Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:40

«Türkiyə ikili oyun oynayır»


«Cəbhat ən-Nusra» döyüşçüləri
«Cəbhat ən-Nusra» döyüşçüləri

Alman deputatlar Türkiyənin İncirlik bazasına giriş tələb edirlər; Zorladıqları qurbanlarla evlənib cəzadan yayınırlar – 11 iyul Qərb mediasının icmalı.

«The Washington Post» qəzetində Joby Warrick yazır ki, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizə aparmasına baxmayaraq, Türkiyə digər ekstremistlərə sığınacaq verir.

«Türkiyə Misirin 2013-cü ildə devrilmiş «Müsəlman Qardaşlığı» hökuməti tərəfdarlarına sığınacaq verir və bu siyasətini də müdafiə edir. Türkiyədə sığınacaq alanlar arasında Misirin «Əl-Camaa əl-İslamiyə» qruplaşmasının liderləri də var. Bu qruplaşma üzvləri 1990-cı illərdə Misirdə turistlərə hücumlar edib, daha sonra bir neçə dəfə amerikalıları öldürməyə çalışıblar», - müəllif yazır.

Türkiyənin sığınacaq verdiyi şəxslər sırasında «Əl-Qaidə» lideri Ayman al-Zawahiri-nin kadrları da olub. Bunu ABŞ Maliyyə Departamentinin keçmiş antiterror rəsmisi, hazırda Vaşinqtondakı Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatlar üzrə vitse-prezidenti Jonathan Schanzer deyir: «Bu, çox narahatedici faktordur, çünki Türkiyə NATO-nun üzvüdür və vahid düşmənə qarşı Qərbin yanında olmalıdır».

Yazıda vurğulanır ki, Türkiyə hələ illər öncə «Həmas» kimi islamçı qruplara dəstək göstərib, baxmayaraq ki, ABŞ bu qruplaşmanı terrorçu təşkilat kimi tanıyıb. Türkiyə dəfələrlə «Həmas» əməliyyatçılarına sığınacaq verib, bu qrup iki il öncə İstanbulda beynəlxalq qərargah açıb.

«2013-cü ildən bəri Türkiyə Misir prezidenti Abdel Fatah al-Sissi hökuməti opponentlərinin sığınacaq yerinə çevrilib. İstanbulda minlərlə «Müsəlman Qardaşlığı» fəalı yaşayır. Onların azı iki veb-televiziya kanalı var ki, onlar da Sissi əleyhinə proqramlar yayır, onun dünyəvi hökumətinin devrilməsinə çağırır».

Müəllif yazır ki, bu siyasət Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın İŞİD-ə qarşı tutduğu mövqeyə ziddir. Amma bir iş də var ki, Erdoğan «Cəbhat ən-Nusra» kimi islamçı qruplaşmalara daha mülayim mövqedə durur. Elə ötən aykı çıxışında Erdoğan deyib ki, «terrorçu» damğası bu qruplaşmaya elə də uyğun gəlmir.

Türkiyə rəsmiləri isə ölkənin ikiüzlü siyasət yürütməsinə dair tənqidləri qəbul etmir, ABŞ da daxil olmaqla, Qərb ölkələrinin Türkiyənin terrorçu saydığı kürd qruplaşmalarına silah və pul yardımını yada salır. Rəsmilər bəzi qrupların açıq fəaliyyətinə icazə verməklə onları nəzarətdə saxladıqlarını deyirlər. Ancaq təhlilçi Schanzer xatırladır ki, Ankara vaxtilə radikal Suriya fraksiyaları barədə də eyni sözü deyirdi.

«Türkiyə onların sərhədi keçməsinə göz yumdu və indi bədəlini ödəyir. Onların ideyası buydu ki, İŞİD üzvüylə Misir islamçı qruplaşması, yaxud «Cəbhat ən-Nusra»ya aid olanı fərqləndirəcəklər. Amma onlar fərqləndirməyi bacarmırlar və indi yollarını da azıblar», - Schanzer deyir.

İncirlik bazası
İncirlik bazası

ALMAN ƏSGƏRLƏR GERİ QAYTARILSIN

Bazar günü bəzi alman deputatlar deyiblər ki, Ankara onların İncirlik bazasına girişinə qadağanı qaldırmazsa, bu bazadakı alman hərbçilər geri qayıtmalıdır. Bu barədə «Reuters» agentliyi yazır.

Ötən ay Almaniya parlamenti keçən əsrin əvvəlində Osmanlı İmperiyası dönəmində ermənilərin qətlini «soyqırımı» kimi tanıyan qətnamə qəbul edəndən sonra Türkiyə alman deputatların bu bazaya girişinə qadağa qoyub.

Almaniya kansleri Angela Merkel də deyib ki, deputatların bazadakı 250 əsgərə baş çəkməsinə icazə verilməlidir. Həmin əsgərlər NATO-nun İraqdakı İŞİD silahlılarına qarşı əməliyyatlarında iştirak edirlər.

Mübahisəli qətnamənin müəlliflərindən olan, Almaniyanın Yaşıllar Partiyasının sədri, türk əsilli Cem Özdemir ARD televiziyasına deyib ki, durum qəbuledilməzdir. «Əsgərləri göndərən deputatlar kimi onların harada, necə olduğunu bilməli, onlarla danışmalıyıq. Bu, Türkiyədə mümkün olmayacaqsa, əsgərlər Almaniyaya qayıtmalıdır», - o söyləyib.

Merkel-dən də soruşublar k, razılaşma olmadan əsgərlərin İncirlik bazasından geri çağrılmasını nəzərdən keçirərmi? O deyib ki, bu məsələni danışıqlar yoluyla həll etməyə çalışır. «Deputatların əsgərlərə baş çəkməsinin bir yolu tapılmalıdır. Bu yöndə işi davam etdirməliyik», - o, ZDF kanalına müsahibəsində bildirib.

Merkel şənbə günü Varşavada NATO sammiti çərçivəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşüb. O, fikir ayrılıqlarına baxmayaraq, mühitin konstruktiv olduğunu söyləyib.

Zorakılıq
Zorakılıq

ZORLADIQLARI QURBANLARLA EVLƏNİRLƏR

Türkiyədə cinsi təcavüz törədən minlərlə şəxs öz qurbanlarıyla evlənməklə cəzadan yayınırlar. Belələri içində uşaqları zorlayanlar da var. İndiyədək Türkiyədə 3 min belə hal qeydə alınıb. Bunu Türkiyə Ali Apellyasiya Məhkəməsinin cinsi cinayətlər departamentinin rəhbəriMustafa Demirdağ deyir. Məlumatı Türkiyənin «Milliyet» saytına istinadla «The Independent» qəzeti yayıb.

Demirdağ seksual cinayətləri araşdıran parlament komissiyasında çıxış edib. O, bir neçə misal gətirib. Məsələn, bir qızı üç nəfər zorlayıb. Onlardan biri qızla evlənəndən sonra hər üçünün cəzası ləğv olunub.

«Belə bir nikah qəbuledilməzdir», - Demirdağ deyib. «Kimisə istəmədiyi şəxslə ailə qurmağa, ömrünü onunla keçirməyə məcbur etmək qəddarlıqdır».

Oxşar cinayətlər törədənlər 16 il 8 aylıq həbs cəzasına məhkum edilirlər.

Demirdağ bəzi hallarda bu cəzanın ədalətli olmadığını da söyləyib. Məsələn, 15 yaşlı qız sevdiyi oğlandan onu qaçırmasını istəyib, əks halda intihar edəcəyini deyib. Oğlan da onu qaçırıb. Sonra da adətlərə uyğun evləniblər, 3 uşaqları olub. Demirdağ deyir ki, yeni qanundan əvvəl bu işə baxılsaydı, oğlan minimum 8 il 4 aylıq həbs cəzası alardı. «İndi isə cəza 16 il 8 aydır. Sizcə, bu ədalətlidir? Məncə, deyil. Amma mən qanunu icra edənəm».

Bir neçə il öncə Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyənin məişət zorakılığı qurbanlarını yetərincə qorumaması barədə qərar çıxarıb. Bundan sonra Türkiyə 2012-ci ildə uyğun qanunvericiliyi qəbul edib.

Ötən il 3 nəfər 20 yaşlı tələbə Özgecan Aslan-ı zorlama cəhdinə və qətlinə görə ömürlük həbsə məhkum edilib. Bu hadisədən sonra Türkiyədə qadınlara qarşı zorakılığa küçə etirazları keçirilib.

XS
SM
MD
LG