Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Ucarda imtiyazlı ailələrin “qarışmış” siyahısı


Sahib Kərimov
Sahib Kərimov

►“Ucarda şəhid ailələrinə ev tikilməsi də rüşvətlə həll olunur. Bizdən sonra növbədə olanlara ev tikilib verilir, bizəsə deyirlər, “hələ gözləyin””.

Bunu AzadlıqRadiosuna müharibədə həlak olanın ailəsi kimi illərdir mənzil növbəsində duran Ucarın Bağman kənd sakini Sahib Kərimov deyir.

Onun sözlərinə görə, 9 ildir ev növbəsindədirlər. Ancaq bu yaxınlarda araşdırıb ki, onlardan sonra ev növbəsinə götürülənlərə ev tikilib:

“EVİ OLANA EV VERİLİR”

"Biz növbədə 13-cü yerdəyik. Qonşu kənddə yaşayan bir ailə var. Onlar da bizimlə eyni siyahıdadılar. Bu yaxınlarda məlum oldu ki, həmin ailəyə ev tikilib verilib. Halbuki, həmin ailənin iki yerdə evi var və kirayə veriblər. Bizimsə evə daha çox ehtiyacımız var. Araşdıranda üzə çıxdı ki, həmin ailə siyahıda 17-ci yerdədir. İcra hakimiyyətinə müraciət etdik, başçının qəbuluna getdik, dedi ki, “siyahı qarışıb”. Ancaq biz də yaxşı bilirik ki, bu siyahını “qarışdıran” səbəb var – bu da rüşvətdir. Kimin pulu var, adını növbədə önə çəkirlər, bizimkimilərsə sadəlövhcəsinə illərlə növbə gözləyir”.

DARISQAL, HAVASIZ 2 OTAQDA 11 NƏFƏR

Sahib Kərimov ailənin durumunun ağırlığından danışır. Deyir, atası Sahib 1994-cü ildə Ağdamın Malıbəyli kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Bundan iki ay sonra o doğulub və atasının adını veriblər. O da ağlı kəsəndən təkbaşına ailənin yükünü elə atasının adına layiq daşımağa qərar verib. Ancaq evsizlik 22 yaşlı gəncin belini büküb:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Ailəmizlə gah o, gah da bu qohumun evində qalırıq. Hazırda nənəmgilin darısqal, acınacaqlı şəraiti olan evində onlarla birlikdə qalırıq. 11 nəfər iki kiçik otaqda yaşayır. Yaşayışımızdan xəcalət çəkirik. Dövlət vaxtında bizə düşəni özümüzə versə, növbəmizi ona-buna satmasa, biz də onun-bunun qoltuğunda qalmarıq”.

İCRA HAKİMİYYƏTİ DEYİR, ARAŞDIRILACAQ

Ucar rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtiyazlı ailələrə ev tikilməsi ilə bağlı belə ailələrin siyahısını 2014-cü ildə yeniləyərək quruma göndərib. Qurum da həmin siyahı üzrə evləri tikib ailələrə təhvil verir. Qurum Sahib Kərimovun rüşvətlə bağlı dediklərini qəbul etmmir və növbə məsələsini araşdıraraq ona bu barədə məlumat verəcəyini bildirir:

“Biz özbaşına hərəkət etmirik. Hər hansı anlaşılmazlıq da ola bilər. Ancaq biz Nazirliyin siyahısına əsaslanırıq”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ev növbəsində dayananların siyahısı dərc edilmiş elektron səhifəsində Kərimovlar ailəsi ev növbəsində 13-cüdür.

Hüquqşünas Vaqif Alıyev deyir, araşdırmanın nəticəsi şikayətçi tərəfi qane etməsə, məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG