Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:46

►DİN “Cinayətlərin açılma faizi yüksəlib”

"2016-cı ilin birinci yarısında Azərbaycanda ictimai əsayiş və təhlükəsizlik etibarlı qorunub. Cinayətkarlığın dinamikası və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib".

Bunu daxili işlər naziri Ramil Usubov bu gün ilin ilk yarısının yekunu ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Toplantıda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə altı ayın yekunları, qarşıda duran tapşırıqlar müzakirə edilib.

R.Usubov Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərdə və Formula 1 yarışlarında təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu bildirib.

Cinayətkarlıqda azalma var

Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov isə statistik bilgiləri açıqlayıb. Onun deməsinə görə, hesabat dövründə 14 251 cinayət qeydə alınıb. Həmin cinayətlərin 85 faizdən çoxu böyük ictimai təhlükə törətməyən əməllər olub. Cinayətlərin 14 faizə qədəri isə ağır və xüsusilə ağır xarakter daşıyıb.

Nazir müavininin deməsinə görə, cinayətkarlıqda azalma var. Qəsdən adamöldürmələr 5.2, zorlamalar 16.7, avtomobil oğurlanması 13, qəzalar 13, qəzalarda həlak olanlar 25, xəsarət alanlar isə 13 faiz azalıb.

İnsan alveri artıb

V.Eyvazov cinayətlərin açılma faizində isə irəliləyişin olduğunu bildirib. O deyib ki, hesabat dövründə baş verən cinayətlərin 84 faizi açılıb .

Nazirin birinci müavinin deməsinə görə, əməliyyat tədbirləri zamanı 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib.İnsan alveri ilə bağlı sistemli işlər görülüb.

Ancaq açıqlanan rəqəmlərdən bəlli olub ki, ötən ilin 6 ayı ilə müqayisədə insan alveri ilə bağlı cinayətlər 16 faiz artıb.

Vilayət Eyvazov deyib ki, 16 nəfər belə əməllərə görə, məsuliyyətə cəlb olunub. 52 nəfər qurbanın isə cəmiyyətə inteqrasiyası təmin edilib.

Ancaq müstəqil hüquqşünaslar bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar.

Onlar deyillər ki, Azərbaycanda bəzi cinayətlər qeydə alınmır. Nəticədə cinayətlərin açılma faizi süni şəkildə şişirdilir.

Bu isə hüquq mühafizə orqanlarının uğuru kimi təqdim edilir.

Müstəqil hüquqşünaslar düşünür ki, Azərbaycandakı hüquq mühafizə orqanlarının peşəkarlığı heç də yüksək səviyyədə deyil. Onların deməsinə görə, təqsirləndirilən şəxsə qarşı sübutlar bir çox hallarda işgəncə üsulları ilə toplanır. Hərçənd, Azərbaycanın hüquq mühafizə orqanlarının rəhbərləri belə tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG