Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

-

Yerevanda radikal müxalifətçilər bir qrup polis nəfərini post-patrul alayının ərazisində girov saxlamaqda davam edir.

Ötən gün Erebuni rayonunda polis məntəqəsinə hücum zamanı polis polkovniki Artur Vanoyan həyatını itirib, daha dörd polis işçisi isə yaralanıb. Hücum edənlərin arasında da bir nəfər yaralanan var.

KİV-in verdiyi məlumata görə, ötən gecə girovlardan biri azad edilib. Beləliklə hazırdı silahlı qrup beş polis işçisini girov saxlamaqdadır. Onların arasında Ermənistan polisinin rəis müavini Vardan Yegizaryan və Yerevan polisinin rəis müavini Valeriy Osipyan da var.

Ermənistan polisinin rəis müavini Unan Pogosian mətbuata bildirib ki, binanı tutmuş radikal qrup üzvləri ilə danışıq aparılır. O həmçinin qrup üvlərinin ötən ay həbs edilmiş "Təsis parlamenti" hərəkatının lideri Jirayr Sefilyanın azad edilməsi ilə bağlı tələblərinin yerinə yetirilməsini istisna edib.

Silahlı qrupun üzvlərindən biri Pavel Manukyan müsahibə verərək deyib ki, Jirayr Sefilyanın heç bir şeydən xəbəri olmayıb. "O işin içində deyildi, ona görə də dedi ki, "özünüz həll edin," o əlavə edib.

Fəallarının arasında Qarabağ müharibəsi veteranlarının da olduğu "Təsis parlamenti" hərəkatı prezident Serj Sarkisyanın istefaya getməsi tələbi ilə etiraz aksiyaları keçirməklə tanınır. Təşkilar ölkə hökumətinin Qarabağ siyasətini kəskin tənqid edir.

Ermənistanın əsas siyasi qüvvələrinin, o cümlədən bir sıra müxalifət partiyalarının nümayəndələri İrəvandakı polis idarəsinə hücumu pisləyiblər. Onlar bildiriblər ki, siyasi məsələlər qeyri-zorakı və konstitusion metodlarla həll olunmalıdır.

Ermənistan Apostol Kilsəsi də vəziyyətlə əlaqədar hücumu həyata keçirənləri yeni insan tələfatlarına yol verməmək üçün şüurlu olmağa çağırıb.

"Belə silahlı, radikal hərəkətlərə haqq qazandırmaq olmaz. Bu gün xalqımızın birliyi, ümummilli həmrəyluk və bütövlük həyati əhəmiyyətlidir və Vətənimizin sərhədlərinin pozulmazlığının,

dövlətçiliyin etibarlı müdafiəsinin təminatı üçün vacibdir," Müqəddəs Eçmiədzinin müraciətində deyilir.

Milli təhlükəsizlik xidməti ötən axşam bildirib ki, əraidə olan xüsusi təyinatlı hissələr döyüş hazırlığı vəziyyətindədir, ancaq hələ ki, hücum, yaxud digər aktiv fəaliyyətlər barədə əmr alınmayıb.

Hazırda ərazidə polis və ordu hissələri var. Tutulmuş polis binasının qonşuluğundakı evlərin damlarına snayperlər yerləşdirilib, əhalinin bir hissəsi evakuasiya edilib.

Ermənistanın ombudsmanının ofisindən bildirilib ki, hüquq mühafizə orqanları radikal qrupla əlaqələrdə şübhəli bilinərək saxlanmış 50 nəfərə qədər şəxsi azad edib.

Bundan əvvəl polisdən bildirilmişdi ki, 200-ə qədər adam polis idarəsinə gətirilib. Onların polis binasını tutmuş silahlı şəxslərlə əlaqələrinin olub-olmadığı yoxlanılacaq.

XS
SM
MD
LG