sayqı göstərir… Dünya da ona sərt cavab verməlidir: Bu qəbuledilməzdir».

Yunanıstanda qaçqınlar

Yunanıstanda qaçqınlar

OXFAM- VARLILAR ELƏ DƏ QONAQPƏRVƏR DEYİL

Qlobal iqtisadiyyatın yarıdan çoxuna bərabər olan, dünyanın 6 ən varlı ölkəsi dünya qaçqınlarının cəmin 9%-ni qəbul edib. Daha kasıb ölkələr və ərazilər isə bundan artıq yük götürüb. Bu barədə OXFAM humanitar təşkilatı iyulun 18-də təhlil yayıb.

İordaniya, Türkiyə, Pakistan, Livan və Cənubi Afrika Respublikası, eləcə də işğal altında olan Fələstin ərazisi dünya qaçqınları və miqrantlarının 50%-dən çoxunu yerləşdirib. Halbuki onlar birlikdə dünya iqtisadiyyatının 2%-dən də azını təşkil edir.

ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa və Böyük Britaniya ötən il 2.1 milyon qaçqın və miqrantı qəbul edib. Bu, ümumi sayın 8.88%-i deməkdir. Almaniya digər varlı ölkələrdən daha çox qaçqını sığındırsa da, yenə də daha kasıb ölkələrlə böyük uçurum qalmaqdadır.

Sentyabrda Nyu-Yorkda qaçqın və miqrantlarla bağlı iki böyük sammit keçiriləcək. OXFAM hökumətləri çağırır ki, nəinki daha artıq adama təhlükəsiz sığınacaq versinlər, həmçinin qaçqınların əksəriyyətinə qucaq açmış ölkələrə yardım göstərsinlər.

OXFAM-ın baş icraçı direktoru Mark Goldring «The Guardian» qəzetinə deyib ki, nisbətən yoxsul ölkələrin və xalqların daha çox məsuliyyət götürməsi zəmanəmizin ən böyük problemidir: «Bu kompleks böhrana koordinasiyalı və qlobal cavab verilməlidir… İndi Böyük Britaniya həmişəkindən daha açıq və tolerant cəmiyyət olduğunu göstərməlidir. Utancverici hal odur ki, ən varlı iqtisadiyyatlardan olan Böyük Britaniya qaçqınların cəmi 1%-nə sığınacaq verib».

Kiyevdə AB-yə inteqrasiya tərəfdarlarının mitinqi - 2013

Kiyevdə AB-yə inteqrasiya tərəfdarlarının mitinqi - 2013

ÇİN ÇIXMAYAN AVROPA ARZUSU

«Böyük Britaniyanın Avropa Birliyindən çıxmağa (Brexit) səs verməsini dünyada çoxları çətinliklə qəbul edir. Amma Moldova, Gürcüstan və Ukrayna vətəndaşlarından ötrü bu, lap çaşdırıcıdır. Bu ölkələr illərdir AB-yə üzvlüyə can atırlar, amma heç birinə rəsmi təklif gəlməyib. «Brexit» AB-nin sonu demək deyil, amma bir müddət qurumun diqqəti daxili problemlərə yönələcək. Bu səbəbdən Moldova, Ukrayna və Gürcüstan AB-nin şərqə doğru genişlənmə marağının azalacağından, Rusiyanın regionda təsirinin güclənəcəyindən narahatdır». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Təhlildə «Brexit»in bu 3 ölkəyə, doğrudan da, yüksək risk yaratdığı vurğulanır. Məsələn, AB üzvlüyünü əldə etməyin ən ciddi məqamı sayılan vizasız səyahət məsələsi də ertələnir. Ukraynayla bağlı məsələ lap qəlizdir Belə ki, hələ «Brexit»dən öncə AB Rusiyaya sanksiyaların yüngülləşdirilməsinin mümkünlüyünə eyham vurub. Həmin sanksiyalar Rusiyaya Ukraynanın Krım vilayətini ilhaq etdiyinə görə qoyulub. AB üzvləri sanksiyalarla bağlı getdikcə fərqli mövqe tutmağa başlayırlar.

Gürcüstanda oktyabrda parlament seçkiləridir və hökumət narahatdır ki, «Brexit» əhalinin avropapərəst mövqeyində dəyişiklik yaradar. Üstəlik, rusiyayönümlü partiyalar burada güclənməkdədir.

Moldovada da oxşar durumdur. Baş nazir Pavel Filip deyib ki, ölkəsi AB inteqrasiyasına doğru yolunu davam etdirəcək. Amma müxalifət liderləri «Brexit»ə söykənərək deyirlər ki, Avropa Birliyi parçalanır və Moldova üzvlük cəhdlərini dayandırmalıdır.

«Stratfor» yazır ki, AB daxilində ziddiyyətlər bu 3 ölkənin daha bir qorxusunu gücləndirib. Özəlliklə də Ukrayna narahatdır ki, Qərb daha Rusiyanın bu ərazilərdə hərbi iştirakına reaksiya verməyəcək. Öncə Rusiya AB ilə münasibətlərini saxlamaqdan ötrü aqressiyasını səngidirdi. Amma indi Qərbdən yetərincə diplomatik təzyiq olmazsa, Rusiya da hərbi fəaliyyətini cilovlamaya bilər.

R.T.Erdoğan və B.Obama

R.T.Erdoğan və B.Obama

TÜRKİYƏ QİYAMININ STRATEJİ TƏSİRLƏRİ

«Project Syndicate» saytında türkiyəli təhlilçi Sinan Ülgen Türkiyədə ötən həftə yatırdılmış çevriliş cəhdinin təsirlərindən söz açır. O, həmin qiyamın həm Türkiyənin xarici əlaqələrinə, həm də regiondakı roluna ciddi təsiri olacağını vurğulayır.

Əvvəla, Türkiyə-ABŞ münasibətlərində yeni və çətin dövr başlanır. Türkiyə hakimiyyəti ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in ekstradisiyasını istəyir, onun çevrilişdə əli olduğunu deyir.

«Bu mühüm məsələdə anlaşılmazlıq bir çox səviyyədə əməkdaşlığın perspektivlərini zəiflədər. «İslam Dövlət» (İŞİD) silahlı qruplaşmasına qarşı birgə mübarizəyə, şəksiz, təhlükə yaranacaq. ABŞ məhz Türkiyənin İncirlik bazasından İŞİD-ə hava zərbələri endirir. Üstəlik, NATO-nun Rusiyaya qarşı siyasəti də zəifləmiş olar. Alyans Varşava sammitində qarşıdurma siyasətinin çərçivəsini cızsa da, Türkiyə bundan kənara çıxmağa çalışır».

«Alınmayan çevriliş cəhdi Türkiyənin Avropayla münasibətini də təsirləndirəcək. Martda AB ilə Türkiyə qaçqın razılaşması əldə etdilər. Əvəzində AB Türkiyə vətəndaşlarının Şengen zonasına gediş-gəlişini asanlaşdırmalıdır. Amma Türkiyə bir neçə şərtə əməl etmədiyindən bu məsələ oktyabradək ertələnib. AB Türkiyədən antiterror qanunvericiliyini dəyişməsini, Avropa İnsan Haqları Məhkəməsinin normalarına daha çox uyğunlaşmasını tələb edir. Məqsəd bu qanunvericiliyin məhz terror hallarında tətbiqi, ifadə azadlığına qarşı istifadəsinin məhdudlaşdırılmasıdır. Amma çevriliş cəhdindən sonra hökumətin antiterror qanunvericiliyini dəyişməyə meyli azalmış olar», - təhlilçi yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG