Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:15

Prezidentə məktub: «Ya iş verin, ya vətəndaşlıqdan çıxarın»


Bakıda Bayraq Günü

Bakıda Bayraq Günü

Lobbiçilik hərəkatının güclənməsi, manatın gələcək taleyi, işsizlik problemi bugünkü medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN DİASPORU GÜCLÜ LOBBİÇİYƏ ÇEVRİLİR

«Azərbaycan» qəzeti ölkə diasporunun güclü lobbi hərəkatına dönməsinin lazımlığını təbliğ edən məqalə yayıb.

Məqalədə bu ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 25-ci ildönümünün tamam olduğu xatırladılır. Müəllifin fikrincə, bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlara bəzi dövlətlər ancaq qibtə edə bilərlər: «Güclü vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi Azərbaycan həm də iqtisadi və hərbi baxımdan Cənubi Qafqazın lideri, söz sahibi olan ölkəsidir. Bu gün rəsmi Bakının razılığı və iştirakı olmadan bölgədə heç bir transmilli layihənin həyata keçirilməsi mümkün deyil».

Müəllif bu uğurlara baxmayaraq, problemlərin də çox olduğunu deyir. Bu sırada torpaqların işğal altında olması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən bəhs edir. Azərbaycanın mədəniyyəti və müasir uğurlarının da təbliğ edilməsini vacib məsələ kimi önə çəkilir.

Məqalədə xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi, sosial-mədəni həyatına inteqrasiya etmələri, siyasi dairələrə nüfuz etmələri diaspor təşkilatlarının əsas vəzifələrindən biri kimi dəyərləndirilir.

Müəllifin düşüncəsinə görə, bütünlükdə, azərbaycanlıların lobbiçilik fəaliyyəti daha təsiredici faktora çevrilməli, yaşadıqları dövlətin siyasi qərarlarının qəbulunda, hər bir xarici cəmiyyətin Azərbaycanla bağlı düzgün ictimai-siyasi münasibətinin formalaşmasında mühüm rol oynamalıdır.

Manat

Manat

MANATA TƏZYİQLƏR ARTACAQ

«Yeni Müsavat» qəzeti «Manata təzyiqlər artacaq» məqaləsi ilə manatın durumunu ekspertlərlə dəyərləndirir.

Məqalədə manatla bağlı durumu ekspertlərin yenə də kritik dəyərləndirdiyi vurğulanır. Onların çoxu manatı ilin sonunadək indiki səviyyədə saxlamağın mümkünsüzlüyünü deyirlər. Əksinə, manat yenidən və kəskin ucuzlaşma ehtimallarının yüksəkliyinə işarə edirlər. Ekspertlərin fikrincə, milli valyutanın dəyər itirməsini önləmək üçün bəzi addımlar atıla bilər. Ancaq bu mexanizmlərin olmaması devalvasiya narahatlığını bir qədər də artırır.

«Ən yaxşı halda indiki məzənnəni ilin sonuna kimi saxlamaq mümkün olmayacaq, indiki məzənnə 1.56, hətta 1.70 həddinə qədər qalxacaq». Bunu isə ekspert Əkrəm Həsənli deyir. Onun fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatası normal addımlar atdığı halda bu fərq az dəyişə bilər. Amma normal addımlar olmazsa, dolların 2 manatdan da yuxarı qalxması mümkündür. Ekspert Mərkəzi Banka və Palataya manatla bağlı ən pis ssenarinin baş verməməsi üçün kreditlərin təyinatı üzrə xərclənməsini nəzarətdə saxlamaq tövsiyəsi verir.

«Manatla bağlı durum getdikcə pisləşir, son 13 ildə ilk dəfədir ki, tədiyyə balansında kəsir yaranır, xarici ticarətdəki mənfi saldo manata təzyiqləri artırır». Bu qənaəti isə ekspert Qubad İbadoğlu bildirib. İl ərzində neft satışı və qeyri-neft sektorundan daxil olan mədaxilin 7-8 milyard dollar olacağını deyən ekspert bunun rəsmi idxala görə valyuta xərclərini ödəməyəcəyi qənaətindədir.

İşsizlər

İşsizlər

«MƏNİ VƏTƏNDAŞLIQDAN ÇIXARIN»

«Azadlıq» qəzeti Sumqayıt şəhər sakini Fariz Həsənovun ölkə başçısı İlham Əliyevə Azərbaycan vətəndaşlığından çıxarması ilə bağlı müraciətini dərc edib.

F.Həsənov bu müraciətinə səbəb olan faktları belə izah edir: «2 ildir ki, işsizəm. Bu 2 ildə işsizliyə və aclığa görə ailəm dağıldı. İşsiz olduğuma üçün aliment vermək imkanım yoxdur. Məhkəmə isə buna görə mənə həbs cəzası verməyə hazırlaşır».

F.Həsənov «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədrinin qəbulunda olduğunu, ona işə qəbul ediləcəyi vədi verildiyini, ancaq vədin vəd olaraq qaldığını yazıb. F.Həsənov prezidentə yazdığı məktubunda iddia edir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən.

Məktub müəllifi İlham Əliyevə müraciətində iş tapa bilməməsini məmurların ona ruzi qazanmağa imkan verməməsi kimi dəyərləndirir.

Müəllif deyir: «Dəfələrlə anam da, mən də Sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Amma görürəm ki, heç bir nəticəsi yoxdur. Əgər doğrudan da bu problemin həlli bu qədər çətindirsə, o zaman Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni Azərbaycan vətəndaşlığından çıxarasınız».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG