Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

-

Azərbaycanda daha bir qurum - Maliyyə Sabitliyi Şurası yaradılır.

Prezident İlham Əliyev iyulun 15-də bununla bağlı fərman imzalayıb. Bu haqda prezident.az saytı xəbər verir.

Şuranın yaratmaqda məqsəd makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması, iqtisadiyyatın mənfi təsirlərin qarşısının alınmasıdır.

Fərmana görə, şuraya baş nazir Artur Rasi-zadə rəhbərlik edəcək.

Şuraya həmçinin, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, maliyyə,iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru daxildir.

Fərmanda qeyd olunur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Onun ümumi daxili məhsulda xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib.

Yeni qurum biznes mühiti yaradacaq

Sənəddən aydın olur ki, yeni yaradılan qurum əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılması istiqamətində çalışmalıdır. Bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməlidir.

Son aylarda hökumət daha çox ayrı-ayrı strukturların birləşdirilməsi ilə ixtisarların edilməsi yönündə addımlar atırdı.

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilmişdi. Ondan əvvəl isə prezidentin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv olunmuşdu.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

İlin əvvəlində isə daha 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG