Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:11

'Türkiyə böyük bir fəlakətin bir addımlığından döndü'


İstanbulda xalq tankların qabağına çıxdı.
İstanbulda xalq tankların qabağına çıxdı.

İyulun 16-da yerli mətbuat qonşu Türkiyədə baş verənlərə xüsusi diqqət ayırıb. Eləcə də ölkədə biznes mühitinin vəziyyətini, korrupsiyaya qarşı mübarizənin yetərli olmamasını, işləyənlərin rəsmi statistikası haqda təzadları araşdırır.

QORXUNC GECƏ

«Türkiyə böyük bir fəlakətin bir addımlığından döndü». «Yeni Müsavat» qəzetinin məqaləsi belə adlanır.

Müəllif Türkiyənin «qorxunc gecə» yaşadığını, ancaq xalqın qalib gəldiyini yazır. Daha sonra «hərbi xunta»nın qalib gələcəyi halda Türkiyənin düşəcəyi durumu təxmin etməyə çalışır: «Arxasında kimlərin durduğu müəmmalı olan bir qrup hərbçinin diktaturası, çökdürülmüş sivil siyasi-hüquqi sistemin əvəzinə bərqərar olacaq xaosun hökmranlığı, iflasa uğradılmış iqtisadiyyat, sosial-humanitar böhran, aclıq-səfalət, daxili münaqişələr, terror, Türkiyənin Suriya variantına sürüklənməsi, daha nələr-nələr... və nəhayət, dövlətin parçalanaraq, yox olma təhlükəsi...»

Müəllif sonda yazır: «Bəli, bu gecə bütün bunların və hətta daha artığının belə baş vermə təhlükəsi tamamilə real idi. Amma baş vermədi. Daha doğrusu, baş verməsinə imkan verilmədi. Beləliklə də, Türkiyə böyük fəlakətin bir addımlığından döndü».

H.Əliyev və İ.Əliyev
H.Əliyev və İ.Əliyev

İNKİŞAFIN AZƏRBAYCAN MODELİ

«Azərbaycan» qəzetində baş redaktor, deputat Bəxtiyar Sadıqov «Azərbaycan inamla inkişaf edir» adlı məqalə ilə çıxış edib.

Müəllif inkişafdan danışarkən, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə toxunur. Onun qənaətincə, aprel ayında cəbhədəki döyüşlərdə Azərbaycanın üstünlük qazanması Qarabağ münaqişəsinin həllini sürətləndirib.

Bəxtiyar Sadıqov ikinci inkişaf ünvanı kimi ölkə iqtisadiyyatını göstərir: «Müxtəlif sahələrdə qazanılan uğurların ümumi inkişafa xidmətini təmin edən amil isə artıq dünyada tanınaraq maraqla öyrənilən İnkişafın Azərbaycan Modeli oldu. Bu modeli formalaşdıran başlıca xüsusiyyət isə Prezidentin sözləri ilə desək, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasıdır».

Deputat idxaldan asılılığın aradan qaldırılması yönündə atılan addımlarısa inkişafın üçüncü ünvanı kimi göstərir.

Müəllifbu qazanılan inkişafın arxasında aşağıdakı «uğur düsturu» durduğunu qeyd edir: «Xalqla iqtidarın birliyi, düşünülmüş siyasət və aparılan islahatlar qarşıda duran vəzifələrin uğurla həyata keçiriləcəyinə zərrə qədər də şübhə doğurmur».

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

BU QƏDƏR FƏRQ?

«Azadlıq» qəzetində Şahvələd Çobanoğlu ölkədə işləyənlərin sayı ilə bağlı Statistika Komitəsinin açıqladığı rəqəmlərlə rəsmi şəxslərin söylədikləri arasındakı fərqi araşdırır.

Müəllifyazır ki, Statistika Komitəsinin iş yerləri ilə bağlı təqdim etdiyi rəqəmlər dövlət başçısı İlham Əliyevin dediklərindən 3 dəfə azdır. O qarşı tərəfin bu rəqəmi muzdla işləyənlərin sayına əsasən bildirdiyini deyir, amma qeyd edir ki, muzdla işləyənlərin sayı nəinki artmayıb, əksinə azalıb.

Statistika Komitəsi 2015-ci ildə işləyənlərin sayının 1 milyon 504 min nəfər, 2016-cı ilin cari dövründə isə 1 milyon 501 min nəfərdən çox olduğunu bildirir. Bu fərqə istinad edərək müəllif yazır ki, iş yerlərində 2 min 300 azalma baş verib.

Daha sonra işləyən əhalinin ümumi sayı araşdırılır. Komitə 2016-cı il iyulun 1-nə iqtisadi fəal əhalinin sayının 4 milyon 707.9 min nəfər, bu il yanvarın 1-nə isə bu rəqəmin 4 milyon 671.6 min nəfər olduğunu bildirir. «Gəlin artımı tapaq: 4707900-4671600=36300. Komitənin rəqəmlərinin özünə də inam və etibar üçün əlimizdə heç bir əsas yoxdur, amma yenə də İlham Əliyevin müşavirədə dediyi rəqəmlə üst-üstə düşmür. Nə 90 min, nə 78 min daimi, nə də 26 min bağlandıqdan sonra yerdə qalan 50-52 minlə. Rəsmi rəqəm 36300-dür!».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

NƏ QƏDƏR Kİ SİYASİ İRADƏ NÜMAYİŞ ETDİRİLMƏYƏCƏK...

«Exo» qəzeti isə «Azərbaycanda biznes mühitini yaxşılaşdırmaq mümkündürmü?» sualına ekspert Oqtay Haqverdiyevlə birgə cavab axtarır.

İlham Əliyevin bu günlərdə imzaladığı, biznes mühitinin daha da yaxşılaşdırılması üçün əlavə tədbirlərlə bağlı sərəncama toxunan ekspert hesab edir ki, baş nazirin müavini Yaqub Eyyubovun sədri olduğu komissiya bu yöndə konkret addımlar atmalıdır.

Haqverdiyev bildirir ki, korrupsiya olan yerdə sahibkarlıq inkişaf edə bilmir və biznes mühitinin yaxşılaşdırılması üçün inhisar ləğv edilməlidir. Haqverdiyevə görə, bunların reallaşdırılması üçün ortaya siyasi iradə qoyulmalıdır: «Azərbaycan inhisarın ləğv olunması üçün kifayət qədər qanun və proqram qəbul edib. Bu məsələ uzun müddət dövlət səviyyəsində müzakirə edilib. Amma nəsə dəyişməyib... Nə qədər ki, hökumət hər inhisarçını cəzalandırmaqda maraqlı olmayacaq və konkret addım atmayacaq, heç zaman irəli gedə bilməyəcəyik».

Dollar
Dollar

MÜBARİZƏ GÖRÜNTÜSÜ

«Novoye Vremya» qəzeti ölkədə korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmamasını tənqid edir: «Prokurorluğun əlində yenə də kiçik korrupsionerlərdir».

Müəllif Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ancaq kiçik həcmli korrupsiya faktlarını ifşa etməsi ilə bağlı yazır: «Korrupsiya Azərbaycan gerçəkliyinin ayrılmaz hissəsinə dönüb. Hakimiyyət ona qarşı mübarizə görüntüsü yaratsa da, ancaq kiçik korrupsionerləri tutur, daha iri korrupsionerlər vərdiş etdikləri əməllərini davam etdirirlər».

Məqalədə daha sonra deyilir ki, cəmiyyət irihəcmli korrupsionerlərin ifşasını gözləyir, bu isə hakimiyyətin üst eşelonundakı korrupsiyanın ifşası deməkdir, bu, artıq sosial sifarişdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG