Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:19

2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşıb.

Bahalanmaya səbəb nədir? Manatın devalvasiyasından başqa hansı səbəblər var?

İqtisadçı ekspert Məhəmməd Talıblı bahalaşmanin əsas səbəbi kimi devalvasiyanı görsə də buna başqa amillərin də təsir etdiyini söyləyir:

“Son aylar devalvasiyanın təsirindən sonra sürətlə istehlak malları bazarında əhəmiyyətli qiymət artımları oldu. Amma indi 10,5 faiz inflyasiyanın göstərilməsində statistik müxtəlifliklər var. Çünki Azərbaycanda əslində real inflyasiya götəriciləri təbii ki, Statistika komitəsinin elan etdiyi həmin rəqəmlər deyil.

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Statistika komitəsi məlumatlar əsasında ölkədə olan 525 adda müəyyən mal və xidmətlər üzrə ümumi qiymətləndirmə apararaq məhz həmin 10,5 faizlik inflyasiya göstəricisi elan edib. Amma nəzərə alaq ki, orta statistik azərbaycanlı orda göstərilən 525 adda mal və xidmətlərin hamısından istehlak etməyib. yəni onun daha çox istehlak etdiyi un və un məmulatları, qarabaşaq, kartof və digər kənd təsərrüfatı məhsullarında demək olar ki, 30-60 faiz arasında qiymət artımı meydana gəlib. Amma elə məhsullar var ki, məsələn kürü dediyimiz bəzi balıq məhsulu növləri var ki, onların qiymətləri artmayıb, bəzilərinin qiymət azalmaları baş verib.

Statistika komitəsi bizim ay ərzində istehlak etdiyimiz və ya etmədiyimiz mal və məhsulların ortalama qiymətini çıxarır ki, o da 10,5 faiz inflyasiya göstərir. Amma əslində ölkədə əgər manat öz dəyərinin 2 dəfəyə yaxın itiribsə, bu o deməkdir ki, vətəndaşların gəlirləri, eyni zamanda əmlaklarının dəyəri də iki dəfə aşağı düşüb. Belə bir vəziyyətdə yeni iş yerləri açılmayıb, əksinə bir çox iş yerləri itirilib. Əhalinin ölkədə orta aylıq əmək haqqı 485 manatdırsa, elə bir əhəmiyyətli artımlar olmayıb. Belə bir vəziyyətdə əhalinin gəlirlərinin artımından yox, əksinə yoxsulluq səviyyəsindən danışmalıyıq. Bu artımlar bir tərəfdən əhalinin gəlirlərinə mənfi təsir göstərir, eyni zamanda statistika komitəsinin digər məlumatında göstərilir ki, ölkədə eyni zamanda əhalinin istehlak etdiyi mal və xidmətlər də ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz azalıb. Yəni əhali bu ilin 6 ayında ötən ilin 6 ayında istehlak etdiyi mal və məhsulların üçdə biri qədər az istifadə edib. Bu da əhalinin sosial iqtisadi vəziyyətini və pul gəlirlərinin azalmasını ifadə edir.


Statistika Komitəsinin digər məlumatında göstərilir ki, xarici ticarət dövriyyəsi 35-40 faiz azalıb. Yəni idxal olunan istehlak malları daha az idxal olunub. Yəni əhalinin tələb imkanları azaldığı üçün təklif də azalıb. Bütün bu göstəricilər ölkədə sosial iqtisadi vəziyyətin daha da kəskinləşdiyini deməyə əsas verir”.

MONOPOLİSTLƏR ÖZ ARALARINDA DANIŞIR

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə bahalaşmaya səbəb kimi devalvasiya ilə yanaşı dövriyyədə manat kütləsinin azaldılmasını və inhisarçılığı görür:

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

“Əsas etibarı ilə devalvasiya öz işini gördü.Bu rəqəmlər rəsmi rəqəmlərdir. Bu rəqəmi tapmaq üçün ərzaq, qeyri-ərzaq məhsulları, kommunal xərclər, mebel, elektrocihazlar 500-dən çox adda olan predmetlərin qiymətlərini hesablayıb, orta qiymət çıxarırlar. Amma ki, biz təkcə ərzağı, əsas da Nazirlər kabinetinin istehlak səbətinin tərkibinə daxil etdiyi insanlara gündəlik lazım olan 9 adda olan ərzaq məhsullarını, kommunal xərcləri, qeyri-ərzaq məhsullarını, nəqliyyat xərclərini götürsək, görərik ki, inflyasiya 10,5 faiz deyil. Daha çoxdur. 20 faizdən də çoxdur.

Səbəbinə gəldikdə, demək olar ki, Mərkəzi bank inflyasiyanın qarşısını almaq üçün manat kütləsini azaldıb, manatın dövriyyədə az olması ilə əlaqədardır. Pul kredit siyasətinin sərt olması qiymətlərin aparıb çıxarır. Səbəblərdən biri də bizim bazarda olan monopoliyadır. Monopolistlər korporativ danışıqlarla özləri tənzimləyir bu qiymətləri. Heç kim ona qarışa bilməz. Ona görə də vəziyyət belədir. Qiymətlər artır”.

BİZİM GÖRDÜYÜMÜZ VƏ STATİSTİKANIN DEDİYİ BAHALANMA

Iqtisadçı ekspert Azər Mehtiyev isə bildirir ki, bizim bazarda gördüyümüz qiymət artımı ilə Statistika Komitəsinin elan etdiyi rəqəmlər arasında uyğunsuzluq var:

Azər Mehtiyev

Azər Mehtiyev

“Ötən il manatın devalvasiyası ilə baş verən prosesləri, ölkədə istehlak olunan malların böyük əksəriyyətinin ixrac olunduğunu nəzərə alsaq mütləq şəkildə qiymət artımına təsir göstərir. Düzdür hökumət inflyasiya ilə bağlı rəqəmləri təqdim edən zaman real olaraq bizim mağazalarda gördüyümüz qiymətlərlə təqdim olunan rəqəmlər arasında bir uyğunsuzluq görürük. Bu da inflyasiyanın hesablanması zamanı o siyahıya cəlb olunan malların çox olmasıdır. Yəni 600-ə yaxın mal qrupu üzrə qiymət dəyişikliyi öyrənilir və bunun əsasında ümumi rəqəm təqdim olunur.

Ancaq görünən odur ki, ərzaq məhsulları ilə bağlı qiymət artımı çox böyük sürətlə baş verir və bu heç də qeyd olunan kimi 12-15 faizlə deyil, bəzən dəfələrlə artıq özünü göstərir. Bunun səbəbi manatın məzənnəsinin azalması, dolların məzənnəsinin kəskin artması və ölkədə istehlak olunan məhsulların böyük əksəriyyətinin xaricdən gətirilməsidir.

Ölkədə istehsal olunan malların komponentləri belə ölkə xaricindən gətirilir. Buna biz mövsümi amilləri də əlavə etsək, qiymət artımı kifayət qədər böyük rəqəmlərlə ifadə olunur”.

XS
SM
MD
LG