Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:04

Ağdaş seçkisinin nəticələri təsdiqləndi


Ağdaşda seçkilər
Ağdaşda seçkilər

Bu gün Konstitusiya Məhkəməsində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələri təsdiqlənib.

APA-nın xəbərinə görə, iclasda hakim Sona Salmanova çıxış edib. Deyib ki, təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb: «Protokolu Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermə hüququ olan 18 üzvünün hər biri imzalayıb. Ali Məhkəməyə 4 şikayət daxil olub, 3 şikayət üzrə apellyasiya məhkəmələrinin qərarları qüvvədə saxlanıb. Apellyasiya məhkəmələrinin 1 qərarı isə ləğv olunub. Prokurorluğa isə 1 şikayət daxil olub, bu şikayət də baxılması üçün MSK-ya göndərilib».

Ancaq söhbətin hansı şikayətlərdən getdiyi qeyd edilməyib.

Daha sonra MSK sədri Məzahir Pənahov danışıb.

İclasın yekununda hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq edib.

İyunun 29-da Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin ümumi yekunlarına dair protokolu təsdiqləyib Konstitusiya Məhkəməsinə göndərmişdi. MSK-nın yekun protokoluna əsasən, Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qalib gəlib. C.Osmanovun 19 min 674 (85.6 faiz) səs topladığı bildirilir.
Ağdaş rayonunda keçirilən təkrar seçkilərdə C.Osmanovdan başqa 6 namizəd də deputatlıq uğrunda mübarizəyə qatılmışdı. Həmin namizədlərdən 5-i bitərəf, digəri isə Ümid Partiyasının sədri İqbal Ağazadə idi. İ.Ağazadə seçki günü «karusel»dən istifadə edildiyini – yəni bir nəfərin bir neçə məntəqədə səs verdiyini bildirmişdi.

90 saylı Ağdaş seçki dairəsində seçkilər iyunun 18-də keçirilmişdi.

Azərbaycanda son parlament seçkiləri isə 2015-ci il noyabrın 1-də keçirilib. Həmin seçkilərdə də hakim Yeni Azərbaycan Partiyası deputat mandatlarının çoxunu qazanmışdı. Həmin vaxt 90 saylı Ağdaş seçki dairəsində əvvəlcə deputat, «Azəriqazbank»ın rəhbəri Çingiz Əsədullayevin qalib olduğu bildirilirdi. Ancaq sonradan MSK həmin dairədə nəticələri ləğv etdi. Mətbuatda bu, Ç.Əsədullayevin işdən çıxarılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın olması ilə izah edildi. MSK isə həmin dairədə pozuntulara yol verildiyini bəyan etmişdi.

XS
SM
MD
LG