Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 08:56

-

Keçmiş SSRİ ölkələrində məbləğin artırılması tendensiyası müşahidə olunur

Azərbaycanda minimum əmək haqqının məbləği sonuncu dəfə 3 il əvvəl - 2013-cü ilin sentyabrında qaldırılıb. O zaman minimum əmək haqqının məbləği 105 manata yüksəlib.

Keçmiş SSRİ ölkələrindəki minimum əmək haqlarının məbləğinin artırılması tendensiyasını araşdıran iqtisadçı ekspert Samir Əliyev deyir ki, o zaman Azərbaycanda minimum əmək haqqı 134 dollara bərabər olub.

“Son devalvasiyadan sonra Azərbaycanda minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb”, deyən ekpert keçmiş SSRİ ölkələrində tamam fərqli tendensiyanın müşahidə olunduğunu bildirir.

Onun deməsinə görə, 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb.

Rusiyada minimum əmək haqqı iyul ayının 1-dən etibarən 117 dollara qaldırılıb. Ondan əvvəl isə Ukraynada may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara yüksəldilib.

Samir Əliyev

Samir Əliyev

“Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq minimum əmək haqqı 62,4 dollar, saatlıq isə 0,37 dollar olacaq”.

Belorus hökuməti də minimum əmək haqqını qaldırıb. İşəgötürənlərin üzərinə iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar ödəmək öhdəliyi qoyub.

Moldovada artım mayda olub. Mayın 1-dən etibarən minimum əmək haqqının aylıq səviyyəsi 106 dollara qaldırılıb.

Ekspert deyir ki, Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır. Hökumətin iyulun 1-dən minimum əmək haqqını 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb.

Qonşu Gürcüstanda isə minimum əmək haqqı təxminən 70 dollara bərabərdir.

Orta Asiya ölkələrinə gəlincə, S.Əliyev bildirir ki, bu ölkələrdə minimum əmək haqqı ilin əvvəlində artırılıb. Yanvarın 1-dən minimum əmək haqqı Qazaxıstanda 68 dollara, Türkmənistanda isə 168 dollara qaldırılıb.

XS
SM
MD
LG