Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

Yenidən cümhuriyyət və monarxiya müzakirələri


Prezident ailəsi
Prezident ailəsi

Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, ölkədə sənaye parklarının yaradılması, xaricdən kredit alınması və apteklərində dərman qıtlığı yaşanması bu gün medianın aparıcı mövzusudur.

CÜMHURİYƏTÇİLİKDƏN AİLƏ HAKİMİYYƏTÇİLİYİNƏ?

«Azadlıq» qəzeti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişiklikləri pisləyən mövqeyini dərc edib.

Ölkə başçısı İlham Əliyev «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlik institutunun yaradılması, ölkə başçısına Milli Məclisi buraxmaq, növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilməsi və yaş məhdudiyyətinin götürülməsi kimi məsələlər öz əksini tapıb.

AXCP sədri Əli Kərimli bütün bu dəyişiklikləri ailə hakimiyyətinin qanuniləşdirilməsi kimi qiymətləndirib: «İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək və yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini Konstitusiya gətirmək cəhdidir. Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini «qanuniləşdirmək» cəhdi xalqa qarşı təhqirdir».

Zavod
Zavod

SƏNAYE PARKLARI

«Azərbaycan» qəzetində dərc olunan «Qafqazın ilk və ən böyük Kimya-Sənaye parkı» sərlövhəli yazıda Sumqayıt kimya-sənaye parkının ölkə iqtisadiyyatında rolundan bəhs edilir.

Yazıda yada salınır ki, bu park 2011-ci ildə yaradılıb. Parkın ərazisində 35-40 sənaye müəssisəsinin yerləşdirilməsi, 10 minə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur.

Müəllif qeyd edir ki, parkın investisiya cəlbediciliyinin artırılması məqsədi ilə onun rezidentləri 7 il müddətinə mənfəət, torpaq, eyni zamanda, əraziyə gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunublar. Yazıda həmçinin bildirilir ki, «Azertexnolayn» MMC parkın ilk sərmayəçisidir. Onun nəzdində Polad Boru, Polietilen Məmurları və Texniki Avadanlıqlar zavodları fəaliyyət göstərir.

Müəllifin gəldiyi nəticəyə görə, orada istehsal ediləcək məsullar daxili tələbatı təmin etməklə yanaşı, həm də ölkə sənayesinin ixrac imkanlarını artıracaq.

Dərman
Dərman

SAXTA DƏRMANLAR

«Exo» qəzetində dərc edilən «Apteklərdə zəruri dərmanlar yoxdur» sərlövhəli məqalədə ölkənin dərman tələbatının ödənilməsi vəziyyəti araşdırılıb.

Qəzetə danışan ekspertlər dərmanların qiymətlərinin tənzimlənməsi tədbirlərinin müsbət nəticə vermədiyini söyləyiblər: «Bazara dərmanların ucuz analoqları gətirilir ki, əhalinin buna etimadı yoxdur. Məsələn xəstələrə arterial təzyiqi normallaşdırmaq üçün eqilok retard dərmanı yazılır. Bu dərmanın apteklərdə analoqları var. Amma tərkib eyni deyil deyə, alıcıların etimadına səbəb olmur»,- deyə ekspertlərdən biri qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qəzetə vətəndaşlardan aldıqları şikayətlərdən bəhs edib: «Daxil olan şikayətlərdə istehlakçılar ölkə apteklərində lazımı dərmanları tapa bilmədiklərini deyir. İnternet vasitəsilə dərman alınması artır. Şəbəkələrdəki dərmanların 80 faizinin saxta olması isə sübut edilmiş faktdır. Məsələn, dərman var ki, qanda şəkəri aşağı salmalıdır, amma əslində heç bir təsirə malik deyil».

Ekspertlərdən Nəriman Ağayev də deyib ki, apteklərində bir çox hallarda lazım olan dərmanları tapmaq olmur. Yazıda qeyd edilir ki, qiymətlərinin tənzimlənməsindən sonra əczaçılar sərfəli olmayan bir sıra dərmanları almaqdan imtina edirlər. Nəriman Ağayev isə məsələdən iki çıxış yolu göstərir: «Ya bu dərmanlar xaricdən gətirilməlidir, ya da hökumət yerli istehsalı inkişaf etdirməlidir».

Dollar
Dollar

BORCU BORCLA QAYTARMAQ

«Novoye Vremya» qəzetində isə «Hökumət yenidən xarici kreditlərdən danışır» başlıqlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, rəsmi Bakı hələ bir neçə ay öncə xarici kreditə ehtiyacı olmadığını bəyan etmişdi. İndi isə bazar dərəcələrindən aşağı faizlə kredit götürmək məqsədindən bəhs edilir. Müəllifin fikrincə, Azərbaycan bununla «Cənub Qaz Dəhlizi» layihəsində öz payını maliyyələşdirməyə çalışır: «Görünür, ölkənin maliyyə durumu o qədər acınacaqlıdır ki, hökumət kredit borclarını ancaq yeni kreditlər götürmək hesabına qaytara bilər. Hökumətin islahatlar və dəyişikliklər barədə danışmasına baxmayaraq, büdcə məmurlar tərəfindən talanmaqda davam edir. Bu zaman qiymətlərin və verginin qaldırılması hər birimizi daha da yoxsullaşdırır».

Məqalədə qeyd edilir ki, vergi dərəcələrinin yenidən qaldırılması haqda söhbətlər gedir və bu, heç də gələcəklə bağlı yaxşı heç nə vəd etmir: «Paradoks bir vəziyyət yaranıb. Neft bumu illərində hökumət etibarlı dayağa malik iqtisadiyyat qurmaqdan başqa nəyin haqqında desən düşünüb. İqtisadiyyat inhisarçıların və o cümlədən yüksəkvəzifəli məmurların caynaqlarına verilib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG