Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:21

David Brown – ABŞ-da prezidentliyə yeni «namizəd»


Barack Obama və David Brown
Barack Obama və David Brown

Araşdırmaçı jurnalist Təl-Əviv aeroportuna «bomba» keçirdi; İrana sanksiyaların mənası yoxdur – 13 iyul Qərb mediasının icmalı.

Dallasdakı faciədən sonra polis şefi David Brown coşqunluğu, incə yumoruyla bütün ölkənin rəğbətini qazanıb. Twitter istifadəçiləri də etməyib tənbəllik, onun prezidentliyə namizədliyini təklif ediblər. Bu barədə «The Washington Post» qəzetində Michael S.Rosenwald yazır.

Dallasda ötən həftə qaradərililərin polis tərəfindən öldürülməsinə etiraz yürüşündə 5 polis əməkdaşı qətlə yetirilib. Brown bazar ertəsi mətbuat konfransında bir saata yaxın sualları cavablandırıb. İrqçiliklə bağlı suallara qaba cavablar verib: «Bura bax, mən çoxdan qarayam». O, polis əməkdaşlarını nə vaxt görsə, bağrına basdığını söyləyib. Onların cüzi əməkhaqqı almasına diqqət çəkib. Məsələn, Dallasda polislərin illik əməkhaqqı 44 min dollardan başlanır. Amma buna baxmayaraq, onların üzərinə daha çox yük qoyulur: narkomanlarla mübarizə, zehni xəstəliklərin müalicəsindəki uğursuzluqlar, hətta küçə itləri – bunların hamısına polis baxmalıdır, təsəvvür edirsiniz?

Pop müğənni Lady Gaga Twitter-də hamını polis şefinin CNN-ə müsahibəsinə baxmağa dəvət edib. Ondan sonra bu tvitə yazılan cavablarda onun prezidentliyə namizədliyinin verilməsi təklifləri irəli sürülüb. Bir istifadəçi onun həm Respublikaçılardan, həm də Demokratlardan namizədliyini təklif edib. Bu tvitlərə hətta siyasi şərhçilər və jurnalistlərdən də qoşulan olub.

Müəllif yazır ki, Brown-un çox təsirli həyat hekayəsi var. Onun qardaşı, oğlu və keçmiş partnyoru öldürülüb. O, qurbanların nələr yaşadığını, üstəlik, necə idarə etməyi də yaxşı bilir.

David mətbuat konfransında aşırı səmimiyyət göstərib. «Etirazlardan əl çəkin, gedin, polisə ərizə verin», - o deyib.

Yaniv Tamir/David Suleiman
Yaniv Tamir/David Suleiman

JURNALİST TƏL-ƏVİV AEROPORTUNDA NƏLƏR GÖRDÜ

İsraildə David Suleiman adlı jurnalist aeroportda işə düzələrək təhlükəsizlik məsələlərini araşdırıb. O, Ben Gurion aeroportuna başqasının şəxsiyyət vəsiqəsi ilə işə düzəlib, təyyarələrə yalançı bombalar qoyub. Məlumatı «The Times of Israel» qəzeti yayıb.

Araşdırmaçı jurnalist olan David Suleiman «Channel 2 TV»yə deyib ki, dostu Yaniv Tamir-in şəxsiyyət vəsiqəsiylə aeroporta gəlib iş istəyib. Tamir-in sıx saçları var, qarabənizdir, eynək taxır. Suleiman isə dazdır, gözləri açıq rəngdədir. Amma vəsiqədəki bu fərqlər ona qətiyyən problem yaratmayıb. Suleiman-a deyiblər ki, təhlükəsizlik masasında bəzi anketləri doldursun. Onu dərhal sanitariya şöbəsinə işə götürüblər və təyyarələr də daxil olmaqla, aeroportda bir sıra həssas bölmələrə çıxış əldə edib. O, təyyarədə pilotun kabinəsinə də nəzarətsiz girib, özünü lentə də alıb. Qapını oynadaraq şübhə yaratmağa çalışıb. Heç bir şübhə oyatmadığını görən Suleiman deyir ki, «ağlına təyyarəyə girib orda içki qablarının içinə «bomba» yerləşdirmək gəlib».

Ötən ilin oktyabrında Misirdə qəzaya uğramış Rusiya təyyarəsinin partladılmasına görə hücumu «İslam Dövləti» (İŞİD) qruplaşması üzərinə götürmüş və bildirmişdi ki, «Schweppes Gold» içkisinin bankasından partlayıcı qurğu kimi yararlanıb.

Suleiman boş içki qablarını və siqaretləri aeroportun guya steril sayılan hissəsinə gətirib və heç bir təhlükəsizlik yoxlamasından keçməyib. Qabları təyyarələrə yerləşdirən zaman da özünü çəkib. Yenə onu görən olmayıb. «İki gün ərzində 12 təyyarədə işlədim və istədiyimi edə bilərdim», - jurnalist «Channel 2»yə deyib.

İsrailin Təhlükəsizlik Assosiasiyasının rəhbəri, aeroportun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Pini Shiff deyib ki, Suleiman-ın əsl kimliyi dərhal aşkarlanmalıydı. O, podratçı şirkəti diqqətsizlikdə suçlayıb. P.Shiff Suleiman-ın aşkarladığı nöqsanların «çox ciddi» olduğunu vurğulayıb. Onu da söyləyib ki, bu qüsurlar ortaya çıxandan sonra aeroportda təhlükəsizlik prosedurları dərhal dəyişdirilib.

Tehran
Tehran

İRANA SANKSİYALARIN MƏNASI YOXDUR

«The Washington Post» qəzetində Tyler Cullis və Trita Parsi ABŞ-ın İrana sanksiyaları qaldırmasının vacibliyindən yazırlar.

«Embarqonun məqsədi İranın xarici siyasətini dəyişmək idi. Ancaq on illər keçib, amma Amerikanın bu birtərəfli məhdudiyyətləri məqsədinə çatmayıb. İranın siyasətini yumşaltmaq əvəzinə, nüvə gərginliyi güclənib. Ta o vaxta qədər ki, Obama administrasiyası diplomatiyaya doğru yol almağa başladı», - yazıda oxuyuruq.

Ötən il İran dünya gücləri ilə nüvə razılaşması imzaladı, bundan sonra İrana sanksiyalar qaldırılmağa başladı. Amma ABŞ-ın embarqosu qüvvədə qalır. «Bu da bizim İran siyasətini dəyişmək bacarığımızı məhdudlaşdırır. Yaxşı olardı, embarqonu qaldıraq, İran və Amerika şirkətləri arasında ticarəti gücləndirək, İranı Amerikanın rəhbərlik etdiyi qlobal iqtisadiyyata çəkək», - müəlliflər yazırlar.

Məqalə Obama administrasiyasını maliyyə, enerji və texnologiya sahələrində sanksiyaları götürməyə, insan haqları pozuntuları və terrorçuluğa dəstəyə görə qoyulanları isə saxlamağa çağırır.

«Amerikalılar İranla əlaqələri gücləndirmədən onun rəhbərliyinin və xalqının qərarlarına təsir göstərə bilməyəcəklər. Obama administrasiyası artıq personal kommunikasiya texnologiyalarının ixracına icazə vermək yolunda addımlar atıb. Bu, iranlıların qlobal texnologiya icmasına inteqrasiyasını asanlaşdırar», - müəlliflər vurğulayır.

XS
SM
MD
LG