Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

İqtisadçılar son 12 ili itirilmiş sayırlar


İlham Əliyev mebel fabrikinin açılışında.

İlham Əliyev mebel fabrikinin açılışında.

Ölkə mediasında əsasən elektrik enerjisi tariflərinin qaldırılmasının iqtisadiyyata təsirindən bəhs edilir. Əksər məqalələrdə digər sahələrdə də bahalaşmanın davam edəcəyi ehtimalı səslənir. Rəsmi qəzetlərdə isə daha çox ölkə rəhbərliyinin iqtisadi siyasəti təbliğ edilir...

REGİONLAR İQTİSADİ GÜC AMİLİNƏ ÇEVRİLİR

«Azərbaycan» qəzetində «Regionlar iqtisadi güc amilinə çevrilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif Nazirlər Kabinetinin bu ilin birinci yarımilinin iqtisadi nəticələrinə dair bu günlərdə keçirilən iclasında dövlət başçısı İlham Əliyevin regionların inkişafı ilə bağlı çıxışına geniş yer verib. Yazıda prezidentdən belə bir sitat gətirilib:

«Azərbaycan böhran şəraitində inkişaf edir və hər bir sahədə konkret proqramlar var. 2016-cı ilin birinci yarısındakı nəticələr göstərir ki, bu il də uğurla başa vurulacaq».

Daha sonra müəllif regionlarda fəaliyyət göstərən iş adamlarına verilən kreditlərdən söz açır. Məqalədə vurğulanır ki, bu kreditlər regionların inkişafına öz töhfəsini verir.

Müəllifin fikrincə, Azərbaycanda aqrar sahə ilə yanaşı, sənayeni inkişaf etdirməkdən ötrü də böyük potensial var.

Məqalənin əksər hissəsi prezident İ.Əliyevin regionlara son 6 aydakı səfərlərinə həsr edilib. Müəllif dövlət başçısının regionlara səfərlərini ümumilikdə belə dəyərləndirir: «Son 6 ayda dövlət başçısının bölgələrə səfərləri bir daha sübut edir ki, Azərbaycan prezidenti regionların sosial-iqtisadi inkişafına çox ciddi diqqət yetirir».

Müəllifin gəldiyi nəticəyə görə, regionlarda infrastrukturun yaxşılaşdırılması Azərbaycanın nəinki regionda, hətta dünyada cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb.

Nemət Əliyev

Nemət Əliyev

QİYMƏTLƏR YENİDƏN QALDIRILA BİLƏR

Büdcəyə yığılan pul mayda yanvara nəzərən 83 faiz azalıb. Bunu «Azadlıq» qəzetinə iqtisadçı - ekspert Nemət Əliyev büdcənin durumunu dəyərləndirərkən deyib.

Ekspert büdcənin gələcək taleyi ilə bağlı bədbin proqnozlar verib. N.Əliyev deyib ki, kütləvi istehlak mallarının qiymətləri hər an qaldırıla bilər. Çünki dövlət büdcəsinin gəlirləri kəskin şəkildə azalıb.

İqtisadçı vurğulayıb ki, may ayında Əlavə Dəyər Vergisi (ƏDV) üzrə büdcəyə daxilolmalar yanvar ayının faktiki göstəricisi ilə müqayisədə 33.4 faiz azalıb.

N.Əliyev həmçinin bildirib ki, mənfəət vergisi üzrə büdcəyə daxilolmalar yanvar ayı ilə müqayisədə 3 dəfə azalıb. O yada salıb ki, aprel ayında mənfəət vergisi üzrə büdcəyə daxilolmalar 2 dəfədən çox artmışdı.

«Görünür, sahibkarlar Vergilər Nazirliyinin bu yükünü çəkə bilməyib. Odur ki, may ayında bu vergi üzrə büdcəyə ödəmələr sürətlə azalıb. Hətta yanvar səviyyəsindən də 29 faiz aşağı düşüb», - ekspert qeyd edib.

İqtisadçı deyib ki, «digər daxilolmalar» kateqoriyası büdcədə ən böyük paya malikdir. Bu kateqoriya üzrə büdcəyə yığılan pul mayda yanvara nəzərən 83 faiz azalıb. Dövlət büdcəsinin ümumi gəlirləri mayda 45 faizdən çox azalıb, iyun ayında durum daha da pisləşib.

Vahid Əhmədov

Vahid Əhmədov

HÖKUMƏT BÜDCƏNİ DOLDURMAĞI DÜŞÜNÜR

«Yeni Müsavat» qəzeti də büdcənin vəziyyəti ilə bağlı müzakirələrə geniş yer ayırıb. Qəzet bu mövzuda deputat Vahid Əhmədovla müsahibə dərc edib.

Müsahibədə son günlər Türkiyədə baş verən olaylardan da bəhs edilir. Amma əsas diqqət elə elektrik enerjisi tariflərinin qaldırılması fonunda ölkədəki iqtisadi durumun analizinə yönəlib.

Deputat elektrik tarifinin qaldırılmasını belə dəyərləndirib: «Neftin qiymətinin kəskin aşağı düşməsi, manatın iki dəfə devalvasiyaya uğraması və digər problemlər hökuməti bu addımı atmağa məcbur etdi».

O, müsahibəsində son 12 ildə iqtisadiyyatın inkişafı istiqamətində gərəkli addımların atılmadığını ifadə edib: «2004-cü ildə «Gülüstan» sarayında regionların iqtisadi inkişafı ilə bağlı konfransda cənab prezident hökumətin qarşısında iki məsələnin həllini qoymuşdu: ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafı. Artıq 12 il keçib. Ötən 12 il ərzində çox şey etmək olardı. Qeyri-neft sektorunu elə bir səviyyəyə gətirib çatdırmaq olardı ki, biz heç elektrik enerjisindəki qiymət artımına fikir verməzdik».

Deputat vurğulayıb ki, hökumət bütün diqqətini büdcəyə pul toplamağa yönəldib: «Hökumətdəkilər çıxış yolu axtarırlar ki, hansı addımı atsalar, büdcəyə əlavə vəsait gələr. Mən indiki şəraitdə başqa çıxış yolu görmürəm. Çünki vaxtında bu işlər görülsəydi, tədbirlər həyata keçirilsəydi, indiki şərait yaranmazdı. Mən demişəm, bu dəqiqə bütün dünyada alternativ enerjidən istifadə edilir. Sumqayıtda günəş batareyaları istehsal edən böyük bir zavod tikilib. Azərbaycanda çox sayda hündürmərtəbəli binalar tikirlər. Niyə o binalarda həmin günəş batareyalarından istifadə etmirlər? Həmin batareyalar xaricə satılır, amma Azərbaycanda çox az səviyyədə istifadə olunur. Hökumət külək, günəş, su enerjisi ilə bağlı məsələlərə baxmalıdır».

Deputat müsahibəsində ölkə başçısının ötən həftə gündəmə gətirdiyi bir sıra məsələlərə də toxunub: «Məmurlar külli miqdarda torpağa sahib oldular. 200, 300, 500 hektar torpağa sahib olan insanlar var. Məndə məlumatlar var ki, Qubada 200-300 hektar torpaq alan şəxslər var. Ancaq o torpaqlar istifadə olunmur. Özü də zəbt olunan təkcə əkinə yararlı ərazilər deyil. Yaylaqlar var ki, illərdir zəbt olunub».

Günün bütün mövzuları

XS
SM
MD
LG