Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:25

-

Günay Ümid

Ölümqabağı şeir

Sənə desəm ki,
Hələ də Floranı dinləyirəm
Səndən ötrü darıxanda...
Hələ də sən yadıma düşürsən
Filimlərə baxanda...

Sənə desəm ki,
Həyata sətirlər ardından baxırdım
Sən gedəndə...
Ayaqların gedişinin dilində
Sərbəst şeir pıçıldayırdı
Yolların qulağına.
Mən susurdum.

Sənə desəm ki,
Hər bahar ətrini səpələyir şeirlərimə...
Sən olanda
Misralarım dəstə-dəstə gül idi.
Yadımdadı
Qalmaq üçün bəhanə axtarısın
Sətirlərin arasına sıxılmış vergül idi.

Sənə desəm ki..
Gedərkən
Hıçqıran addımlarının taqqıltısı
Şair bağrımı deşib qanadan nidaydı.
Unutmamışam
Titrək səsinə çarəsizlik qarışmışdı...
Şeir rəngli gözlərinə kədər daha çox yaraşmışdı.

Sənə desəm ki,
İçimi yumruqlamaqdan
Göyərib taqətimin qolları,
Qələmimə söykənib yorgunlugum...
Hər aprel gələndə
Bu şeri yenidən doğur susqunluğum.

Sənə desəm ki,
dilaltı dərmanımla
heca-heca əriyir adın
Udqunduqca boğuluram!

Sənə desəm ki,
Hər şeyi unudum deyə
Əlimə keçən bütun şeirləri
Acgözlüklə başıma cəkirəm...
Tufan olub hislərimdə qopursan.
Bütun şeirlər canına çəkib səni
Onlarla yenidən ruhuma hopursan...

Sənə desəm ki...
Desəm ki sənə...
Bütün sükutumda qulağımı batırır səsin...
Cəsarətim əllərimdə soyuyur, titrəyir, itir...
Nə vaxt ki
"Çıx gəl"; yazmaq istəyirəm
Mürəkkəbim bitir...

20.04.2016

QAFİYƏ XƏTASI VƏ...

Əllərim…
Rəngsiz…
Qafiyyəsiz xatrlayırdı
Ovuclarımın Alın yazısını…

Gözdən itənəcən
baxmışdı arxanca əllərim.
Kövrəlmişdi yay yağışının
torpaq qoxulu gedişinə…
Pəncərədə nəfəsimin üstünə
darıxmağın rəsmini çəkmişdi-
cırmaq-cırmaq…
Yumruq olmağı öyrənmişdi-
barmaq-barmaq…

Sığal olmuşdu
təqvimlərin rəqəm yaddaşına…
Savab olmuşdu günahlarıma,
çətir olmuşdu göz yaşlarıma,
qılınc olmuşdu hisslərimə,
qalxan olmuşdu tənələrə,..
Əllərim
pərdə olmuşdu qorxularıma,
kabus olmuşdu qandal yuxularıma…

Ana olmuşdu,
ata olmuşdu,
övlad olmuşdu,
yar olmuşdu,
qabar olmuşdu ...

Əllərim
qadın olmuşdu ,
doğman olmuşdu,
yadın olmuşdu…
Hər şey olmuşdu,
təkcə
xoşbəxt ola bilməmişdi əllərim…

9.2.2016

Bir boşqab ümidsizlik və bir dilim şeir


Heç nə bildiyin kimi deyil.
Bu səhər də sükuta açıldı.
Televizorda
Yemək bişirən qadından başqa
heç kim danışdırmadı bu evdəki sükutu.
Bir boşqab ümüdsüzlük
Və bir dilim şeirlə
rahatladım əzilmiş yasdığımı.


Mətbəxdə çayı soyuyan oğlumun
İlk sevgisini
Süd dişlərinin çürüyündən utanan
Cəsarətsizliyi girov götürmüşdü.


Heç nə bildiyin kimi deyil…
Avqust günəşinin şualari
Pencərədən süzülüb
Meşin kürkünün qucağında üşüyür.
Masanın üstündəki varağın
Fikirli sətirləri
İllərdi yazıb qutara bilmir səni.


Heç nə bildiyin kimi deyil.
Qonşu qızı
Qıvırcıq Leyla
Xəzərin sularında üzüb,
Üzdü hamımızı bu yay.
Minib gedəndə Əzrailin qayığında.
İndi məhləmizin tən ortasında
Yekə bir mağar qurulub -
Uşaqlığımızın öldüyü yerdə.


Heç nə bildiyin kimi deyil.
Dəhlizdəki güzgüylə də
Aram çox pisdi bu aralar.
Saçlarımın ağını
Daha böyük planda xatırladır mənə hər gün.
Daha gözlərim eynəyimin pəncərəsindən
torlu baxır dünənə.


Köhnə şəkillərdə
Təzə nəsə axtarmaq vərdişi
Mənə atamdan keçib.
Şəkillərində,
Bütün xatirələrindən ən canlısıdır
Canındakı döymədə
Adımın baş hərfi.
Heç nə bildiyin kimi deyil.
Bu səhər də
sükuta açıldı.
Bu səhər də
Otağımın qapısından
Divardakı saatı göstərib
Başını yellədi anamın gileyi…

11.09.2015

Sən üşüyən adam deyilsən.

İkimizi də eyni yerə
Əlimizdən tutub
Taleyimiz gətirmişdi dost.
Danışmağı, yeriməyi öyrətmədən bizə
Dünyanın bir küncünə tullayıb getmişdi…
Şansımızın alnına da
“Bəxtinizi bir daha sınayın”
Yazıb, gizlətmişdi tum paketlərində.

Elə ilk gündən
dünyaya borcla başlamışdıq dostum…
Allah borcu, ana borcu, ata borcu,
Vətən borcu, övlad borcu…və…və…
Sonar, cibimizdəki bang siçanları
Bütün sevincimizi gəmirdi…
Bizə, hərəkət etməyi, yeriməyi
Borclarımız öyrətdi.
Bizə danişmaği dərd öyretdi dost…

Niyə oturmusan sönmüş sobanın dizi altında?
Qaldır başını dostum,
Sən üşüyən adam deyilsən.
Hələ çöldə Novruz tonqalı yanır,
Ümidlərimizə bayram arzuları geydirmişik,
Qismətimizin qapısına hələ papaq atacağıq,
Hələ xəyallarımız bayram sovqatı gətirəcək bizə…
Gileylənmə ki, pulun işığı azaldıqca
işıqpulu qaranlıqda qoyacaq bizi.
Eybi yox, biz romantik insanlarıq dost.
Kasıblıq daha romantik görünür şam işığında
Qaldır başını dostum,
Artıq nahar vaxtıdı,
Gəl oturaq, iki qismət söz yeyək.

08.03.2015

Günün bütün mövzuları

XS
SM
MD
LG