Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

Türkiyənin hakim islamçıları Dəməşqdə rejim dəyişikliyi barədə o qədər düşünürdülər ki, cihadçıların Suriyaya axınına göz yumdular; İranda başını bağlayan qərblilər üzqarasıdır – 5 iyul Qərb mediasının icmalı.

Gələn ilyarım ərzində neftin qiyməti çox da qalxan deyil. Çünki tələb artımı yavaşıyır və emalçılar da rahatca tələbatı ödəyirlər. Bunu dünyanın ən böyük müstəqil neft ticarətçisi olan «Vitol Group of Cos.»un baş icraçı direktoru Ian Taylor «Bloomberg» televiziyasına müsahibəsində deyib.

«Bazarın nərə çəkdiyini eşitmirəm. Sistemdə xeyli neftimiz var və onu satmağa xeyli vaxt lazımdır», - Ian Taylor söyləyib.

Yanvarda barreli 27.10 dollara düşən «Brent» nefti son bir ayda 50 dollar civarına qalxıb. Taylor-un fikrincə, ilin sonuna məzənnə bugünkündən çox da fərqlənməyəcək və 2017-ci ilin sonuna 60 dollaradək qalxacaq.

«Bloomberg» yazır ki, bu proqnoz «Goldman Sachs Group Inc.»in mövqeyi ilə üst-üstə düşür. Bu da o deməkdir ki, neftlə zəngin ölkələr hələ uzun müddət ucuz neft dövrü yaşayacaqlar. Bu da 1986-1999-cu illər böhranına oxşardır. «Vitol» günə 6 milyon barrel xam neft və emal olunmuş məhsullar satır ki, bu da Almaniya, Fransa, İtaliya və İspaniyanın cəmi ehtiyaclarını ödəməyə yetər. Bu baxımdan, bu qrupun proqnozları enerji bazarında diqqətlə izlənilir.

Taylor-un sözlərinə görə, təchizatın kəsilməsi, gözləndiyindən daha güclü tələb artımı kimi birdəfəlik faktorlar ilin birinci yarısında bazarı gücləndirib və qiymətləri qaldırıb. Amma ilin ikinci yarısında tələb artımı səngiyəcək. Məsələn, təchizatın kəsilməsi səbəblərindən biri olan Kanadada meşə yanğınlarını da buraya aid etmək olar.

Taylor onu da vurğulayıb ki, «Vitol» ötən ilin eyni dövründə olduğu kimi, bu ilin birinci yarısında da çox qazana bilməyib. Ümumilikdə isə, qrup ötən il 2011-ci ildən bəri ən böyük qazanc – 1.6 milyard dollar əldə edib ki, bu da daha çox enerji bazarında qiymətlərin oynaması hesabına baş verib.

Suriya-Türkiyə sərhədi

Suriya-Türkiyə sərhədi

MÜASİR TÜRKİYƏNİN FACİƏSİ

«The Wall Street Journal» qəzetində Aslı Aydıntaşbaş ötən həftə İstanbulda Atatürk hava limanında 44 nəfərin ölümüylə nəticələnmiş hücumdan yazır. Müəllif son bir ildə Türkiyədə 15 belə partlayış, intiharçı hücum törədildiyini, 300-dək insanın həlak olduğunu vurğulayır.

Ölkənin cənub-şərqində isə kürdlərlə savaşda 6 min 900 kürd silahlısı öldürülüb, - hökumət belə deyir. Üstəlik, ordu və təhlükəsizlik qüvvələri də 600 itki verib. Beləliklə, bir ildə 8 min türkiyəli dünyasını dəyişib, ölkə 1990-cı illərdəki yarı-azad, yarı-despotik duruma qayıdıb.

«Son illər hökumətin qərarları Türkiyənin bəlasını daha da ağırlaşdırıb. Suriya müharibəsi başlananda, Türkiyənin hakim islamçıları Dəməşqdə rejim dəyişikliyi barədə o qədər düşünürdülər ki, cihadçıların Suriyaya axınına göz yumdular. Nəticədə «İslam Dövləti» silahlı qruplaşması çiçəkləndi. Və bu səhvə təkcə Türkiyə yol vermədi. Avropa hökumətləri də gənclərin bilet alıb İstanbula uçmasına, oradan Suriyaya keçməsinə tamaşa etdilər. 2012-ci ilin sonunda Suriyaya gedəndə, Kilisdə zeytunluqları adlayıb sərhədi keçdim, heç bir nəzarət, möhür-filan yox idi. Əcnəbi döyüşçülər ağacların kölgəsində dayanıb tanışlarını gözləyirdilər», - müəllif yazır.

Yazıda bu durumun bir neçə il davam etdiyi, yaraqlıların Türkiyədən rahatca keçib getdikləri vurğulanır. Daha sonra isə Türkiyə cənub sərhədi boyunca Suriya kürdlərinin güclənməsini əngəlləmək qərarına gəldi, kürdlərin İD-dən xilas etdiyi şəhərlərlə sərhədlərini bağladı. Ankara kürlərə İD-dən daha böyük təhlükə kimi baxır. Elə Suriyada onu narahat edən başlıca məsələ də orada kürd zonasının yaranmasını əngəlləməkdir.

«Bu, Türkiyənin uzunmüddətli maraqlarına və İD-ə qarşı beynəlxalq savaşa ziyan vurur. Türkiyə cənub sərhədi boyunca «kürd qurşağı»nın yaradılması ideyasını dəstəkləməli, özünü İraq və Suriyadakı sabitsizlikdən təcrid etməli, kürdlərlə sülh danışıqlarına qayıtmalıdır. Əhalinin 20%-ni kürdlər təşkil edən Türkiyənin prezidenti Recep Tayyip Erdoğan-ın Suriyadakı antikürd siyasəti ölkədəki silahlıları daha da qəzəbləndirir. Bu, müasir Türkiyənin faciəsidir. İslamçı rəhbərləri Osmanlı İmperiyasının nisgili ilə yaşayırlar… Həm kürd məsələsi, həm də İD bir-birinə bağlıdır və daha böyük düşüncə tələb edir. «İslam Dövləti» qruplaşmasını geri oturtmaqdan ötrü kürdlərlə işləmək gərəkdir, bunun başqa yolu yoxdur», - müəllif vurğulayır.

Federica Mogherini İranda

Federica Mogherini İranda

İRANDA BAŞINI BAĞLAYAN QƏRBLİLƏR

İranda başını bağlayan qərblilər üzqarasıdır. «New York Post»da Amir Taheri belə yazır.

«İranda mollaların dediyini et, iranlılar kimi davranma. Deyəsən, bu, Obama administrasiyasının bazara çıxardığı «nüvə sazişi»ndən sonra Tehrana qaçan Qərb diplomatlarının şüarına çevrilib», - yazan müəllif vurğulayır ki, ABŞ prezidenti Barack Obama-nın İranla diplomatik münasibətlərin bərpasını hədəfləyən 7 illik kampaniyası Khomeini-çi rejimin dağıdıcı davranışını dəyişdirə bilməzdi. Amma Avropanın bəzi dövlətləri İslam Respublikasının antiamerikanizminə göz yumaraq kommersiya sazişlərinə fokuslanıb.

Müəllif qeyd edir ki, mollalar bu fürsətdən yararlanıb «Böyük şeytan» üzərində tam qələbə çaldıqlarını bildirib. İrana səfər edən dünya liderləri isə bu ölkədəki insan haqları, edamlar, terrorçuluq məsələlərini qaldırmayıb. Qərb liderlərindən Almaniyanın vitse kansleri Sigmar Gabriel, Fransanın xarici işlər naziri Laurent Fabius, Avstriya prezidenti Heinz Fischer bu sıradadır.

«Qadın rəsmilərsə İran Xarici İşlər Nazirliyinin təsdiqlədiyi geyim kodeksinə əməl edir. Bu geyim kodeksi və hicabla milyonlarla iranlı qadın hər gün savaşmaqdadır. Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini qara geyinib, bir az da irəli gedərək iranlı həmkarı Mohammad Javad Zarif-i «Avropada insan haqları» mövzusunda dialoqa qatılmağa, İslam dəyərlərinə uyğun təkliflər verməyə çağırıb».

Müəllif Avstraliyanın xarici işlər naziri Julie Bishop-u, Belçika senatının prezidenti Christine Defraigne-ı oxşar davranışa görə tənqid edir. Ancaq iki rəsminin şərəflə davrandığı vurğulanır. Biri Cənubi Koreyanın prezidenti Park Geun-hye-dir. O, İrana səfəri zamanı başını nazik ağ şərflə örtüb, molla rejimini də tərifləməyib. Digəri isə Xorvatiya prezidenti Kolinda Grabar-Kitarovic-dir. O da rəsmi qəbul zamanı başına nazik örtük alıb, sarışın saçlarını qismən bağlayıb, ancaq şəhəri gəzəndə buna əməl etməyib. Çimərlik paltarında fotosunu internetdə yerləşdirəndə isə, mollalar ona hücuma keçib.

«Ləyaqətli davranışa görə mükafat isə Almaniya kansleri Angela Merkel-ə düşür. O, hicab taxa bilməyəcəyinə görə İslam Respublikasına səfərdən imtina edib», - müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG