Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

Dollar yenidən «ceyran belində»


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Azərbaycanın enerji layihələri, dollara tələbatın artması, səhiyyə sistemindəki vəziyyət və ölkədə turizmin inkişafına mane olan səbəblər bu gün medianın əsas mövzularıdır.

ETİBARLILIQ SİMVOLU

«Azərbaycan» qəzetində «Azərbaycan etibarlı enerji tərəfdaşdır» sərlövhəli () məqalə ili tanış olmaq olar.

Yazıda ölkənin beynəlxalq enerji təhlükəsizliyi sistemində rolundan söz açılır.

Müəllif yazır ki, Azərbaycan həm dənizdə, həm də quruda böyük karbohidrogen ehtiyatlarına malikdir. Amma indi əsas diqqət dənizdəki ehtiyatların işlənməsinə verilib. Yazıda Azərbaycanın dünyadakı rolu prezidentin çıxışlarından sitatlar gətirməklə oxuculara çatdırılır:

«1994-cü ildən bu günə qədər Azərbaycan bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu və şərəfli yol keçib. Qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilib. Planlaşdırdığımız bir dənə də layihə yarımçıq qalmayıb. Bu layihələri icra etmək üçün çox böyük səylər, həmçinin siyasi səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı. Bu böyük layihələr bir çox ölkələrlə razılıq əsasında icra edildi. Çünki ilk növbədə, qarşıda nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı»,-deyə dövlət başçısı qeyd edib.

Müəllif daha sonra yazır ki, 1994-cü ildə imzalanmış «əsrin müqaviləsi» kontraktlarından ta TAP-a qədər imzalanan sənədlərdə tərəfdaşların hüquqlarına hörmətlə yanaşılıb və bu yanaşma indi də davam etdirilir: «Yəni, bugünkü vəziyyət öz-özünə yaranmayıb. Əldə edilmiş bu uğurlar göydən düşməyib. Bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub. Bir daha demək istəyirəm ki, biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində bu nailiyyətlərə çata bilərdik».

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

DOLLAR QITLIĞI

Azadliq.info saytında isə «Dollara tələbat yenə artdı» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı Məhəmməd Talıblının dəyərləndirmələrinə yer verilib. Müəllif yazının girişində qeyd edir ki, ölkədə yenidən dollar qıtlığı yaşanır. Sahibkarlar dollar tapmaqda böyük çətinliklər çəkirlər. Bir çox bankların 500 dollardan artıq satmadığını dair şikayətlər var:

«Bu isə devalvasiya ərəfəsi əhval-ruhiyyəni gücləndirir. Amma yaranmış vəziyyətdən çıxış yolu kimi hökumət tam başqa yolu seçib. Mərkəzi Bank yenə ənənəsinə sadiq qalaraq, dövriyyədəki manatı yığışdırmaqla vəziyyətdən çıxmağa çalışır».

Müəllif daha sonra iqtisadçıdan soruşur –«Mərkəzi Bankın manatın məzənnəsini sabit saxlamaqdan ötrü seçdiyi bu yol nə dərəcədə düzgündür?».
İqtisadçı sayta bildirib ki, Mərkəzi Bankın bu addımları heç bir səmərə verməyəcək. Çünki bank sektorunda dollarlaşma səviyyəsi manatı 3-4 dəfə üstələyib: «Bu o deməkdir ki, milli valyuta olan manatın tədavül vasitəsi kimi funksionallığı sual altındadır. Ölkə vətəndaşları onu işlək valyuta kimi istifadə etməkdə maraqlı deyillər. Manatı bazardan yığıb çıxarmaqla dollar-manat proporsiyasına nail olmaq, hələ, valyuta sabitliyi demək deyil. Hər iki valyutaya tələb-təklif nisbəti bu həddi özü formalaşdırmalıdır. Ona görə manatı bazardan yığıb çıxarmaqla dollara süni tələb formalaşdırmaq mümkün olmayacaq».

Həkim
Həkim

SƏHİYYƏDƏ SİYASƏT

«Bizim Yol» qəzetində dərc edilən «Səhiyyədə siyasət» sərlövhəli məqalədə xəstəxanalardakı ölüm halları araşdırılıb.

Müəllifin gəldiyi nəticəyə görə, xəstəxanalarda baş verən bir çox ölüm hallarında səbəblərdən asılı olmayaraq, bir səhlənkarlıq izi var.

Amma müəllifin yazmasına görə, insanlar artıq bu ölümlərə alışıblar. Ölümə tale yazısı kimi baxırlar. Müəllif vurğulayır ki, belə yanaşma qorxuludur və yeni ölümlərə səssizcə razılıq verməkdir: «Biz bu vərdişləri tərgitməyincə, əzizlərimiz sistemdə bilərəkdən və ya bilməyərəkdən yaradılan problemlər üzündən bir-bir əlimizdən gedəcək».

Müəllif ölüm hadisələrinin araşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin yaratdığı komissiyaların açıqlamalarını da bir çox məqamlara görə doğru bilmir. Yazıda qeyd edilir ki, bu ölüm hallarına «texniki hadisə» kimi izahatlar verilir: «Birinci dəfə texniki hadisə sayılan hal, ikinci dəfə baş verəndə bunun adı məsuliyyətsizlik olur. Üçüncü dəfə «neyləsəm məni qoruyanlar, xilas edənlər var» arxayınlığıdır. Üçüncü dəfə törədilən «texniki səhv» artıq «kefim belə istəyir, gedin o yana» söyləməkdir və bu, artıq böyük təhlükədir».

Çimərlik
Çimərlik

İNKİŞAF İNHİSARÇILIĞI SEVMİR

«Novoye Vremya» qəzetində isə «Azərbaycan turizm Məkkəsi ola bilərmi?» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, bu suala Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi kontekstində cavab vermək düzgün olardı.

Daha sonra məqalədə İqtisadiyyat Nazirliyinə istinadən Xəzər akvatoriyasında çimərlik turizmini inkişaf etdirməkdən ötrü xüsusi zonaların yaradılacağı və orada güzəştli vergi tətbiq ediləcəyindən söz açılır. Amma müəllifin fikrincə, bu məsələdə bəzi qeyri müəyyənlik var: «Aydın deyil ki, bu zonaların statusu necə olacaq? Onlar məhz harada yerləşəcəklər, turist zonası deyildikdə konkret nə başa düşülür?».

Müəllifin zənnincə, ölkədə turizm pis inkişaf edib. Bir çox insanlar qonşu ölkələrdə istirahət etməyə üstünlük verirlər. Müəllif əsas səbəb kimi bahalığı göstərir: «Hər yay Xəzər sahili boyunca çimərliklərə sərbəst daxil olmaq məsələsi gündəliyə gəlir. Amma bizim çimərliklərdə pullu giriş sistemi yaradılıb, oliqarxların villalarının və hündür hasarlarının tikintisi, hələ, indi-indi sürət götürür?».

Məqalədə vurğulanır ki, Azərbaycanda turizmin inkişafına ən böyük maneə rəqabət mühitinin olmamasıdır: «Neft erası bitir. Dövlət büdcəsini doldurmaq üçün başqa yollar tapılmalıdır. Turizm sektoru ölkəyə valyuta gətirəcək mənbələrdən biridir. Amma inhisarın tüğyan etdiyi vaxtda təəssüf ki, Azərbaycan turizmin Məkkəsi ola bilməyəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG