Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

“Azərbaycanın milli marağı - NATO, hakimiyyətin siyasi marağı - Rusiya"


NATO sammiti
NATO sammiti

Varşavada keçirilən, Azərbaycan prezidentinin də qatıldığı NATO sammiti işini bitirir. Qonşu Gürcüstan sammitdən Alyansa üzvlüklə bağlı qəti bir söz gözləyir. Bəs Azərbaycanın gözləntisi nədir?

“Azərbaycanın NATO sammitindən heç bir gözləntisi yoxdur. Bakı nə NATO ilə əməkdaşlığını genişləndirmək, nə də alyansın post-sovet məkanında, eləcə də regionda hərbi nüfuzunun göstərməsində maraqlıdır”, -Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər belə düşünür.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Onun sözlərinə görə, Azərbaycanın bir çox beynəlxalq qurumla, o cümlədən, NATO ilə əməkdaşlıq potensialı əsasən tükənib: “Təkcə Azərbaycanın deyil, avtoritar rejimlərin beynəlxalq qurumlarla məhdud əməkdaşlıq imkanları vardı ki, bu da tükənir”.

Sülhəddin Əkbər hesab edir ki, Azərbaycanın siyasi rəhbərliyi ölkənin NATO prespektivini istəmir, çünki bu istək rüşvət və korrupsiya ilə mübarizə, hökumətin hesabatlılığı və şəffaflığı, eyni zamanda təhlükəsizlik qüvvələri və ordu üzərində parlament nəzarəti, bütün sahələrdə demokratik islahatlar deməkdir.

YENİ DÜNYA DÜZƏNİ

Müsahibimiz əlavə edir ki, hazırda yeni dünya düzəni qurulur və bu, Rusiyanın aqressiyası ilə üzləşdiyindən proses uzun çəkə bilər: “ NATO-nun əsas strategiyası Rusiyanın müqavimətini zəiflətmək və yeni dünya düzəninə razılaşdırmaqdır.Avtoritar rejimlər də Rusiyanın yanındadır. Bu baxımdan Azərbaycanın milli maraqlı onu Qərbin, NATO-nun yanında olmasını şərtləndirir, siyasi hakimiyyətin maraqları isə Rusiyanın”.

Sühəddin Əkbər hesab edir ki, “bu ikiləşmə” ilə üzləşən Azərbaycan həlledici məqam yaranarsa, qərar vermək çətinliyi yaşaya bilər.

“NATO İLƏ ƏMƏKDAŞLIQ DAHA ÇOX ALYANSA LAZIMDIR"

Beynəlxalq şərhçi Fərhad Mehdiyev də hesab edir ki, Azərbaycanın NATO sammitindən nəsə gözləməyinə əsas yoxdur. Onun fikrincə, Azərbaycanla əməkdaşlıq daha çox NATO-ya lazımdır: “Əfqanıstandakı əməliyyatlarla bağlı Azərbaycan hava məkanından dəhliz kimi istifadə edir”.

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

Fərhad Mehdiyev hesab edir ki, NATO öz maraqlarının təminində Azərbaycandan istifadə edə bilir, “Rusiyanın aqressiyasının qarşısını almaq, az da olsa onu zəiflətmək üçün NATO regionda öz nüfuzunu saxlamağa çalışır və buna da nail olur”.

Şəhrçi onu da əlavə edir ki, Azərbaycanın NATO-dan gözləyə biləcəyi bir şey yoxdur, “əgər ordusunu NATO standartlarına uyğunlaşdırmaq, maliyyələşdirmək istəsə, onda bu əməkdaşlığa ehtiayc duyula bilər.

“KEÇƏN DƏFƏ BELƏ MADDƏ VAR İDİ..."

“Azərbaycan NATO-nun sammitindən yalnız yekun qərarda ərazi bütövlüyünün tanınması ilə bağlı rəyin əks olunmasını gözləyə bilər”, millət vəkili Rasim Musabəyov gözləntini açıqlayır.

Millət vəkilinin sözlərinə görə, belə bir təsdiqin vurğulanması Qarabağ münaqişəsinin həllində real təsiredici qüvvə daşımasa da, Azərbaycanın mövqeyinin bir daha NATO dövlətləri tərəfindən təsdiqlənməsi müsbət hal kimi qiymətləndirilər: “Əvvəlki sammitdə yekun qərarda belə bir maddə vardı, tam beynəlxalq hüquqa söykənən bir bənd idi və bu, Ermənistan tərəfinin xeyli kefini pozmuşdu”.

Rasim Musabəyov
Rasim Musabəyov

Rasim Musabəyov gündəmdə Azərbaycanın NATO prespektivinin durmadığını vurğulayır, deyir ki, nə Azərbaycan, nə də NATO ortaya belə bir iddia qoyub: “Biz görürük ki, belə iddialarla çıxış edən Ukraynanı, Gürcüstanı NATO qapısı qarşısında ayaq döyməyə məcbur ediblər. NATO-ya üzvlük müraciəti heç də onların təhlükəsizliyi möhkəmlənməyib, əksinə, problemlərlə üzləşiblər”.

Milli Məclis üzvü deyir ki, Azərbaycan doğrü siyasət yürüdərək NATO ilə əməkdaşlığını bu səviyyədə saxlayır. O əlavə edir ki, Azərbaycan NATO istiqamətini alyans üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı möhkəmlətmək yolu ilə inkişaf etdirir.

XS
SM
MD
LG