Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Eldar zonasında meyvə qalmadı


İllüstrasiya
İllüstrasiya

►“Dünənki dolu bütün meyvələrimizi, taxılımızı məhv etdi. Həyətdəki ağacların üstündə ağıza atmağa meyvə qoymayıb”.

İyulun 11-də Samuxun Eldar zonasına yağan dolu Burunqovaq kəndinin sakini Sürəyya Əsədovanın həyətindəki meyvələri məhv edib. O, AzadlıqRadiosuna danışır ki, övladları 150-dən çox meyvə ağacından götürdükləri məhsulu – gilası, albalını, əriyi, əsasən, Rusiya bazarlarına çıxarırlarmış.

BUİLKİ LEYSANDAN, DOLUDAN OLMAMIŞDI

Dolu kənd sakini Pərviz Abışovun taxıl zəmisini də kor qoyub. Deyir, bu ilki leysanlardan, doludan olmamışdı. Sahədən bir ovuc taxıl götürəcəyinə də inanmır.

Ancaq təbiətin hadisəsi kəndliləri təkcə məhsulla “sınağa çəkməyib”. İkinci gündür ki, kəndlilər qaranlıqda qalıb.

Samuxun icra hakimiyyətindən “Qaynar xətt”inə bildiriblər ki, əkinçiliklə məşğul olanlar dəymiş zərərə görə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməlidilər. Ancaq bu, yalnız təsərrüfatını sığortalayanlara aiddir. Kəndlərə elektrik verilişinə gəlincə, qurum bildirib ki, kəndlərdə bu problemin həlli istiqamətində işlər görülür.

ŞƏMKİRDƏ DOLU

Şəmkirdənsə AzadlıqRadiosunun “Qaynar xətt”inə güclü külək nəticəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində bəzi kəndlərin işıqsız qalması ilə bağlı şikayət daxil olub. Çənlibel sakini Xəyyam Muradov deyir, bu azmış kimi, qəfil başlayan dolu vəziyyəti daha da ağırlaşdırıb:

“Güclü dolu evimizin dam örtüyünü sıradan çıxardıb. İcra nümayəndəliyinə xəbər vermişik. Tək bizim deyil, başqa evlərə də zərər dəyib. Əkin sahələrimiz məhv olub. Bura dolu tez-tez yağır, mayda da yağmışdı. Onun fəsadı ortadan qalxmamış yenə yağdı”.

Kənd sakini deyir, kənddə son aylar yağan leysandan, doludan ciddi zərər görməyən ailə tapmazsan. Kənd sakinləri təbii hadisənin vurduğu zərərə görə yerli icra hakimiyyətindən kompensasiya tələb edirlər.

XS
SM
MD
LG