Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:24

Müsavatçı Qədirlə, bolşevik Nəsirin hekayəti


Repressiya olunmuş Azərbaycan yazıçısı Seyid Hüseyn.

Repressiya olunmuş Azərbaycan yazıçısı Seyid Hüseyn.

-

"1918-ci ilin başdan-başa tarixi hadisələrilə dolu oldu. Bakıda əvvəl hökumət işçi, əsgər, matros və kəndli nümayəndələri şurasına keçdi. Sonra burada daşnak və sağ eserlərin yardımı ilə “Sentro-Kaspi” hökumət sürdü. Onu mütəaqib Bakıya ingilis qüvvəsi gəldi. İngilislərdən də sonra türklər gəldilər. Sonra da ikinci kərə olaraq burada ingilislər ağalıq elədilər".

Bu hekayənin müəllifi yazıçı Seyid Hüseyn Stalin repressiyalarının qurbanı olub - 1938-ci ildə həbs edilərək güllələnib.

Seyid Hüseyn

ONUN OĞLU

Onlar iki qardaş idilər. Böyüyü Mirzə Qədir milli mətbuatda ara-sıra nəşr etdiyi məqalələri ilə, xeyriyyə və maarif camiyyətindəki fəaliyyəti ilə, Bakı bələdiyyəsində mənsub olduğu türk və müsəlman xalqının mənafeyini müdafiə edən hərarətli çıxışları ilə yüksək təbəqə arasında böyük şöhrət və nüfuz qazanmışdı. Onun adı hər məclisdə çəkilər, hər yerdə ona ehtiram edilərdi.

Kiçiyi Nəsirə isə kimsə etina etməzdi. O nə ədib və mühərrir, nə də camaat xadimi idi. Əməlli-başlı savadı və təhsili də yoxdu. Onu yalnız Mirzə Qədirin qardaşı deyə tanıyırdılar. Adı heç bir yerdə çəkilməzdi. Özü də mövqeyini bildiyi üçün ictimai yerlərə getməkdən qaçar və söz söyləməkdən çəkinərdi. Ehtiyat edərdi ki, yersiz yapacaq bir hərəkəti və mövqesiz söyləyəcək bir sözü ilə qardaşının nüfuzuna xələl yetirmiş olsun.

Mirzə Qədir bir kübar həyatı yaşayırdı. O hər zaman böyük adamlar ilə durub əyləşərdi. Bu sayədə özünün həyat və məişətini də təmin etmişdi: şəhərin mərkəzində ikiqatlı evi, mətbəəsi, böyük bir kitab mağazası vardı.

Nəsirin isə heç bir şeyi yoxdu. Bir iş və sənət ardınca da getməmişdi. Böyük qardaşının ona həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək onların öhdəsindən ancaq gələ bilərdi. Gah ev işlərini görər, gah mağazada kənar şəhərlərə göndəriləcək pasılkaları hazırlar, gah postaxanaya yüyürərdi. Boş qalan vaxtını da mətbəədə keçirərdi.

Nəsir nə qədər ki uşaq idi, ağlı bir şey kəsmirdi, özünü qardaşının vücudu ilə bəxtiyar sanar, onun şöhrət və sərvəti ilə öyünərdi. Mirzə Qədir onun üçün yalnız qardaş olaraq qalmamışdı. Eyni zamanda onun hamisi, vəlineməti idi; çünki onun evində yaşar, onun süfrəsində yemək yeyərdi. Fəqət bir qədər böyüdükdən, gənclik yaşına çatdıqdan sonra hiss etdi ki, hər zaman qardaşının əlinə baxa bilməyəcəkdir. Özünə də bir iş və sənət lazımdır. Bununla bərabər burasını da düşünərdi ki, arxasında Mirzə Qədir kimi bir qardaşı vardır.

İllər bir-birini təqib etdikcə Mirzə Qədirin şöhrəti və o nisbətdə də sərvəti artırdı. Əvvəllərdə mətbəəsində çox əski bir çap maşını ilə yeddi mürəttib çalışırdı. İndi isə onun son sistemdə dörd böyük çap maşını, ayrıca cildxanası vardı. Hər ay maaş cədvəlinin tərtib nömrəsi 50 rəqəmini keçirdi.

Nəsirin halında heç bir dəyişiklik yoxdu. O yenə əvvəlki kimi ora-bura yortan, gah evdə, gah mağaza və mətbəədə çalışan, işinin, ixtisasının adı bulunmayan və qardaşının əlinə baxan Nəsir idi.

Mirzə Qədir evlənmişdi. Nəsir hələ subay idi. Hər iki qardaş bir damın altında yaşar, bir hisslə mütəhəssis (hiss edən) olardılar. Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin de böyüyə qarşı ixlas və hörməti vardı.

* * *

1915-ci ilin payızı girmək üzrə idi. Cahan müharibəsinin bütün şiddətlə davam etməsinə, bundan dolayı məmləkətin hər tərəfində ərzaq qıtlığı və bahalığı başlandığına baxmayaraq, Mirzə Qədir yay fəslini öz rəfiqəsi Həcər xanımla mədən sularında istirahətlə keçirmiş, bir həftə əvvəl qayıtmışdılar.

Onların Bakıda olmadığı zamanlarda Nəsirin həyatı çətinliklə keçmişdi. O özlüyündə bu qərara gəlmişdi ki, evlənib ev-eşik sahibi olsun, gözünü qardaşının süfrəsinə dikməkdən qurtarıb öz çörəyini yesin.

Bir axşam Həcər xanım üzünü Mirzə Qədirə tutub dedi:

- Xəbərin varmı? Nəsir evlənmək istəyir!

Nəsirin evlənmək istəməsi olduqca təbii bir hadisə idi; onun yaşı iyirmi beşi addamışdı. Burasını Mirzə Qədir də bilirdi. Bildiyi halda o bu xəbərdən məmnun olmadı. Sanki ona ağır bir təklif edildi. Qaşları çatıldı. Düşünməyə başladı. Bu, səbəbsiz deyildi.

Nəsirin evlənməsi üçün hər şeydən əvvəl para lazım idi. Onun müəyyən bir maaş və mədaxili yoxdu ki, parası da olaydı. Bu surətdə evlənmək xərcini tamamilə Mirzə Qədir verməli olacaqdı. Bununla bərabər Nəsirə evləndikdə ayrıca otaqlar lazım idi. Mirzə Qədir evindəki kirayəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. Müharibə zamanı olduğu üçün bu barədə ümumi bir qanun da vardı. Bu halda Mirzə Qədirin gücü yalnız özünə çata biləcəkdi. Yeni tutmaqda olduğu beş otağın ikisini, ən nəhayət birisini Nəsirə verməli idi. Bu isə onun səliqəsini pozurdu. Hansı otağını ona versin?.. Yemək otağını verə bilməzdi. Salona da toxunmaq mümkün deyildi. İş otağı, yataq otağı, habelə... olsa-olsa beşinci otağını ona verə bilərdi. Halbuki buna da “uşaq otağı” adı verilirdi. Hər nə qədər onların uşaqları yoxdursa da, bu, müvəqqəti bir zaman üçün idi. Bir neçə il sonra körpə uşaqlar onların ailəsini şənləndirəcəkdi. Bu uşaqları özləri ilə bir otaqda yatırmaq tərbiyəyə müğayir bir hərəkət olardı. Başqa otaqlara da yerləşdirmək evinin səliqəsini pozacaqdı.

Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilmirdi. Öz istirahətini pozub otaqların birini də verməli, əlavə olaraq ona, ailəsini dolandıra biləcək bir maaş da təyin etməli idi.

Bunlardan keçdikdən sonra üçüincü bir cəhət də vardı. Burası Mirzə Qədiri daha artıq düşündürürdü.

Nəsir hər zaman özü ilə bir evdə yaşamışdı. Həyatın bütün gözəlliklərini o burada görmüşdü. Sabah evləndikdən sonra özünü və ailəsini adi bir işçi ailəsi kimi keçindirməyə, ehtimal, kifayət etməyəcəkdi. O istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. Bu da onun gələcəkdə maddi tələbatım artıracaqdı.

Nəsirin evlənib ev-eşik sahibi olmaq istəməsi tamamilə Mirzə Qədirin hesabına, daha doğrusu, zərərinə idi. Mirzə Qədir özünün istirahətini, ailə səadətini gərək kiçik qardaşı ilə bölüşə idi. Bu bölüşmək ona əlverişli deyildi.

O günün sabahı Mirzə Qədir mətbəəyə gəldi. Baş mürəttibə tapşırdı ki, Nəsiri bir mürəttib kimi çalışdırsın. Hesabdara da söylədi ki, ona ayda qırx manat hesabı ilə maaş yazsın. Özünü də yanına çağırıb dedi:

- Sənin evlənmək istəmənə bir söz demirəm. Hər ay aldığın maaşı topla və öz iqtidar və qüvvənə görə hərəkət et... Mən də sənə azdan-çoxdan yardım edərəm.

Mirzə Qədir əlavə olaraq orasım da bilirdi ki, Nəsir evdə onun qardaşı isə də həyatda, xüsusilə mətbəəsində qardaşı deyildir. O yalnız bir mürəttibdir.

Nəsirin təsəvvürü tamamilə başqa idi. O elə zənn edirdi ki, Mirzə Qədir ilə hər şeydə qardaşdır. Kiçik yaşdan onunla bərabər çalışmış, onun göstərişi ilə hərəkət etmişdi. Qardaşının nüfuz və hörməti, ehtimal, şəxsi istedadı sayəsində olmuşdu. Sərvət və dövləti isə öz zəhməti ilə hasil olmamışdı. Bu sərvətin içində özünün də bir parça haqqı vardı, çünki indi on il olardı ki, bir qəpik almadan çalışır, onun mağaza və mətbəəsi üçün can yandırırdı.

Nəsir qardaşının onun barəsində yapdığı hərəkətdən və əlaqəsindən, ehtimal, razı deyildi. Buna baxmayaraq, o öz narazılığını kimsəyə açıb söyləmirdi. Necə olsa yenə qardaşı idi. Başını aşağı salıb mətbəədə kassa qabağında işlərkən düşünərdi ki, Mirzə Qədir burada onun ağası və sahibkarı olsa da, evdə yenə qardaşıdır.

Bunun üçün o öz kiçikliyindən qalmır, ehtiramını yenə əvvəlki kimi saxlayırdı.

* * *

Oktyabr inqilabı Mirzə Qədirin sakit həyatını, qardaşının ona qarşı bəslədiyi ehtiram və səmimiyyəti pozdu. İki qardaşın fikirləri, tələqqiləri bir-birinə uyğun gəlməməyə başladı.

Nəsir ki heç bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı, hər əmrini tərəddüd etmədən qəbul edər, onun hər fikrinə şərik olardı, indi onun da öz nöqteyi-nəzəri olurdu. O da bəzi ictimai və siyasi məsələlər haqqında bəyani-fikir edir, o da məlum fikirlər üzərində lehinə və əleyhinə olmaq üzrə söz söyləyirdi. Hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi.

Mirzə Qədir “Milli komitə”nin üzvü idi. Nəsir isə bu komitənin təşkilini qanuni bilmirdi...

- Sizi kim seçdi? Millətin sizdən xəbəri yoxdur... Bu surətlə adınızın üzərindən “milli” kəlməsini qaldırmalısınız, - deyirdi.

Bunun müqabilində Mirzə Qədir məntiqi cavab verməkdən çəkinər, hər bir barədə özündən aşağı bulunan bir adamla, qardaşı belə olsa, mübahisə etmək istəməzdi. Bəzi vaxt Nəsirin bu kimi çıxışlarına qarşı əsəbiləşər, deyərdi:

- Sən axmaqsan! Səndə belə işləri qanıb dərk edəcək baş hələ yoxdur...

Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafına toplaşdıqda Mirzə Qədir Müsavat fırqəsinə yazıldı. Adı namizədlər cərgəsində vardı. “12” nömrəli siyahının atəşin bir tərəfdarı oldu. Nəsir isə Hümmət firqəsinə yan almışdı. “5” nömrəli siyahını müdafiə edirdi. Onun bu halı Mirzə Qədiri daha da acıqlandınrdı.

Bu hadisədən sonra onların arası daha çox açıldı.

Bir-birilə artıq görüşməz oldular. İndi onlar iki qardaş deyil, ağa ilə nökər, sahibkar ilə əmələ, mətbəəçi ilə mürəttib idilər...

18-ci ilin əvvəllərində Zaqafqaziyanın siyasi vəziyyəti çox qarışıq idi. Qüvvətli mərkəzi bir hökumət yoxdu. Cəbhədən qayıdan soldatların başıpozuq hərəkətləri böhranı daha da artırırdı. Hər tərəfdə müxtəlif qüvvələr və tək-tək şəxslər baş qaldırmış və mövqeyə hakim olmaq istəyirdi. Bu zamanlarda Tiflisdə Zaqafqaziya seymi açıldığından, bir məclisi-müəssisan üzvü sifətilə, Mirzə Qədir oraya getməli idi.

Fəqət evini və ailəsini, xüsusilə ticarət işlərini kimə tapşırmalı idi. O, Bakının gələcəyini yaxşı görmürdü. Burada bir fırtına qopacaqdı... Çarəsi hər yerdən kəsildi. Nəsiri yanına çağırtdı. Məqsədi ailəsini və xüsusi işlərini ona tapşırmaqdı.

Mirzə Qədir düşünürdü ki, siyasi məsləklərimiz başqa-başqa olsa da, xətti-hərəkətimiz bizi bir-birimizdən ayırsa da, biz yenə də qardaşıq. Bərk ayaqda bir-birimizə lazım olarıq. Bunun üçün üzünü Nəsirə tutub dedi:

- Mən öz işlərimi, ailəmi qardaşım olduğun üçün sənə tapşıraraq gedirəm. Bir hadisə vüquunda, hansı qiymətə olursa olsun, mağaza və mətbəəni mühafizə edərsən!

Nəsir qardaşının ona etdiyi bu təklifi anlaya bilmirdi. Onun düşüncəsi tamamilə başqa idi. O təsəvvür edirdi ki, biz qardaş da olsaq, siyasi əqidəmiz və gedəcəyimiz yollar büsbütün ayrıdır. İqtisadi mənafeyimiz bizi bir-birimizdən ayınr, biz düşmən mövqeyində qoyur.

Bir cavab olmaq üçün dedi:

- Bir hadisə üz verdikdə, ehtimal, ailədə gözüm olar. Mağaza və mətbəəni isə mənə tapşırıb xatircəm olma. Mən onları sənin üçün mühafizə edəcək halda deyiləm...

Mirzə Qadir Tiflisə gedib Zaqafqaziya seymində iştirak edə bildimi və ya özünün mətbəəsindən və ticarət işlərindən ayrıla bilmədi, burası bizə məlum deyildir. Bizim bildiyimiz bir həqiqət varsa, 1918-ci ilin başdan-başa tarixi hadisələrilə dolu olduğudur. Bakıda əvvəl hökumət işçi, əsgər, matros və kəndli nümayəndələri şurasına keçdi. Sonra burada daşnak və sağ eserlərin yardımı ilə “Sentro-Kaspi” hökumət sürdü. Onu mütəaqib Bakıya ingilis qüvvəsi gəldi. İngilislərdən də sonra türklər gəldilər. Sonra da ikinci kərə olaraq burada ingilislər ağalıq elədilər. Ən axırda, 1919-cu ilin sonunda Müsavat hökuməti hökm sürməyə başladı. Bu zamanlarda biz Mirzə Qədiri parlaman üzvü görürük. Nəsir isə çalışdığı hökumət mətbəəsində gizli olaraq bolşevik İntibahnaməsi çap etdiyi üçün həbsxanada yatırdı. Nəsirin arvadı Zivər xanım ərinin xilası üçün bir parlaman üzvü sifətilə Mirzə Qədirə müraciət edib acınacaqlı halını ona təsvir edirdi. O da cavabında Zivərə deyirdi:

- Nəsir sənin ərin isə, mənim də qardaşımdır. O vaxtilə mənim tövsiyələrimi dinləmədi. Millət və hökumət xaini oldu. Buna baxmayaraq, mən onu yenə də ata bilməyəcəyəm. Gec-tez xilası üçün çalışacağam. Fəqət o bir qədər həbsxanada oturmalıdır. Bəlkə bu sayədə əqli başına toplasın.

Mirzə Qədir bu sözləri Zivərə dildarlıq vermək üçün deyirdi. Həqiqət halda o, Nəsirdən bezar idi.

Nəsir kimi kiçik qardaşın yüzü birdən batsa idi, ürəyi ağrımazdı; çünki açıqdan-açığa görürdü ki, Nəsir onun istirahət və səadətini əlindən almağa, onun rahat həyatım pozmağa çalışan “müzirr” bir ünsürdür.

* * *

Bu tarixdən çox da uzun bir zaman deyil, yalnız altı ay keçmişdi. Mirzə Qədirin böyük ümid bəsləyib arxalandığı hökumət dörd ay əvvəl süqut edərək, bütün səlahiyyət inqilab komitəsinə keçmişdi.

Onun mətbəəsi əlindən alınmış, mağazasının bütün malları zəbt olunmuş, əlavə olaraq, yaşadığı otaqlara da əli orderli işçilər daşındığı üçün özü ailəsi ilə bərabər oranı tərk etməyə məcbur olmuşdu.

Mirzə Qədirin bütün əski tanış-bilişləri özü günündə idilər. Onların kimisi həbs edilmiş, kimisi qaçıb gizlənmişdi. Açıq gəzənlərinin də var-yoxları əllərindən alınmışdı.

Bu surətdə Mirzə Qədirin pənah aparıb müvəqqəti olsa da daldalanacağı bir yer ancaq qardaşı Nəsirin evi idi. Bunun üçün bir həftə əvvəl onlara daşınmışdılar. Nəsir də onu bir qardaş kimi xoş üzlə qarşılayıb qəbul etmişdi.

Bir axşam süfrə başında Mirzə Qədir üzünü Nəsirə tutub soruşdu:

- Sizin hökumətiniz məni tutub həbs etmək istəsə, onun bu hərəkətinə qarşı sən nə yaparsan?

Bu bir məsələ idi ki, Mirzə Qədirin zehnini öz kiçik qardaşının evinə gəldiyi gündən bəri məşğul etməkdə idi. Bərk ayaqda qardaşı onu müdafiəmi edər və ya ələ verər?

Nəsir Mirzə Qədirin bu sualına əvvəl gülümsədi, sonra başını aşağı salıb düşünməyə başladı. Ortada dərin bir sükut vaqe oldu. Yavaş-yavaş Nəsirin qaşları çatılırdı. Sanki o, eyni halı xəyalında təcəssüm etdirmişdi ki, qardaşını həbs etmək üçün əmr verilmiş də, onu arayırlar, özü də onun yaşadığı yeri bilir. Bu halda onun mövqeyi nə olacaqdı? Başım qaldırdı. Dik-dik qardaşının üzünə baxdı:

- Səni, - dedi, - mənim qardaşım olduğun üçün deyil, bir mətbəəçi, başqalarının əməyini istismar edən, əməkçi kütləsinin sinfi bir düşməni, bir əksinqilabçı sifəti ilə həbs edəcəkdilər. O zaman mənim rəftarım səninlə bir işçinin öz sahibkarına qarşı rəftarı kimi olar.

- O rəftarı necə anlaya bilərəm.

- Bu cür anlaya bilərsən ki, qolundan yapışıb, səni lazım olan yerinə təslim edərəm.

- Bəlkə onlar məni edam etdilər. Sən qardaşının ölümünə razı olarsanmı?

- Bu ümumi bir işdir. Sən isə xüsusilikdə mənim qardaşımsan! Ümumilikdə mən bir mürəttib, sən də mətbəəçi bir sahibkarsan!

Azərbaycanın şuralaşmasından səkkiz ay keçdi, Mirzə Qədirə bu vaxtadək dəyib-dolaşan olmamışdı. Kimsənin onunla işi olmadığından o artıq tutulub həbs edilməkdən qorxmurdu. Buna baxmayaraq o, Azərbaycanı tərk etmək, Gürcüstana və ya başqa xarici bir məmləkətə getmək istəyirdi. O, prinsip etibarilə şura üsulı-idarəsinə zidd idi. Hal və mövqe ilə, ölkənin siyasi vəziyyəti ilə hesablaşmaq istəmirdi. Onun üçün Gürcüstan aşırı İrana və ya Türkiyəyə getmək mümkün idi. Ancaq bir hal var idi ki, ailəsi onun əl-ayağını tutub saxlayırdı. O, ailəsini nə yapmalı idi. özü ilə bərabər apara bilməzdi. Burada buraxıb getdikdə onları kimə tapşırmalı idi. O hər nə qədər düşünürdüsə də, axırda gəlib qardaşı Nəsirin üstündə dururdu. O, ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi. Başqa çarəsi yoxdu.

Bir gün Nəsirə dedi:

- Mən Tiflisə gedirəm. Ehtimal, səfərim bir qədər uzaq çəksin. Oğlum Əkrəm ilə anasını səndən başqa tapşırıb etimad edəcək bir adamım yoxdur.

Nəsir qardaşının Bakıdan getməyə hazırlaşdığım daha əvvəldən Zivər xanımdan Öyrənmişdi. Acı-acı qardaşına baxdı:

- Demək, vaxtilə “millət” dediyin xalqdan qaçırsan, - dedi.

Bu söz Mirzə Qədirə çox toxundu, bir cavab verə bilmədi. Bu, acı da olsa bir həqiqət idi. O qaçırdı, öz xalqından qaçırdı. Halbuki o, burada qalıb yaşaya bilərdi.

- Mən, - dedi, - millətçi bir demokrat olduğum üçün əsas etibarilə kommunizmə ziddəm.

* * *

Mirzə Qədir Azərbaycanı tərk edib getdi. Onun belə getməsi nə ümumi işlərin gedişinə, nə də xalq kütləsinə təsir etdi. Onun getməsindən mütəəssir olan bır şəxs vardısa, o da arvadı Həcər xanım idi. Zavallı qadın uzun illər onun yolunu gözləyib durdu. Əvvəllərdə arasında məktubları gələrdi. Sonra bunlar da tamamilə kəsildi.

Həcər xanım onun barəsində çox müxtəlif, bir-birinə zidd xəbərlər alırdı. Birisi onun Tiflisdə olduğunu, bir başqası Təbrizdə bulunduğunu, üçüncüsü Qəzvində, dördüncüsü Tehran və Həmədanda onu gördüyünü söyləyirdi. İstanbuldan gələn birisi də söyləyirdi ki, guya onu Parisə hərəkət edən görmüşdü. Bu xəbərlərin heç birisi Həcər xanımı təskin etmirdi. Mirzə Qədir istər Təbrizdə və Tehranda olsun, istər İstanbul və Parisdə və ya London, Nyu-Yorkda bulunsun, Həcər xanım üçün təfavütsüz idi. Ortada ondan ötrü, acı da olsa, bir həqiqət vardı ki, Mirzə Qədirin vücudu kimi, xatirəsi də yavaş-yavaş unudulurdu. Həcər xanım onu əvvəlki kimi xatırlamır, daha onun üçün göz yaşı tökmürdü. Həcər xanımın yeganə bir təsəllisi, bir əyləncəsi varsa, o da oğlu Əkrəm idi. Onun ümidi oğlunu böyütmək, onun qoltuğuna sığınıb yaşamaqdı. O özünün bütün fikir və diqqətini Əkrəmə vermişdi. Nəsir də onları tamamilə öz himayəsinə almış, Əkrəmi də məktəbdə oxudurdu.

Əkrəm bu il bir dərəcəli məktəbin birinci sinfinə keçmişdi. O, yeni əlifba ilə sərbəstcəsinə oxuyur və istədiyi fikri də yaza bilirdi.

Son günlərdə Nəsirin ailəsində, Həcər xanımın həyatında gözlənilməyən bir hadisə vaqe oldu. Kərbəla ziyarətindən qayıdan birisi onlara Mirzə Qədirin məktubunu gətirib. Guya o, Bağdadda yaşayırmış.

Mirzə Qədir məktubunda yazırdı ki, ailəsini və oğlu Əkrəmi hələ unutmamışdır, onun məktəbdə oxuduğunu eşidərək çox sevinmiş, hətta sevindiyindən gözləri belə yaşarmışdır.

Məktubun İçərisində ayrıca olaraq oğlu Əkrəmə də bir məktub yazıb göndərmişdi. Nəsir nədənsə bu məktubu Əkrəmə göstərmək istəmirdi, çünki məktubda Mirzə Qədir oğlu Əkrəmi öz getdiyi yol ilə getməyə dəvət edirdi. O, oğluna vəsiyyət edərək tapşırırdı ki, atasının yolundan çıxmasın.

Nəsir övladı kimi sevdiyi Əkrəmin ruhunu bu məktubla zəhərləmək istəmirdi. Fəqət qardaşının bir sözü onu mütəəssir edirdi. Qardaşı xüsusi olaraq Nəsirə yazdığı məktubda deyirdi: “Ehtimal, sənin fikir və məsləkinə zidd olduğu üçün bu məktubu oğluma göstərməyəcəksən. Amma burasım unutma ki, bu, oğluma mənim ilk və son məktubumdur. Mən bır daha yazacaq və söyləyəcək halda deyiləm. Həyatımın son günlərini keçirməkdəyəm”.

Nəsir qardaşının son vəsiyyətinə əməl etmək fikri ilə Əkrəmin məktubunu özünə verdi. Əkrəm sevinərək məktubu aldı. Diqqət ilə baxdı. Fəqət oxuya bilmədi; çünki məktub əski ərəb əlifbası ilə yazılmışdı. Əlinə qələm alaraq atasına belə bir məktub yazdı:

"Möhtərəm ata!

Sanin yazdığın məktubu aldım, məni yadına salıb xatırladığın üçün çox sevindim. Təəssüf edirəm ki, sənin yazım oxuyub anlaya bilmədim; çünki sən əski əlifba ilə yazmısan; mənim isə oxuduğum yeni əlifba ilədir. Rica edirəm, mənə məktub yazanda mənim oxuya bilmədiyim əski əlifba ilə yazma!

Sənin oğlun Əkrəm”

Nəsir bu məktubu Mirzə Qədirə göndərdi.

* * *

Mirzə Qədirin məktubunu, əski əlifba ilə yazdığı üçün, oğlu Əkrəm oxuya bilmədi. Onun yazıb göndərdiyi məktubun Mirzə Qədirə yetişib-yetişməyəcəyini bilmirik. Bizim qətiyyətlə bildiyimiz bir şey varsa, o da budur ki, Əkrəmin məktubunu da Mirzə Qədir oxuya bilməyəcəkdir; çünki Əkrəm də məktubunu atasının oxuyub anlaya bilməyəcəyi, dərk edib qanmayacağı bir əlifba ilə yazmışdı.

Sentyabr 1927

Günün bütün mövzuları

XS
SM
MD
LG