Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

T.Bağırzadə və F.Qəhrəmanlının məhkəməsi başlayır


Taleh Bağırzadə
Taleh Bağırzadə

Həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi iyulun 19-da başlayacaq.

Vəkil Elçin Sadıqov deyir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Hələ istintaq yenicə başa çatarkən müdafiə tərəfi açıqlamışdı ki, cinayət işində ortaya sübut qoya bilməyiblər. Üstəlik, istintaq bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F.Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 ( milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olduğu bildirilir. Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənir.

Həmin vaxt rəsmi və hakimiyyətyönlü mətbuatda bildirilirdi ki, Nardaran qəsəbəsində dini radikal qüvvələr kök salıb.

T.Bağırzadə isə bu əməliyyatdan əvvəl hakimiyyəti sərt tənqid edirdi. O, əməliyyat ərəfəsindəki çıxışlarının birində üzünü hakimiyyət rəsmilərinə tutaraq soruşmuşdu: «Deyirsiniz ki, Allaha xatir Gürcüstandakı erməni kilsələrinə qaz verirsiniz. Bəs Nardarana niyə qaz vermirsiniz?».

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası verilib.

XS
SM
MD
LG