Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

İyulun 2-də Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli bildirib.

Vəkilin deməsinə görə, baş redaktoru iyunun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə pul tələb etmə) ilə ittiham irəli sürülüb.

Vəkil bildirib ki, jurnalistin yaxınları və qohumları ilə əlaqə saxlamasına imkan verilmir. «Bu məlumatları mən öz təşəbbüsümlə öyrənmişəm», - vəkil qeyd edib.

Vəkil F.Fərəməzoğlu ilə hələ görüşə bilmədiyini və məhkəmənin qərarını bu gün alacağını söyləyib.

N.Kərimli işin detallarından məlumatsızdır. O, işlə tanış olduqdan sonra mediaya əlavə məlumat verəcəyini bildirib.

F.Fərəməzoğlunun həyat yoldaşı bildirib ki, iyunun 30-da günorta saatlarında 4-5 nəfər mülkigeyimli şəxs kimliyini bildirmədən, order təqdim etmədən jurnalistin evində axtarış aparıb. Baş redaktora məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarının toy diskləri götürülüb.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə xəbərdarlıq olunub.

Sonuncu dəfə yanvarda Baş Prokurorluq F.Fərəməzoğluna xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqda deyilirdi ki, onun rəhbərlik etdiyi saytda əyalətlərdə kütləvi aksiyalara dair şişirdilmiş və həqiqətdən uzaq məlumatlar yayılıb.

Jurnalist həbs etdiriləcəyi ilə bağlı bu ilin mayında bəyanat yaymışdı. «Şəxsi həyatıma yaranmış təhlükə ilə əlaqədar təhlükəsizliyimin təmin olunması barədə göstəriş verməyinizi xahiş edirəm», - deyə baş redaktor bu il mayın 17-də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG