Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

«Brexit»dən sonra NATO-dan ümid qığılcımı gəlir


B.Obama NATO-nun Varşava sammitində

B.Obama NATO-nun Varşava sammitində

Avropada yeni millətçilik dalğası zühur edir; İŞİD ABŞ-dan qlobal düşünür – 12 iyul Qərb mediasının icmalı.

«Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsinin Qərbin üzərinə saldığı kölgə bir müddət çəkilən deyil. Amma ötən həftəsonu Varşavada NATO-nun sammiti bir ümid qığılcımı yaratdı. Rusiyanın aqressiyasını önləməkdən ötrü Şərqi Avropaya qüvvə yerləşdirmək və Əfqanıstan missiyalarının uzadılması qərarlarını ratifikasiya etməklə NATO və liderləri təsdiqlədilər ki, müdafiə sahəsində əməkdaşlıq funksional olaraq qalır və yeni hədələri də cavablamaq qabiliyyətindədir. Bu göstəri isə Rusiya prezidenti Vladimir Putin-i dilxor etməmiş deyil». Bunu «The Washington Post» qəzeti baş məqaləsində yazır.

ABŞ prezidenti Barack Obama Varşava qərarlarını «Soyuq müharibədən bəri kollektiv müdafiənin ən ciddi gücləndirilməsi» adlandırıb. NATO 4 ölkəyə – Polşa, Latviya, Litva və Estoniyaya 800-1200 əsgərdən ibarət dörd batalyon göndərəcək. Daha 4 batalyon isə Rumıniya və Bolqarıstanda yerləşəcək. Qəzet yazır ki, yeni hərbi qüvvələr Rusiyanın Ukraynanı işğalına və Baltik ölkələri yaxınlığında provokativ təlimlərinə, hava manevrlərinə cavabdır.

««Brexit»i (Britaniyanın AB-dən çıxmağa səs verməsi) alqışlayan, bunun Qərbdə parçalanma yaradacağına ümid edən Putin indi sərhədləri boyunca NATO əsgərlərini görəcək. Eləcə də Avropa Birliyi Obama administrasiyasının dəstəyi ilə ötən ay sanksiyaları yeniləyib. Moskva buna hərbi təlimlər və patrulları ilə cavab verə bilər. Amma onsuz da illərdir NATO qonşularını təxribata çəkməyə çalışır. İndi daha sərt cavabla qarşılaşacaq».

Məqalədə NATO-nun qərarlarında da fərqli fikirlərin olduğu vurğulanır. Məsələn, Almaniyanın xarici işlər naziri Qərbin Polşada hərbi təlimlərinə etiraz edir.

«Amma NATO indi Britaniya səsverməsinin ertəsi gününkündən daha qətiyyətli görünür. NATO göstərdi ki, əsas təhlükəsizlik məsələlərində Britaniyanı, AB-nin əksər üzvlərini, ABŞ və Kanadanı bir araya gətirə bilər. Respublikaçılardan prezidentliyə namizəd olacaq Donald Trump-ın bundan dərs çıxaracağını gözləmirik, amma amerikalı seçicilər çıxarmalıdırlar».

Qeyd edək ki, Donald Trump bir sıra ziddiyyətli bəyanatlarla yanaşı, NATO-nun mövcudluğunu da sual altına almış, onu «köhnəlmiş qurum» adlandırmışdı.

Çexiyada miqrantlar əleyhinə aksiya

Çexiyada miqrantlar əleyhinə aksiya

AVROPADA YENİ MİLLƏTÇİLİK DALĞASI

«Millətçilik Avropanın ən güclü müasir ənənələrindən biridir, amma İkinci Dünya müharibəsindən sonra nüfuzdan düşmüşdü. Son 10 ildə Avropa Birliyini vuran böhranlar, Britaniyanın blokdan çıxmağa səs verməsiylə millətçilik yenidən zühur etməkdədir». Bunu isə «The Financial Times» qəzetində Tony Barber yazır.

Müəllif bugünkü millətçiliyin 1789-cu il Fransa inqilabıyla doğulub, 1945-ci ildə dəfn olunan millətçilikdən fərqləndiyini qeyd edir. Çünki bu günün siyasi və iqtisadi şərtləri bambaşqadır. 19-cu əsr Avropasında milli şüuru yetişmiş millətlərin çoxunun dövləti yox idi. 1918-1939-cu illər ideoloji ekstremizmi – faşizm və kommunizmdən də söhbət getmir.

Müəllif müasir millətçiliyin əsasən iki formada peyda olduğunu vurğulayır: birincisi, hökumətlər AB daxilində milli maraqlarını daha güclü müdafiə etməyə başlayırlar və ikincisi, sağçı populizm yüksəlir.

«Hər iki cərəyan dərin siyasi və sosial trendləri üzə çıxarır. Brüssel və ölkələrdəki siyasi elitalara inamsızlıq artır. Özəlliklə, Avropada mötədil sol mərkəzçilərin seçiciləri 20-ci əsr üslublu sosial demokratiyanın iqtisadi təhlükəsizliyi təmin etmə və mənsubiyyəti qoruma bacarığına inamı itirməkdədir», - müəllif yazır.

Məqalədə qeyd olunur ki, gələn il Fransada prezident, Almaniyada isə parlament seçkilərinədək inteqrasiyaya doğru böyük addım atılmayacaq. Hətta ondan sonra da alınmaya bilər. Fransada prezident seçkisini udmağa iddialı sağ mərkəzçi müxalifət olan respublikaçılar sərhədlərə daha sərt nəzarət tərəfdarıdır, Avropa Komissiyasının rolunun azaldılmasını, AB siyasəti üzərində daha güclü milli nəzarət istəyirlər. Bu mövqe Polşanın mühafizəkar millətçi hökumətinin siyasətinə daha çox uyğun gəlir.

Millətçiliyin digər forması olan radikal sağçı populizmə gəlincə, bu cərəyan, azından, Qərbi Avropada 1890-cı illər Fransası və alman nasizmi dövrüylə müqayisədə daha az antisemitdir. Bu populizm islamofobikdir, miqrantlara qarşıdır. Oktyabrda Avstriyada baş tutacaq təkrar prezident seçkisində belə bir namizəd ölkə başçısı seçilə bilər.

Müəllif bir məqamı vurğulayır ki, sağçı cərəyan cəmiyyətin qəzəbli təbəqəsini öz tərəfini çəkə bilir, bu narazılar multikulturalizm, qloballaşan iqtisadiyyat, liberal dəyərlərdən incik düşənlərdir.

«Amma əsas zəiflikləri ondadır ki, iqtisadi siyasətləri yoxdur, bircə avroya və azad ticarətə qarşı çıxmağı bacarırlar. Yeni millətçilik radikal sağçı rənglərə baxmayaraq, müasir Avropaya etibarlı həll yolları təklif edə bilmir. Müasir Avropa, çətinliklərə rəğmən, qarşılıqlı əməkdaşlığa və açıq dünyaya söykənən daha yaxşı gələcəyə baxmalıdır».

İŞİD yaraqlıları

İŞİD yaraqlıları

İŞİD ABŞ-DAN QLOBAL DÜŞÜNÜR

««İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının hücumları göstərir ki, son itkilərə baxmayaraq, güclüdür və müasir dövlətlərə ziyan vurmağı hədəfləyən qlobal strategiyasını yerinə yetirmək əzmindədir. Birləşmiş Ştatlar İŞİD-lə qlobal miqyasda savaşmaq strategiyasını tutmasa, bu qruplaşmaya qarşı İraq və Suriyada taktiki uğurlar qazanmaq miqyasından çıxmasa, savaşı uduzacaq, ölkəni də qoruya bilməyəcək». Bunu «Foreign Policy» dərgisində Jessica Lewis Mcfate və Christopher Kozak yazırlar.

Müəlliflər qeyd edirlər ki, İŞİD həm yerli, həm də qlobal strategiya sürdürür. İraq və Suriyada yerli strategiyası xilafəti qorumaqdan ibarətdir. Regional miqyasda isə xilafəti genişləndirməyi, daha çox döyüşçü cəlb etməyi nəzərdə tutur. İŞİD-in qlobal strategiyası Qərblə dini müstəvidə savaşdan, cəmiyyətləri İslam uğrunda və ona qarşı olmaqla parçalamaqdan ibarətdir.

«Siyasətçilər bir məsələni dərk etmirlər ki, İŞİD-in regional və qlobal əməliyyatlarında məqsəd heç də İraq və Suriyadakı ərazisini qorumaq deyil. Banqladeş, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Misir və Livanda son hücumlar ərazi itkisinə reaksiya deyil, heç ekspansiya da demək deyil. İŞİD bu ölkələrdə potensialını artırmağa, xilafəti bütün müsəlman dünyasına yaymağa çalışır. Bu ölkələri zəiflədə bilsə, hətta əgər onların diqqətini İŞİD-lə mübarizədən ayırıb daxili təhlükəsizliyə yönəldə bilsə, onda ərazisinə təhlükə yaradan koalisiyalar gücdən düşər».

Müəlliflər İŞİD-in İordaniya, Yəmən kimi ölkələrə əməlli problemlər yaratdığını da vurğulayır. Bu ölkələr terror hücumları, qaçqın axını, siyasi böhran içindədir.

Müəlliflər ABŞ-ı İŞİD strategiyasına yenidən baxmağa, bu strategiyanı qlobal müstəviyə çıxarmağa çağırır. Onların fikrincə, Birləşmiş Ştatlar dünyanın digər yerlərində İŞİD-ə bağlı sələfi-cihadçı qrupların yaratdığı təhlükəni də gözardı etməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG