Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:32

«Hakimiyyət ekstremistlərə yol açdı»


Bakıda aksiya - 2011
Bakıda aksiya - 2011

Azərbaycanlı qaçqınları: «Hərənin öz evi»; Dağlıq Qarabağ: Yeni açılım, yoxsa risk artır? – 7 iyul Qərb mediasının icmalı.

«World Affairs» dərgisində Carl Gershman korrupsiyanın bir sıra cəmiyyətlərdə kök salmış problem olmasından, siyasi sistemə və hökumət institutlarına ictimai inamı sarsıtmasından yazır.

«Korrupsiya bəlası yeni və inkişaf edən demokratiyalarda ədliyyə, media və digər institutların iflasının əsas problemi sayılır. «Oğruların hökuməti» anlamına gələn kleptokratiyalarda isə korrupsiya sistemin əsas həyat mənbəyidir və problemin də kökündə durur».

«Hakim siyasətə və liderlərə alternativ yaradan mötədil siyasi səslərin məkanını daraltmaqla kleptokratiyalar ekstremistlərə yol açır. Azərbaycanlı alim, Milli Demokratiya Fondunun Reagan-Fascell təqaüdü üzrə keçmiş əməkdaşı Altay Göyüşovun sözlərinə görə, Azərbaycanda dinc fəallara və islahatçılara qarşı repressiya həyata keçirməklə rejim sabitlik yönündə çalışdığını iddia edir. «Ancaq yanlış düşünürlər. Cəmiyyətdə mötədil səsləri məhv etməklə Azərbaycanın rəhbərləri antiqərb mühiti yaratmış oldular ki, bu da həm region, həm də Qərbə ciddi təhlükə olan ekstremistlərə münbit şərait yaratdı», - məqalədə oxuyuruq.

Müəllif yazır ki, adi korrupsiyadan fərqli olaraq, kleptokratiyalar korrupsioner təcrübələrini ölkələrindən kənara ixrac edirlər, yeni və inkişaf edən demokratiyalara təsir göstərirlər. Kleptokratların korrupsioner ölkələrdən pul çıxarması da oturuşmuş təcrübədir. İndiki zəmanədə bu fəaliyyət demokratiyaya ciddi problemlər yaradır.

Müəllif kleptokratiya problemiylə mübarizənin fəallar üçün ciddi əhəmiyyət daşıdığını, bu fəalların avtoritar rejimlərlə mübarizədə ön cəbhədə olduğunu vurğulayır. Belə fəallardan biri də azərbaycanlı cəsur jurnalist Xədicə İsmayıldır. O, nəhəng korrupsiya müəssisələrinin prezident İlham Əliyev və onun ailə üzvlərinə bağlılığını ortaya çıxaran araşdırmalar etdiyinə görə həbsə atılıb.

«Onun və digər dissidentlərinin həbsinin Azərbaycanın Qərb institutlarında iştirakına ziyan vurmaması böyük narahatlıq yaradır. Gerald Knaus ötən il «Journal of Democracy»dəki məqaləsində yazırdı ki, Azərbaycan kleptokratiyası sərhədlərindən kənarda da dərin və aşındırıcı təsirə malikdir. Knaus Azərbaycan hakimiyyətinin Avropa Şurasını necə zəbt etdiyini, bu qurumun insan haqları işini necə neytrallaşdırdığını detallı təsvir edirdi».

Müəllif Anqola, Ukrayna kimi ölkələrə kleptokratiyanın vurduğu ziyandan söz açır. Ukraynada Viktor Yanukovych prezident olduğu 4 il ərzində ölkənin 40 milyard dollarlıq sərvətinin oğurlanmasına şərait yaradıb. Bu sərvət, əsasən, prezidentin, qohumlarının və dar miqyasda biznesmenlərin cibinə axıb.

Müəllif kleptokratik avtoritar rejimlərin qlobal maliyyə sistemindəki banklar və digər institutlarla sıx alyans yaratmasına diqqət çəkir. O, kleptokratlarla beynəlxalq maliyyə sisteminin münasibətinə son qoymağa çağırır. «Bunun kleptokratik ölkələrdə dövlət oğurluğuyla savaşan fəallara və araşdırmaçı jurnalistlərə faydası dəyəcək… Fəallar və beynəlxalq oyunçular bir-birilə işləməyin səmərəli yollarını taparsa və bir-birini dəstəklərsə, xeyir görərlər», - müəllif vurğulayır.

Köçkün yataqxanası
Köçkün yataqxanası

QARABAĞ QAÇQINLARI: «HƏRƏNİN ÖZ EVİ»

Almaniyanın «Deutche welle» televiziyasının əməkdaşı Seda Serdar isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsiylə sərhəddə yerləşən Tərtər rayonunda olub, Bakıda məcburi köçkünlərlə görüşüb.

Müəllif yazır ki, aprelin əvvəlindəki 4-günlük toqquşmalardan sonra Tərtər sakinləri özlərinə gəlməyə çalışırlar. Tərtərə 17 yaşında gəlmiş 67 yaşlı Olga Kruglova hücum vaxtı evdə olmayıb. Amma qızı evdəymiş. «Bizi Allah saxladı», - Kruglova hadisələri canlandırmağa çalışır. «Çox çətin günlər idi. Hücumdan sonra gecələr yata bilmirdim. Gecə oyanıb ağlayırdım».

Füzuli rayonundan olan 80 yaşlı Gülarə Əliyeva isə Bakının Yeni Yasamal rayonunda yaşayır. Özü və oğulları 1990-cı illər müharibəsində savaşıb. «Çiynimdə çox cəsəd daşımışam... İndi gördüyünüz kimi, durumumuz çətindir. Lazım olsam, yenə cəbhə xəttinə gedərəm. Buna cəsarətim çatar», - Gülarə xanım danışır. O, 44 və 46 yaşlı oğullarının taleyindən narahatdır, onların ailə qurmasını, ev-eşik sahibi olmasını istəyir.

Müəllif digər köçkünlərlə də görüşüb. 42 yaşlı Rəna Əliyevanın övladlarıyla yaşadığı kiçik otağı təsvir edir. Qadın hökumətdən razılıq edib. «Ancaq onun olduqca çətin yaşam şəraitindən, darısqallıqdan giley-güzarı apaydın görünür. Hər şeydən öncə Dağlıq Qarabağa qayıtmağa can atır. «Hər şeyə görə minnətdaram, amma hərənin öz evi», - deyir Rəna xanım. Onun evi erməni işğalında olan Zəngilanda yerləşir».

Müəllif Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətdən ötrü öncəlik daşımadığını, BMT Təhlükəsizlik Şurasının işğala son qoymağa çağıran dörd qətnaməsinin yerinə yetirilmədiyini qeyd edir. Bu günlərdə Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Yerevanda və Bakıda səfərdə olub, indiki status-kvonun davamlı olmadığını bildirib.

Müəllif yazır ki, Tərtər və digər rayonlarda təhlükəsizliyin sakinlər üçün əsas narahatlıq mənbəyi olmasına baxmayaraq, həyat davam edir. «Çobanlar qoyun sürülərini dağılmış yollardan keçirərək yaşıl çəmənliklərdə otarırlar».

Qarabağda erməni artilleriyası
Qarabağda erməni artilleriyası

DAĞLIQ QARABAĞ: YENİ AÇILIM, YOXSA RİSK ARTIR?

Beynəlxalq Böhran Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yeni hesabat açıqlayıb.

Qurum cəbhə xəttində toqquşmalar qızışarsa, bunun aprel döyüşlərindən daha dağıdıcı olacağı barədə xəbərdarlıq edir. Hesabat ATƏT-in Minsk qrupunu sülh prosesində təşəbbüsü ələ almağa, danışıqları intensivləşdirməyə, tərəflərə güzəştə getməkdən ötrü təzyiq göstərməyə çağırır. «Özəlliklə, Ermənistana təzyiq göstərilməlidir ki, işğal etdiyi Azərbaycan torpaqlarını qaytarsın. Azərbaycan isə güclü, beynəlxalq təhlükəsizlik təminatlarını və Dağlıq Qarabağ üçün aralıq statusu qəbul etməlidir», - hesabatda vurğulanır.

Beynəlxalq Böhran Qrupunun mövqeyinə görə, Avropa Birliyi Minsk qrupuna güclü siyasi dəstək göstərməlidir. ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu isə gələcək sülhyaratma qüvvələrindən ötrü hazırlıq işini sürətləndirməlidir. Bu qüvvələrin tərkibi barədə çox danışılacaq, amma planlaşdırma müzakirələri canlanmalıdır.

«Bunlardan heç biri Dağlıq Qarabağ münaqişəsinin yekun həlli demək deyil. Amma Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasından ötrü erkən və koordinasiyalı addım atılarsa, təhlükəsizliyin təminatı və Dağlıq Qarabağın aralıq statusu üçün etibarlı tədbirlər görülərsə, sülh prosesi indiki çıxılmaz durumdan çıxa, müsbət istiqamətə yönələ bilər».

XS
SM
MD
LG