Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:50

Fransa terrorunun dərsləri


Nitsada terror
Nitsada terror

Avropalılar Birləşmiş Ştatlara bel bağlamasınlar; Gürcüstanın üz qarası; ABŞ güzəştə getdi və Türkiyə kürdləri dəstəklədi – 15 iyul Qərb mediasının icmalı.

Cümə günü dünya mediasının əsas mövzusu Fransada azı 84 nəfərin ölümüylə nəticələnmiş hücumdur. «The Wall Street Journal» qəzeti yazır ki, izdiham içinə sürən yük maşını xəbərini eşidən kimi ağla birinci islamçı terrorçuluq gəlir. Bu hücumdan bir neçə saat öncə Fransa prezidenti Francois Hollande elan edib ki, ölkədə ötən noyabrdan tətbiq olunan fövqəladə rejimi qaldıracaq. Hökumətə şübhəlilərin evində axtarış aparmaq səlahiyyəti vermiş bu rejimi azadlıq tərəfdarları kəskin tənqid edirdi. Çoxları da elə Hollade-ın Sosialist Partiyasının üzvləridir.

«İndi sual odur ki, fövqəladə rejim doğrudanmı yetərincə tətbiq olunub? Mülki hüquqlarla bağlı heç kəsin şübhəsi yoxdur, amma həmin hüquqlardan biri də atəşfəşanlığı bomba, terror hücumu qorxusu olmadan seyr etməkdir», - qəzet yazır.

Məqalədə həmçinin, Fransanın kəşfiyyat və təhlükəsizlik qüvvələrinin sayı və resursu barədə sual qaldırılır. Belə ki, Parisdə terror şübhəliləri siyahısında 10 min nəfərin adı var, ancaq onları cəmi-cümlətanı 5 mindən bir az artıq agent izləyir.

«Bu nisbət aradan qaldırılmalıdır. Daha bir məsələ isə «İslam Dövləti» (İŞİD) qruplaşmasının Yaxın Şərqdəki özəyinin məğlub edilməsidir. Obama administrasiyası israrla bildirir k, İraqda və Suriyada İŞİD-ə qarşı uğur əldə etməkdədir. Amma ABŞ kampaniyasının zəif sürətlə irəliləməsi İŞİD-ə on minlərlə yeni üzv toplamağa imkan yaradıb. Çoxlarının da Avropa pasportu var. Qruplaşma ərazisini isə Şimali Afrikadan Cənubi Asiyayadək genişləndirir».

«Avropalılar bundan belə bir dərs çıxarmalıdır – onlar təhlükəsizliyin təminatı məsələsində Birləşmiş Ştatlara bel bağlaya bilməzlər. Avropa özü daha çox iş görməlidir. Amma Nitsadakı dəhşətləri izləyən amerikalılar bilməlidirlər ki, bu hücum asanlıqla burada da baş verə bilər. 1776 və 1789-cu illərdə qazanılmış azadlıqları qorumaqdan ötrü Atlantik alyansı gücləndirilməlidir», - «Wall Street Journal» yazır.

Tarkhan Batirashvili
Tarkhan Batirashvili

GÜRCÜSTANIN ÜZ QARASI

Gürcü əsilli İŞİD komandiri Abu Omar al-Shishani-nin öldürülməsi xəbərini Gürcüstan rəsmiləri də alqışlayıb.

«O, İŞİD-ə qoşulanda öz taleyinə imza atdı», - Gürcüstanın Müdafiə naziri Tinatin Khidasheli «Foreign Policy» dərgisinə müsahibəsində deyib. «Təəssüf ki, bu cür problemlər bir nəfərin ölümüylə yoxa çıxmır. Osama bin Laden çoxdan öldürülüb, amma onun sivil dünyaya yaratdığı təhlükə qalmaqdadır».

Shishani İŞİD-in ən çox axtarılan terrorçularından biriydi. ABŞ onun başına 5 milyon dollarlıq mükafat qoymuşdu.

Khidasheli deyib ki, Shishani-nin Gürcüstanda ailəsi var və dindirilə bilərlər. Məqalədə vurğulanır ki, «Çeçen Omar» adıyla tanınan Shishani Gürcüstan hökumətindən ötrü utanc yeriydi. O, Suriyada bir sıra döyüş uğurlarıyla ad çıxarmışdı. Assad rejiminin Menaq hava bazısı məhz onun rəhbərliyi ilə ələ keçirilmişdi. Daha öncə İŞİD iki dəfə cəhd etsə də, aeroportu ala bilməmişdi.

Əsl adı Tarkhan Batirashvili olan yaraqlı 1986-cı ildə Gürcüstanın Pankisi dərəsində doğulub. O, İŞİD lideri Baghdadi-nin ən yaxın müşaviri hesab olunurdu.

Çeçenistanda təlim keçib, 2006-cı ildə gürcü ordusuna qoşulub. ABŞ Shishani-nin gürcü ordusunda xidmət zamanı Amerika xüsusi qüvvələri tərəfindən təlim görməsinə dair şayiələri yalanlayır.

Shishani-nin adı beynəlxalq miqyasda çəkilməyə başlayandan gürcü hökuməti Pankisi dərəsindəki azlıqların inteqrasiyası yönündə işləməyə başlayıb. «Nazir postuna gələndə əsas prioritetlərimdən biri Pankisi dərəsi məsələsi idi», - Khidasheli deyir.

Hökumət özəlliklə çeçenlərin orduya cəlbinə çalışıb. Khidasheli deyir ki, bu regiona beş dəfə səfər edərək gənclərlə ordunun onlara verdiyi imkanları müzakirə edib. Sonucda həmin bölgədən orduya 34 nəfər ərizə verib. «10 ildən sonra ilk dəfə olaraq Pankisidən orduya gəncləri cəlb edə bildik», - nazir fəxrlə deyir.

Mənbic uğrunda döyüşlər
Mənbic uğrunda döyüşlər

ABŞ GÜZƏŞTƏ GETDİ, TÜRKİYƏ RAZILAŞDI

ABŞ-ın intensiv lobbiçiliyindən sonra Türkiyə Suriyada kürd döyüşçülərin iştirakıyla hücumu dəstəkləməyə razılaşıb. ABŞ rəsmiləri bu lobbiçiliyin, özəlliklə, may ayındakı görüşdə kulminasiya nöqtəsinə çatdığını bildirir. Əldə olunmuş razılaşma İŞİD yaraqlılarına qarşı daha geniş əməkdaşlığa yol açır.

Məlumatı «The Wall Street Journal» qəzeti yayıb. Məlumatda deyilir ki, ABŞ Suriyanın Mənbic şəhərində hücuma dəstək qazanmaqdan ötrü bir sıra siyasi və taktiki güzəştlərə getməli olub. Əsas güzəşt odur ki, savaşda ABŞ xüsusi qüvvələri və yerli ərəblər vacib rol oynasın və şəhər alınandan sonra da onu idarə etməyə əsasən ərəblərdən ibarət şura yaradılsın.

Bildirilir ki, razılaşma ABŞ prezidenti Barack Obama və türkiyəli həmkarı Recep Tayyip Erdoğan arasında əldə olunub. Mayda Türkiyənin İncirlik hava bazasında isə nöqtəsi qoyulub. Sonuncu görüş barədə informasiya yayılmayıb.

Türkiyə daha öncə hədələyirdi ki, kürd qüvvələr Mənbicə yaxınlaşsa, onları bombalayacaq. Türkiyə ölkədə kürd separatçılarla mübarizə aparır və onların Türkiyə və Suriyada dövlət yaratmaq planlarından narahatdır. Bu baxımdan Mənbicə hücuma göstərilən dəstək Türkiyə siyasətində ciddi dəyişiklik sayılır.

Bu sövdələşmə sayəsində kürd döyüşçülərin komandirlik etdiyi Suriya Demokratik Qüvvələrinin Mənbicə yolu açılıb. Mayda başlanan əməliyyat hələ də davam edir və yerli sakinlər qüvvələrin şəhər mərkəzindən bir mil məsafədə olduğunu deyirlər.

Mənbic İŞİD-in əsas dayaq nöqtələrindən biridir və «xilafət»in paytaxtı Raqqaya yolu aça bilər. ABŞ rəsmiləri bildirir ki, Mənbic İŞİD üçün xarici döyüşçülərin əsas çıxış nöqtəsidir. Onlar Türkiyə ərazisindən keçərək Brüssel və Parisdə hücumlar törədiblər.

XS
SM
MD
LG