Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Avropada ipoteka 1,7 faizdir, Azərbaycanda 10?


arxiv fotosu
arxiv fotosu

Azərbaycan Beynəlxalq Bankı verdiyi ipoteka kreditlərinin illik faiz dərəcələrini 2% artırıb. "Report"un xəbərinə görə, bank öz vəsaiti hesabına ipoteka kreditlərini əvvəlki kimi illik 8%-lə deyil, 10%-lə ayırır. Kreditlər üzrə ilkin ödəniş və müddətdə dəyişiklik edilməyib. Əvvəlki qaydada 10% ilkin ödəniş verməklə, 20 illik müddətə ABB-dən ipoteka krediti götürmək mümkündür.

10 faizlə də ipoteka krediti olarmı? Bu, mənzilə ehtiyacı olanlara əlçatandırmı? Azərbaycanda ipotekanın, məsələn, Avropadakı kimi 1,7--3 faizlə olması üçün nə etmək lazımdır?

Iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ipoteka aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşması üçün nəzərdə tutulsa da hələ də onun əlçatanlıq məsələsi müzakirə mövzusudur:

“Uzun müddətdir ki, Azərbaycanda ipoteka, xüsusilə onun əlçatanlıq məsələsi müzakirə olunur. Ilkin ödəniş, aylıq ödəniş dərəcələrinin çox olması, faiz dərəcələri, tələb olunan sənədlərin çoxluğu bir çox hallarda ipoteka şərtlərindən daha çox sosial imkanlı təbəqənin yararlanmasına şərait yaradır. Bu isə ipotekanın sosial mahiyyətinə zidd hesab olunur. Çünki burda aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşmasından söhbət getməlidir. Bununla bağlı hazırlanan strategiyadan ölkə vətəndaşları çox ciddi dəyişikliklər gözləyirdilər.

Rəshad Həsənov
Rəshad Həsənov

Təəssüflə qeyd edək ki, son imzalanan ipoteka ilə bağlı fərmanda bəzi məsələlərə aydınlıq gətirilməyib. Hazırda ipoteka kreditlərinin əlçatanlığı məsələsinə əhalinin gəlirləri xüsusilə aztəminatlı ailələrin, sosial qrupların gəlirləri baxımından yanaşsaq, müəyyən problemlər hələ də qalmaqdadır. Bu məsələdə xüsusilə ilkin ödənişlə bağlı problem ortaya çıxacaqdır. Eyni zamanda ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi proyektin sosial əhəmiyyətini nisbətən azaldır. Çünki daha az vəsaitlər ayrılır.

Ümumiyyətlə götürəndə son 10 ildə 18 min insanın mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb ki, biz il ərzində qurulan ailələrin sayını götürsək, məlum olur ki, həmin ailələrin 70-80 faizi mənzil problemini həll edə bilməyib, bu prizmadan yanaşanda məlum olur ki, ipotekadan yararlananların sayı çox kiçik rəqəmdir.

Rəşad Həsənov: "İpotekadan yararlanan çox azdır...."
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00
Direct-ə keçid

İpoteka üçün bir qədər artıq vəsaitin həcminin ayrılması hələ ki görünür ki, baş tutmur. Faktiki olaraq 2016- cı ildə ipoteka kreditlərinin verilməsində ciddi durğunluq yaranıb. Ilin 5 ayı ərzində cəmi 140-a yaxın ipoteka verilib. Bu istiqamətdə görüləcək işlər çoxdur. Daha yaxşı olar ki, sosial mənzil layihəsi sürətləndirilsin və əhalinin aztəminatlı təbəqəsinin daha azaylıq ödənişlə mənzil sahibi olmaq imkanı yaradılsın. Vəsaitlər bu istiqamətə yönəltməklə daha çox vətəndaşın problemini həll etmək mümkündür. “

ŞƏRTLƏR ÇOX AĞIRDIR

Iqtisadçı ekspert Ruslan Atakişiyev isə bildirir ki, Azərbaycanda ipotekanın şərtləri olduqca ağırdır:

“Bu gün Azərbaycanda ipotekanın, eləcə də kommersiya ipotekaların faiz dərəcələri yüksəkdir və şərtləri ağırdır. Sosial ipotekadan əhalinin gözləntiləri olduqca böyükdür. Qeyd edim ki, Italiyada və ya bir çox Avropa ölkəsində ipotekanın illik faizi 1,5 faizdir. Bu hətta bizim sosial ipotekanın faiz dərəcələrindən belə aşağıdır. Yəqin ki, bu istiqamətdə işlərin aparılmasına böyük ehtiyac var. Xüsusilə də əhalinin rəyinin öyrənilməsinə ehtiyac var”.

"KÜBAR İPOTEKA"

İqtisadçı ekspert Qubad İbadoğlu isə Azərbaycandakı ipotekanı “elitar” ipoteka adlandırır.

Ilkin ödəniş və illik faiz dərəcələri ipotekaya çıxış imkanlarını məhdudlaşdırır. Yəni Azərbaycanda təqdim olunmuş ipoteka daha çox elitar, kübar ipotekadır. Daha yüksək əmək haqqı olan şəxslərin bu prosesdə iştirakına şərait yaradır. Azərbaycanda orta aylıq əmək haqqı 487,5 manatdır. Yəni bu əmək haqqı ilə orta statistik azərbaycanlı ipoteka vasitəsi ilə mənzil əldə edə bilməz.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Azərbaycanda gənclərin əmək haqqı orta aylıq əmək haqqından aşağıdır. Və eyni zamanda dövlət sektorunda çalışanların əmək haqqı orta aylıq əmək haqqından aşağıdır. Özəl sektorda isə iş yerləri daimi deyil. Bəzən gənclər özəl sektorda yüksək əmək haqqı ilə iş tapırlar, amma müəyyən müddətdən sonra işlərini itirirlər və yeni iş axtarışına məcbur qalırlar. Bu isə ipotekaya çıxışda fasiləsiz ödəmədə problem yaradır.

O baxımdan həm əmək haqqı şərtlərinə, həm ilkin ödəniş tələblərinə, həm maksimal illik faiz dərəcəsinə görə Azərbaycandakı mövcud ipoteka daha çox kübar ipotekadır. Bu bir azərbaycanlının əldə edə biləcəyi şəkildə təqdim olunmur. Və bu baxımdan Azərbaycanda gənclərin mənzillərə çıxış probleminin həll edilməsində bu ipoteka konsepsiyasının əhəmiyyətli rolundan danışmağa dəymir.

XS
SM
MD
LG