Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

«İsraillə saziş Qəzzanın mühasirəsinə son qoymadı»; Türkiyə suriyalılara vətəndaşlıq verir – 4 iyul Qərb mediasının icmalı.

Son bir ildə Türkiyəyə terror hücumlarından daha çox pay düşüb, amma ona Fransa və Belçikadakı oxşar insidentlərdəki kimi diqqət ayrılmayıb. Bu açıq-aşkar ikili standart İstanbulda 40-dan çox adamın ölümüylə nəticələnmiş hücumdan sonra da diqqət mərkəzinə gəldi. Bunu «The Guardian» qəzeti yazır.

Elə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da bu məsələni dərhal vurğulayaraq deyib ki, Türkiyədə partladılan bombalar dünyanın istənilən şəhərində, aeroportunda işə düşə bilərdi. «Hamı anlasın ki, terrorçulardan ötrü İstanbulla Londonun, Ankarayla Berlinin, İzmirlə Çikaqonun fərqi yoxdur».

Qəzet yazır ki, bu məqam mübahisə doğurmur, amma Erdoğan problemli tərəfdaş olmasaydı, terrorçuluğa qarşı beynəlxalq səylərə yönəlik çağırışlarının çəkisi daha yüksək olardı.

«Türkiyə daima əsas strateji müttəfiq sayılıb. Amma Erdoğan terrorçuluq barədə danışanda, İŞİD silahlı qruplaşmasını deyil, kürdləri nəzərdə tutur. Bir müddət öncə onun PKK ilə sülh bağlayacağına ümidlər vardı. Ancaq ötən il kürdpərəst partiya parlamentə keçəndən sonra Erdoğan PKK ilə atəşkəsi pozdu və təhlükəsizlik qüvvələrini kürdlərə qarşı kampaniyaya cəlb etdi. Nəticədə də... terror hücumlarının sayı artdı», - məqalədə oxuyuruq.

«Erdoğan demokratiyaya daha artıq sayqı göstərsəydi və müxalifətçi deputatların parlamentə girişini əngəlləməsəydi; konstitusiyaya dəyişiklər vasitəsilə hakimiyyətini gücləndirməyə çalışmasaydı; «yaxşı müsəlman qadın evdə uşaqlarına baxmalıdır» sayaq bəyanatlar verməsəydi; azad sözə, müstəqil jurnalistikaya və akademik azadlığa qarşı hücuma keçməsəydi, onun Qərbə yönəlik həmrəylik çağırışlarına daha çevik reaksiya verilərdi», - «The Guardian» yazır.

Məqalədə vurğulanır ki, bütün bu səbəblər Türkiyənin Qərb müttəfiqlərini məsafə saxlamağa məcbur edir.

«Bu da təəssüf doğurur. Türkiyə bizim dostluğumuza və dəstəyimizə layiqdir. O, daha yaxşı dostluğa layiqdir. Ötən həftə Rusiya və İsrailə yaxınlaşma Erdoğan-ın daha barışdırıcı yanaşma tutması fikirlərini yaratdı. Bu, alqışlanası addımdır. Terroru məğlub etməkdən ötrü vahid cəbhə gərəkir».

Qəzza bölgəsinə yardım aparan «Mavi Marmara» gəmisi. Foto arxiv - 2010

Qəzza bölgəsinə yardım aparan «Mavi Marmara» gəmisi. Foto arxiv - 2010

QƏZZANIN MÜHASİRƏSİNƏ SON QOYULACAQMI?

Aljazeera.com saytı bu sualla bağlı iki yazarın mövqeyini dərc edib.

Ötən həftə İsraillə Türkiyə yaxınlaşma sazişi bağlayıb. Altı il öncə İsrail hərbçilərinin Qəzzaya yardım aparan Türkiyə gəmisinə hücum edərək 9 nəfəri öldürməsindən sonra münasibətlər pisləşmişdi. Son saziş Türkiyənin həmin hücum qurbanlarıyla bağlı bütün şərtlərini yerinə yetirsə də, Qəzzanın mühasirəsinə son qoymur və Fələstin tərəfinin tənqidinə səbəb olub. Saziş Türkiyənin İsrailin Aşdod limanı vasitəsilə Qəzzaya yardım göndərməsinə icazə verir. Türkiyə Qəzzanın enerji və su sektorlarına investisiya qoyacaq, buraya tikinti materialları göndərəcək, 200 yerlik xəstəxana inşa olunacaq.

Britaniyada yaşayan fələstinli həkim Ibrahim Hamami yazır ki, o, şərtlərin yüngülləşdirilməsini deyil, blokadaya son qoyulmasını istəyir. Müəllifin fikrincə, Fələstin muxtariyyəti və Misir Türkiyəyə yetərincə dəstək versəydi, blokadaya birdəfəlik son qoyula bilərdi. O, Fələstinin bəzi rəsmilərinin də İsraillə əməkdaşlıq etdiyini vurğulayır. Fevralda mümkün saziş barədə xəbər yayılanda, Qəzzayla Şimali Kipri birləşdirəcək dəniz limanı barədə də söz-söhbət vardı. Onda elə həmin rəsmilər Şimali Kiprin suverenlik məsələsindən dolayı Qəzzaya belə bir xəttə qarşı çıxacaqlarını bildirdilər.

«Qəzzada dözülməz şəraiti yaxşılaşdırmağı hədəfləyən, iki milyonadək fələstinlinin təməl ehtiyaclarını ödəyəcək yardım alqışlanır», - müəllif yazır.

Digər yazar Ramzy Baroud isə Türkiyənin İsraillə münasibətlərdə daim ikili oyun oynamasından yazır. Elə son 6 ildə siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, biznes davam edib. 2013-2014-cü illərdə «Türk Hava Yolları» İsrailə və geriyə uçuşlar edib. 2015-ci ildə iki ölkənin ticarəti 5.6 milyard dollar yüksəlib.

«Türkiyənin baş naziri Binali Yıldırım deyir ki, İsrailin Qəzzaya embarqosu əsasən qaldırılıb. Xeyr, qaldırılmayıb. Üstəlik, embarqolar ərzaq və yanacağa aiddir. Fələstinlilər boğulduqları blokadadan qurtulmağa çalışırlar, İsrail limanı vasitəsilə ötürüləcək türk yardımlarına can atmırlar».

«Fələstinlilər ümid edirdilər ki, mühasirə bitəcək və daha İsrail hərbisi qarşısında tək qalmayacaqlar. Türkiyə-İsrail sazişi bu ümidləri sarsıtdı. Amma bu saziş həm də bir oyanış çağırışıdır. Fələstinlilər hər şeydən öncə özlərinə bel bağlamalıdırlar, birləşməli və təkcə Ankarayla deyil, bütün dünyayla həmrəylik yaratmalıdırlar».

Hatay vilayətində qaçqın düşərgəsi - 2012

Hatay vilayətində qaçqın düşərgəsi - 2012

TÜRKİYƏ SURİYALILARA VƏTƏNDAŞLIQ VERİR

Türkiyə suriyalı qaçqınların cəmiyyətə və iqtisadiyyata inteqrasiyası məqsədilə onlara vətəndaşlıq verməyə hazırlaşır. Bu barədə şənbə günü prezident Recep Tayyip Erdogan Kilisdə iftar süfrəsində danışıb. O, detalları açıqlamasa da, deyib ki, Daxili İşlər Nazirliyi Türkiyə vətəndaşı olmaq istəyən suriyalılara vətəndaşlıq vermək üzərində işləyir.

Türkiyədə 3 milyonadək suriyalı qaçqın var. «Daily Sabah» qəzeti Ankaradakı mənbələrə istinadla yazır ki, bu qayda bütün suriyalılara aid olmayacaq, iş və təhsil izni olanları əhatələyəcək. Apreldə qüvvəyə minmiş qaydaya görə, bu statusu alan qaçqınlar, himayədə olanlar müstəqil və qeyri-müstəqil şəkildə işləyə bilərlər.

Parlamentdən Atay Uslu qəzetə deyib ki, Türkiyə ölkədəki suriyalıların iqtisadi potensialının itməsinə icazə verməyəcək.

İstanbul Bilgi Universitetindən professor Ayhan Kaya isə söyləyib ki, bu, suriyalıların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək.

«İndiyədək Türkiyədə əsasən türk və müsəlman kökənli miqrantlar vətəndaşlıq ala bilirdilər. Vətəndaşlıq qanunları etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, müəyyən sosial, siyasi, iqtisadi və hüquqi kriteriyalara uyğun gələn istənilər şəxsə açıq olmalıdır. Qloballaşan dünyada Türkiyə vətəndaşlıq qanunlarını liberallaşdırmalıdır», - o deyib.

İndiyədək Suriya münaqişəsində azı 250 min nəfər ölüb, 10 milyon adam qaçqına çevrilib. Müharibə başlayandan Türkiyə qaçqınlara 9 milyard dollar xərclədiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG