Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Keçmiş OMON-çuların 'səhhəti ağırdır'


Şəfa Poladov və Arif Kazımov (Arxiv)

Şəfa Poladov və Arif Kazımov (Arxiv)

-

"Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkən məhbusların səhhəti yaxşı deyil."

Bu haqda ömürlük məhbuslardan Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazimovla görüşən vəkil Elçin Sadıqov məlumat yayıb.

Vəkil keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölüyünün komandiri Elçin Əmiraslanovun səhhətinin xüsusilə ağır olduğunu ifadə edib.

“Elçin Əmiraslanov ölümcül xəstəliyə yoluxdurulub” - deyən vəkil hər üç məhkumun adının 15 ildən artıqdır ki, siyasi məhbus siyahısında olmalarına baxmayaraq azad edilmədiyinə diqqət çəkib.

Vəkilin deməsinə görə, ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunan şəxslərlə bağlı digər postsovet ölkələri səmərəli addımlar atılıb:
“ 70-dən çox şəxs var ki, onların ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə baxmayaraq, hələ də Azərbaycan hökuməti bu problemi həll etməyib”, vəkil qeyd edib.

Vəkil həmçinin deyib ki, 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, ölüm cəzası bağışlandıqda, maksimum 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz oluna bilərdi. O, ölüm cəzasının konkret müddətlə yox, ömürlük azadlıqdan məhrum etmə ilə əvəz olunmasının qanunsuz olduğunu qeyd edib.

Ancaq vəkilin Elçin Əmiraslanovun ölümcül xəstəliyə yoluxdurulması ilə bağlı iddiasına Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Mart hadisələri və XTPD-nin tarixçəsi

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı ilin avqustunda yaradılıb. Bu dəstə xalq arasında OMON ( Rus dilində) kimi tanınır.

1990-cı ildən 1994-ci ilə qədər XTPD Qarabağ savaşında Azərbaycan torpaqlarının müdafiəsində yaxından iştirak edib.

Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət Xüsusi Təyinatlı Polis Dəstəsinin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib.

Atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

Mart hadisələrinin əslində 1995-ci il martın 13-də Qazaxda başladığı bildirilir. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum olunub.

Həmin hadisələrdən sonra 150-yə qədər XTPD-çi müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi.

Onlar ən müxtəlif cinayət əməllərində günahlandırılıblar. Bura silahlı toqquşmalar, soyğunçuluq, qətl və başqa ağır ittihamlar daxil idi.

Onların bəzisinin həbs müddəti başa çatıb, bəziləri əfvlə azadlığa çıxıb. Amma 3 XTPD-çi 21 ildir hələ də həbsdədir. Onlar ömürlük həbs olunan Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladovdır.

Arif Kazımov həbs olunanda 21 yaşı olub. Tələbə olub. İndi 42 yaşı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG