Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

«Stratfor»: Diplomatiya real nəticələr verməsə, Azərbaycan tərəfdən oxşar və ya daha ciddi hərbi eskalasiya istisna olunmur – 14 iyul Qərb mediasının icmalı.

««Brexit» (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) Azərbaycanın laxlayan iqtisadiyyatını ayaq üstə saxlamağa çalışdığı dönəmdə bu ölkəyə geosiyasi başağrısı yarada bilər. Hökumət, hələlik, «Brexit»lə bağlı şərh verməyib. Amma deputat Rasim Musabəyov deyib ki, «Brexit»in AB-Azərbaycan münasibətlərinə ciddi təsiri olacağını düşünmür, çünki «Azərbaycanı Avropa Birliyinə yaxın buraxan yoxdur».

Eurasianet.org saytında Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədov belə yazır.

Müəllifin fikrincə, bu, dar anlamda həqiqət sayıla bilər, amma «Brexit» Azərbaycana bir neçə mənfi təsir göstərə bilər.

Birincisi, «Brexit» Avropa Birliyini özünə daha çox qapadacaq, çünki indi qurum şərqə doğru genişlənməyin deyil, özünün salamat qalmasının dərdini çəkməli olacaq. Bu da təəssüf yaradır, çünki uzun müddət qarşılıqlı antaqonizm yaşayan Brüssellə Bakı son aylar münasibətləri möhkəmləndirməyə başlamışdılar.

«Düşmənçiliyin əsas səbəbi isə Azərbaycanda insan haqlarının pis durumda olmasıydı. Prezident İlham Əliyev administrasiyası avtoritarizmə yol almışdı, narazıları susdururdu. Amma «Brexit»ə bir neçə ay qalmış buzlar əriməyə başladı. Bu ilin əvvəlində AB-nin xarici siyasət rəhbəri Federica Mogherini Bakıya səfər etdi. Həmin səfərdən çox keçməmiş Əliyev administrasiya beynəlxalq ictimaiyyətin «siyasi məhbus» adlandırdığı məhbusları buraxmağa başladı. İyunun ortasında isə AB-nin xarici əlaqələr komitəsi Azərbaycanın AB-nin proqramlarında iştirakının prinsiplərinə dair çərçivə sənədinə razılığını verdi. Bu razılaşma illərdi insan haqları məsələsinə görə dayanmışdı», - yazıda oxuyuruq.

Müəllif qeyd edir ki, indi ekspertlər və bürokratik səviyyədə kontaktlar davam etməli olduğu halda, «Brexit» səbəbindən AB-nin qonşuluqla bağlı istənilən böyük diplomatik təşəbbüsü əngəllənəcək. «Brexit» həmçinin, Dağlıq Qarabağ sülh danışıqlarına da yaxşı bir şey vəd etmir. AB-nin yaxın və ortamüddətli perspektivdə sülh prosesində daha böyük rol ala biləcəyi real görünmür.

«İkinci mənfi təsir isə separatçılıqla bağlıdır. «Brexit» Şotlandiyada müstəqillik referendumuyla sonuclana bilər. Şotlandiyanın AB-də qalmağa səs verdiyini nəzərə alsaq, daha bir referendum qurumda qalmağa «hə» deyə və nəticədə Birləşmiş Krallıq parçalana bilər. Bununla da öz müqəddəratını təyinetmə prinsipini dövlətin ərazi bütövlüyündən üstün tutanların ayağı yer almış olar. Bu da Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyinə zərbə vurar», - müəllif vurğulayır.

«Azərbaycan hökumətinin «Brexit»ə niyə indi çox diqqət ayırmaması anlaşılandır. Bakının daha böyük problemləri var, iqtisadiyyatının durumu yaxşı deyil: rəsmi statistika iyunda iqtisadiyyatın 4.2 faiz azaldığını göstərir. Bu geriləmə azı bu il davam edəcək...Amma hakimiyyət tezliklə «Brexit»ə görə gözyaşı axıda bilər. Çünki iki böyük məqsədə çatılması –iqtisadi sabitlik və Qarabağ münaqişəsini istədikləri kimi həlli çətinləşə bilər».

Sergei Lavrov və Elmar Məmmədyarov

Sergei Lavrov və Elmar Məmmədyarov

DANIŞIQLARDA İRƏLİLƏYİŞ OLMAZSA...

«Stratfor» Araşdırmalar Mərkəzi isə Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqların sürətləndiyini qeyd edir. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıda azərbaycanlı həmkarıyla görüşüb. Lavrov deyib ki, danışıqlar müvəffəqiyyətə yaxındır, amma detalları açıqlamayıb. Məmmədyarov da danışıqların intensiv dialoq formatında olduğunu vurğulayıb.

«Bütün bunlar yaxşı əlamətdir, amma detallarsız və özəlliklə də, hərəkətsizlik uzunmüddətli həll perspektivləri barədə skeptisizm yaradır».

Təhlildə aprel toqquşmalarından sonra dondurulmuş münaqişənin dünyanın diqqət mərkəzinə keçdiyi vurğulanır. Rusiya xarici vasitəçilər içində ən vacibi və nüfuzlusu sayılır. Rusiya Ermənistanda hərbi baza saxlamaqla yanaşı, Azərbaycanda da silah satır. Rusiya prezidenti Vladimir Putin ermənistanlı və azərbaycanlı həmkarlarının görüşlərinə vasitəçilik edir.

«Danışıqların formal razılaşmaya nə qədər yaxın olması bəlli deyil. Yerli mediaya və rusiyalı rəsmilərin dediklərinə əsasən, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Rusiya sülhməramlılarının nəzarəti altında qaytarılması nəzərdə tutulur. Amma bu planın böyük bir əmması var: Ermənistan Dağlıq Qarabağa de-fakto siyasi nəzarəti saxlamaq istəyir və ərazisi güzəştini əngəlləyəcəyi gözlənilir», - təhlildə qeyd olunur.

«Heç əsas arbitr olan Moskvanın da münaqişənin həllində həqiqətən də maraqlı olmadığı görünür. Bu münaqişə Rusiyaya Ermənistan və Azərbaycan üzərində təzyiq imkanı verir, Moskvanı Türkiyə və ABŞ kimi regional rəqiblərindən bir addım öndə saxlayır. Dağlıq Qarabağda sülhməramlılar Moskvanın regionda daha güclü hərbi iştirakını təmin etmiş olar, amma eyni zamanda Rusiya əsgərləri birbaşa hərbi münaqişə riski altında qalar. Axı Kreml bu regiona hərbi qüvvə yerləşdirməmək mövqeyini tutub. Bu səbəbdən Dağlıq Qarabağda böyük sövdələşmə əldə etmədən diplomatik rolunu saxlamaq Rusiyadan ötrü optimal nəticə olardı».

«Amma bir məsələ da var ki, status-kvoda heç bir dəyişiklik yaratmayan danışıqlar da uzun müddət davam etməyə bilər. Danışıqlarda irəliləyişin olmaması aprel toqquşmalarıyla nəticələndi və Azərbaycan danışıqların indiki raundunu qeyri-müəyyən müddətə davam etdirən deyil. Diplomatiya real nəticələr verməsə, Azərbaycan tərəfdən oxşar və ya daha ciddi hərbi eskalasiya istisna olunmur. Rusiyanın müsbət bəyanatları və yaxınlaşan uğur barədə eyhamlar arxasında bu amil dayana bilər. Hər halda, Dağlıq Qarabağ münaqişəsi sözlə deyil, hərəkətlə həllini tapmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG