Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

'Siyasi hüquqlar pozulmaqda davam edir'


►“Azərbaycanda ifadə azadlığının və siyasi plüralizmin təminatı ilə bağlı hakimiyyətin bəyanatlarına baxmayaraq, insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir ”.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin məlumatında belə deyilir.

Məlumatda əsasən vətəndaşların uydurma ittihamlarla mühakimə edilməsi praktikası pislənilir.

“Jurnalist, siyasi mühacir Qənimət Zahidin qohumları Rövşən və Rüfət Zahidovlar ötən həftə 6 il həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, artıq 10 gündür ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəsimi rayon şöbəsinin fəalı Xaqani Nəsirovun taleyindən xəbər yoxdur ”, deyə məlumatda bildirilir.

Mərkəz qeyd edir ki, dindarlara təzyiqlər də davam edir.

“Nardaranda “Rəhimə xanım” məscidinin imamı Nuhbala Rəhimov və dindar Raci Babayev qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə ediliblər.

Təxminən 100 nəfərlik siyasi məhbus siyahısının yarısını dindarlar təşkil edir. Bundan əlavə, hüquqşünas və hüquq müdafiəçisi Elçin Məmmədova qarşı cinayət iddiası qaldırılıb. Vergi idarəsi vəkil Əsabəli Mustafayevin barəsində iddiaya təşəbbüs göstərib. “D-18” Hərəkatı öz ofisindən çıxarılıb, “Qanun ” nəşriyyatında qanunsuz axtarış aparılıb ”-deyə məlumatda qeyd edilib.

Mərkəz rəhbəri Elşən Həsənov vurğulayır ki, bu faktlar Avropa Konvensiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından xəbər verir. “Bizim təşkilat hakimiyyətin qanunsuz əməllərinə etiraz edir və vəkillərə, jurnalistlərə təzyiqlərə son qoyulmasını, məhkəmə proseslərinin şəffaflığının təmin olunmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir”, - mərkəzin rəhbəri Elşən Həsənov bildirib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzini 2014-cü ilin payızında bir qrup keçmiş “vicdan məhbusu” yaradıb.

Ancaq Azərbaycan hökumətinin rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər cinayət əməllərinə görə, məsuliyyətə alınıblar.

Hökumət rəsmiləri vəkillərə və jurnalistlərə təzyiqlərlə bağlı deyilən fikirlərlə də razılaşmırlar. Onların deməsinə görə, Azərbaycanda mətbuata böyük dövlət dəstəyi var. Hər il əksər qəzetlərə maddi yardımlar edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG