Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda qanun zəiflər üçündür? («Borc və Azadlıq» silsiləsindən 3-cü yazı)


Hakim
Hakim

Borc və Azadlıq

Əkrəm Həsənov
Əkrəm Həsənov

Redaksiyadan:

Diqqətinizə yetirilən bu yazı silsiləsini bəyənə də bilərsiniz, bəyənməyə də. Bəzi düşüncələri aşırı subyektiv də saya bilərsiniz, amma... Amma əmin olun ki, qaldırılan məsələlərin aktual, faydalı və ertələnməz məqamlarını dana bilməyəcəksiniz. Axı bu yazılar silsiləsi bir peşəkarın qələmindən çıxıb.

İndi daha çox vəkil kimi tanınan Əkrəm Həsənov hüquq və iqtisad təhsili alıb. O, Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2008-ci ildə Avropa Şurası Siyasi Biliklər Məktəbindən də məzun olub. 2001-2011-ci illərdə bank sistemində çalışıb. Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi, «Bank of Baku» ASC hüquq departamentinin direktoru və Bank VTB (Azərbaycan) ASC İdarə Heyəti sədrinin müavini olub. 2011-ci ilin sonundan bəri müstəqil hüquqşünas kimi çalışır. Vəkillər Kollegiyasının üzvüdür. Bu ildən etibarən, «Antikollektor» MMC-nin də həmtəsisçi və rəhbəridir. Mülki Məcəlləni açıqlayan iki kitabın, eləcə də «Azərbaycanın bank hüququ» monoqrafiyasının (rusca) və 50-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 4 qızı var. Azərbaycanda hüquqi dövlətin qurulmasını, övladlarımızın bizdən daha rahat yaşamasını və Vətənlərindən qürur duymasını özünün ali məqsədi sayır.

Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)

Soyunan borclular... («Borc və Azadlıq» silsiləsindən 2-ci yazı)

Bizdə «qanun zəiflər üçündür» qənaəti var. Kim zəif olmaq istər ki?! Hamı güclü görünmək istəyir. Bu üzdən qanuna əməl etmək əfəllik, onu pozmaqsa fərasət göstəricisidir. Sadə insan da, imkan düşdükcə, qanunu pozmağa çalışır, yaxud bunu arzulayır (əhalimizin əksəriyyətinin bir arzusu var: vəzifə tutub rüşvət almaq!). Ən azı, yol hərəkəti qaydasını pozur. İstisna deyil ki, sonradan elə özü və ya yaxınları yol hərəkəti hadisəsinin qurbanı olur. Axı onun kimi digərləri də qaydaları pozmağı özünə vacib bilir. Yüksəkvəzifəli məmur da başqasının haqqını tapdalayır, əmlakını əlindən alır və s. Vəfat etdikdən, yaxud vəzifədən çıxarıldıqdan sonra isə onun da əmlakını başqası zəbt edir. Çünki mülkiyyət hüququnun qorunmadığı yerdə heç kəsin əmlakı təminatlı deyil. Nəticədə, heç kəs iqtisadi fəaliyyətini uzunmüddətli planlaşdırmır, bir-birini aldatmağa, indi qazanıb, sonra aradan çıxmağa can atır. Axı sabaha ümid, hər hansı qaydanın işləkliyinə əminlik yoxdur. İqtisadçılar demişkən, belə cəmiyyətdə normal institutlar formalaşmayıb, buna görə də iqtisadi inkişaf mümkünsüzdür.

TƏRCÜMƏ QANUNLAR...

Qərb və Rusiya qanunlarının tərcümə edilərək qəbul olunması heç bir nəticə vermir. Əksər hallarda tərcümələr də uğursuz və anlaşılmazdır. Axı bu işi də, əsasən, hüquqi şüuru aşağı səviyyədə, hüquqi təhsili formal olan hüquqşünaslar görür. Qanunların icrası da dərəbəyilik (qaydasız döyüş) şəklini alır. Ötən ilin noyabr ayında dövlət başçısı İlham Əliyev Şəkidə məhkəmə sistemimizin qüsurlarından və korrupsiyadan danışarkən deyib: «Məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə, inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişafın çox önəmli şərtidir... Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur».

Lakin hələ də əksər hallarda məhkəmə qərarları dərc edilmir. Çünki məhkəmə qərarlarında eyni məsələyə fərqli münasibət adi hala çevrilib. Belə şəraitdə hüquqi müdafiəyə, hüquqşünas dəstəyinə də inanan azdır. Axı «hüquqşünas qanunun, yəni düşmənin dostudur!»sa, ona etibar etmək olarmı? Ondansa məmurun dediyi kimi hərəkət etmək daha ucuz və səmərəli olmazmı?! Ədalət naminə demək lazımdır ki, hüquqşünaslarımızın əksəriyyəti belə münasibətə layiqdir, çünki onlar dəllal, maklerdən başqa bir şey deyil.

QAYDASIZ HƏYAT HEYVANLARA VƏ BARBARLARA XASDIR

Hüquq elmi və təhsili olmayan, əhalisinin hüquqi şüuru aşağı sayılan ölkədə hüquq ola bilməz. Əslində, hüquq insan cəmiyyətinin vacib institutudur. Qaydasız həyat heyvanlara və barbarlara xasdır. Əlbəttə, biz heyvan deyilik (halbuki, heyvan təbiətli insanlarımız da az deyil), deməli, barbarıq!

Barbar cəmiyyətində hüquq sisteminə ehtiyac yoxdur. Hüquq sistemi qabaqcıl da ola bilər, gericil də. Bu, subyektiv yanaşmadan, əqidədən asılıdır. Məsələn, Qərb öz hüquq sistemini qabaqcıl, Birləşmiş Ərəb Əmirliklərinin hüquq sistemini geridə qalmış sayır. Amma mühüm olan bu deyil. Əsas odur ki, onların hamısı hüquq sisteminə malikdir. Yəni hüquq normalarını məhkəmə qoruyur. Bu səbəbdən hüquqşünasın rolu önəmlidir. Hüquqşünas həkimə bənzəyir, dəqiq diaqnoz qoyub müalicə yolunu göstərməlidir. Axı cəmiyyətdə baş verən əksər hüquqi məsələlər yeni deyil, nə vaxtsa kiminsə başına gəlib və həllini tapıb.

Bizdə isə bu, mümkün deyil, çünki bizim hüquqşünas məhkəmənin eyni məsələyə fərqli münasibət göstərməyəcəyinə əmin deyil, buna görə də diaqnoz qoya bilmir. Məsələn, təsəvvür edin ki, həkimin yanına getmisiniz, o da sizə dəqiq dərman yaza bilmir və deyir ki, dərmanın təsiri belə də ola bilər, elə də və s. və i.a. Belə həkim kimə lazımdır? Bax bizim hüquqşünaslar və vəkillər həmin həkimin günündədir. Çünki bizdə hüquq sistemi yox dərəcəsindədir, daha doğrusu ölkəmizdə barbar hüququ, yəni güclünün hüququ hökm sürür.

BİZİM BƏZİ FƏNDGİR HAKİMLƏR...

İslami dəyərləri dərk etmədiyimiz kimi, formal mənsub olduğumuz digər sivilizasiyanın – Avropanın da dəyərləri bizə yaddır. Bəli, Avropada borca görə həbs yoxdur. Dövlətimizin qoşulduğu «Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt»ın 11-ci maddəsində və «Avropa İnsan Hüquqları Konvensiyası»nın 4-cü Protokolunun 1-ci maddəsində birmənalı deyilir: «Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz». İlk baxışdan, başqa yolumuz yoxdur, əməl etməliyik.

Lakin bizim bəzi fəndgir hakimlər bu qadağanın yanından ötdüklərini düşünürlər və formal olaraq, vətəndaşı borcun ödənilməməsinə görə deyil, borcun ödənilməsinə dair məhkəmə qərarının icra edilmədiyini əsas götürüb, onu inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edərək həbs edirlər. Qanun məhkəmə qərarlarının yalnız üzrsüz və qərəzli, yəni təqsirli icra olunmamasına görə məsuliyyət nəzərdə tutsa da, vətəndaşın məhz qəsdən təqsirli olaraq borcunu ödəməməsinin sübut edilməsinə, adətən, heç cəhd də göstərilmir. Məsələnin ətraflı hüquqi təhlili ilə bir qədər aşağıda tanış ola bilərsiniz.

ƏVVƏLLƏR HAKİMLƏRİMİZ DAHA KOBUD YOLA ƏL ATIR VƏ...

Düzdür, əvvəllər hakimlərimiz daha kobud yola əl atır və biçarə borclunu dələduz sayırdılar. Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etməkdir. Ancaq Ali Məhkəmə Plenumunun hələ 31 yanvar 2002-ci il tarixli Qərarında bu yanaşmanın yanlış olduğu təsbit edilib. Orada deyilir: «Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq etibardan sui-istifadə yolu ilə törədildikdə, təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. Əmlakın geri qaytarılmaması obyektiv hallarla - müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi hallarla əlaqədar olmuşsa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzim olunmalıdır».

Təbii ki, adətən, bu şərtlər daxilində dələduzluq niyyətinin sübutu çətindir. Həmin niyyət olubsa belə. Əksər hallarda isə belə niyyət həqiqətən olmur və borc, sadəcə, imkansızlıqdan qaytarılmır. Üstəlik, kreditor bank və ya bank olmayan kredit təşkilatıdırsa, borclunun dələduzluq yolu ilə kredit almasını iddia etmək qeyri-ciddidir. Çünki peşəkar kreditor kredit verərkən hər şeyi yoxlamalıdır. Bunu etməyibsə, riski də özü daşıyır. Bununla belə, təcrübədə borcluların dələduzluqda ittiham edilməsi hallarına hələ də rast gəlinir.

ƏSAS MƏSƏLƏ

Hər bir halda burada əsas məsələ xalqın hüquqi şüurudur. Yazımın ilk hissəsində vurğuladığım kimi, tarixboyu borclulara amansız münasibəti xalq özü dəstəkləyib və borclu oğruya bərabər tutulub. Humanist ideallar tədricən üstün gəlib. Azərbaycanda isə əhalinin mütləq əksəriyyəti son zamanadək borcluya qarşı amansız idi («canı çıxsın, ödəsin», «götürəndə düşünmək lazım idi» və s.). Borclunu cəzalandırmaq üçün müxtəlif, əksər hallarda qanunsuz yollara (borclunun qorxudulması və döyülməsi üçün çözücüyə - «razborşik»ə və ya polisə müraciət və s.) əl atmaq da normal sayılırdı. Bank işçiləri, kollektorlar, hakimlər, icra məmurları da xalqımızın nümayəndələridir. Onlardan daha mərhəmətli və şüurlu olmağı gözləmək sadəlövhlük olardı. Hətta hüquqşünas və vəkillərimizin də bir qismi borca görə həbsə haqq qazandırır, ancaq...

... Ancaq kütləvi borclanma şəraitində xalqımızın məsələyə münasibəti yavaş-yavaş dəyişir. İlk növbədə hüquqşünasların baxışını dəyişmək, onları maarifləndirmək lazım gəlsə də...

BORCA GÖRƏ HƏBSİN QANUNAZİDD OLMASI

Burada yazacaqlarım, əsasən, hüquqşünaslara ünvanlanıb. Məsələdə vicdanlı və həqiqətən yanılan hüquqşünaslara.

Məhkəmə aktının təqsirsiz icra edilməməsi məsuliyyətə səbəb ola bilməz. Qeyd etdiyim kimi, bəzi hakimlər vətəndaşı borcun ödənilməməsinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarının icra edilməməsinə görə inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edərək həbs edirlər. Bu zaman onlar İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və ya Cinayət Məcəlləsinin 306.1-ci maddəsini rəhbər tuturlar.

İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşa maksimum bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə isə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və ya əmrini qərəzli olaraq icra etməmə maksimum üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yəni hər iki halda söhbət, sadəcə, məhkəmə aktının icra edilməməsindən deyil, üzrsüz səbəbdən və ya qərəzli olaraq icra edilməməsindən gedir. Deməli, vətəndaşın üzrsüz, yaxud qərəzli olması sübut edilməlidir. Konkret olaraq məhkəmə aktı borcun ödənilməsini tələb edirsə və borclu onu ödəmək iqtidarında deyilsə, deməli, qərarı üzrlü icra etmir və burada hər hansı qərəz yoxdur.

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI

Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 2 oktyabr 2012-ci il tarixli Qərarı da bunu tam təsdiqləyir. Həmin qərarda məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

«- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması».

Göründüyü kimi, «borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması» məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir. Yəni sadalanan digər dörd əlamət mövcuddursa, amma borclunun borcu ödəməyə faktik imkanı yoxdursa, burada hər hansı qərəzdən söhbət gedə bilməz.

TƏQSİRSİZLİK QALXANI

Ümumiyyətlə, istər inzibati, istərsə cinayət məsuliyyəti şəxsin təqsirli olduğu halda mümkündür. Təqsirin nədən ibarət olması və mövcudluğu sübuta yetirilməlidir. Konstitusiyamızın 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyil.

Cinayət Məcəlləsinin 7-ci maddəsi yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla biləcəyini nəzərdə tutur. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Nəhayət, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində deyilir:

«8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir».

QƏSDƏN VƏ YA EHTİYATSIZLIQDAN SUÇ İŞLƏMƏK

Məlum olduğu kimi, təqsirin iki növü var: qəsdən və ya ehtiyatsızlıqdan. Şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə bilərəkdən yol vermişdirsə, bu əməl qəsdən törədilmiş sayılır. Şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, ancaq yetərli əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək, qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl ehtiyatsızlıqdan törədilmiş sayılır.

Ardı var

XS
SM
MD
LG