Keçid linkləri

Təcili xəbərlər

Soyunan borclular... («Borc və Azadlıq» silsiləsindən 2-ci yazı)


Foto illüstrasiya
Foto illüstrasiya

Borc və Azadlıq

Əkrəm Həsənov
Əkrəm Həsənov

Redaksiyadan:

Diqqətinizə yetirilən bu yazı silsiləsini bəyənə də bilərsiniz, bəyənməyə də. Bəzi düşüncələri aşırı subyektiv də saya bilərsiniz, amma... Amma əmin olun ki, qaldırılan məsələlərin aktual, faydalı və ertələnməz məqamlarını dana bilməyəcəksiniz. Axı bu yazılar silsiləsi bir peşəkarın qələmindən çıxıb.

İndi daha çox vəkil kimi tanınan Əkrəm Həsənov hüquq və iqtisad təhsili alıb. O, Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2008-ci ildə Avropa Şurası Siyasi Biliklər Məktəbindən də məzun olub. 2001-2011-ci illərdə bank sistemində çalışıb. Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi, «Bank of Baku» ASC hüquq departamentinin direktoru və Bank VTB (Azərbaycan) ASC İdarə Heyəti sədrinin müavini olub. 2011-ci ilin sonundan bəri müstəqil hüquqşünas kimi çalışır. Vəkillər Kollegiyasının üzvüdür. Bu ildən etibarən, «Antikollektor» MMC-nin də həmtəsisçi və rəhbəridir. Mülki Məcəlləni açıqlayan iki kitabın, eləcə də «Azərbaycanın bank hüququ» monoqrafiyasının (rusca) və 50-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 4 qızı var. Azərbaycanda hüquqi dövlətin qurulmasını, övladlarımızın bizdən daha rahat yaşamasını və Vətənlərindən qürur duymasını özünün ali məqsədi sayır.

Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)

Düzdür, elə orta yüzillərdə də humanist çağırışlar səslənirdi. Hətta bəzi Avropa şəhərlərində bütün əmlakını kreditorlara vermiş (cessio bonorum) borclu həbs edilmirdi. Bu yanaşma Müqəddəs Lüdovikin 1285-ci il tarixli əmrindən və Müdrik Alfonsun XIII əsrin ortalarına aid qanunnaməsindən qaynaqlanırdı. Di gəl, bunun əvəzinə borclunu rüsvay edən həbsdən də betər hərəkətlər edilirdi. Məsələn, İtaliyada borclunu şəhər meydanında tam soyundurur və onunla biabırçı davranışlara yol verilirdi. Fransada yarıçılpaq borclunu qamçı ilə bütün şəhərboyu qovurdular. Oxşar qaydalar Almaniya və Niderlandın (Hollandiyanın) bəzi şəhərlərində də mövcud olub. Bəzi yerlərdə müflis borclular rüsvayedici nişan gəzdirməyə məcbur edilirdilər. İsveçrədə və digər ölkələrdə borclularla birgə yaşamaq biabırçılıq sayıldığından, onları bir yerdən o biri yerə qovur və nəhayət, şəhərdən kənarda yaşamağa məcbur qoyurdular. Avropada hətta kilsə də bəzən məsələyə müdaxilə edir və müflis borclunu dindənkənar (kilsədənkənar) elan edirdi. Beləliklə, humanist düşüncələr, hələlik, nəticə vermirdi.

Bununla belə, insanın həyat və azadlığının dəyəri barədə maarifçi yazı və çağırışların sayı durmadan çoxalırdı. Borclunun şəxsi deyil, sırf əmlak məsuliyyəti daşıması haqda fikirlər irəli sürülürdü. Beləcə, ictimai rəy borclulara daha mərhəmətli olmağa başladı. Artıq XVI əsrdə Avropanın bir sıra ölkələrində (Almaniya, Polşa və s.) kreditorun borclunu rüsvay etməsi yasaqlanmağa başlandı.

ABŞ PREZİDENTLƏRİ TOMAS CEFFERSON VƏ ULİSS QRANT DA MÜFLİSLƏŞİBLƏRMİŞ

XIX əsrdə humanist çağırışlar öz bəhrəsini verdi. 1833-cü ildə ABŞ Ali Məhkəməsi borc həbsxanalarını ləğv etdi. 1869-cu ildə bənzər qərar İngiltərədə qəbul olundu. Avropanın bütün ölkələrində, yavaş-yavaş, borclunun şəxsi deyil, sırf əmlak məsuliyyəti daşıması doktrinası özünə yer tapdı.

Tədricən hər yerdə müflislik haqda qanun da qəbul olunmağa başladı. Həmin qanuna görə, yaşaması üçün zəruri əmlakı (ev, paltar və s.) istisna olmaqla, müflis borclunun digər əmlakı açıq hərracdan satılaraq borcların ödənilməsinə yönəldildi. Çatışmayan məbləğdə isə borclar silinir və bir daha borcludan tələb oluna bilməzdi. Bu qaydanın həm humanist, həm də praqmatik tərəfləri vardı. Qaydanın humanistliyi borclunun iztirablarına son qoyulması və bundan sonra rahat yaşaması, fəaliyyət göstərməsi və qorxmadan əmlak əldə etməsi ilə bağlıdır. Praqmatikliyi isə müflis borcluların adının ictimaiyyətə açıqlanması və bununla da, müəyyən dövr ərzində onların yenidən borclanmasının, cəmiyyətə təhlükəli ola bilən fəaliyyətinin qarşısının alınması, son nəticədə maliyyə sisteminin sağlamlaşdırılmasıdır. Tarixdə tanınmış müflislər də çox olub: Rembrandt, Motsart, Vivaldi, Oskar Uayld, Uolt Disney və b. Hətta iki ABŞ prezidenti - Tomas Cefferson və Uliss Qrant da müflisləşibmiş.

Beləliklə, borclunun sırf əmlak məsuliyyəti daşıması və özünü müflis elan edə bilməsi imkanı yalnız humanist baxışlardan deyil, praqmatik niyyətlərdən də doğurdu. Bu yanaşma Qərb ölkələri iqtisadiyyatının şəffaflaşmasından da qaynaqlanırdı. Kölgə iqtisadiyyatının olmaması, hər kəsin gəlirinin bilinməsi borcun ödənilməsindən qəsdən yayınmanı, demək olar, mümkünsüz edir. Kimsə borcunu ödəmək gücündə deyilsə, bu açıq-aşkar görünür və belə şəxsə vaxt itirməyə də dəyməz, axı vaxt da puldur!..

AZƏRBAYCANDAKI DURUM DÖVLƏTİN SƏMƏRƏSİZ FƏALİYYƏTİNİN NƏTİCƏSİDİR...

Azərbaycan kimi qeyri-şəffaf iqtisadi sistemə malik ölkələrdə bu yanaşmanın tətbiqi çətindir və bunu etiraf etmək lazımdır. Axı borclunun rəsmi gəliri və əmlakı olmasa da, qeyri-rəsmi gəlir və əmlakı borcunu ödəməyə imkan verə bilər. Təbii ki, bu halda onun qanundan sui-istifadə edərək, borcun ödənilməsindən yayınması istisna deyil. Ancaq vicdansız şəxsə görə vicdanlı (borcunu həqiqətən ödəyə bilməyən) niyə əziyyət çəkməlidir? Üstəlik, yaranmış vəziyyət, yəni qeyri-şəffaf iqtisadiyyat, qeyri-rəsmi gəlirlər və s. bilavasitə dövlətin səmərəsiz fəaliyyətinin nəticəsidir və vətəndaş bundan əziyyət çəkməməlidir. Əksinə, belə vəziyyət istər dövləti, istərsə kreditorları iqtisadi sistemi şəffaflaşdıracaq tədbirlərə həvəsləndirməlidir.

İqtisadi sistemi şəffaf və ya qeyri-şəffaf olsa da, çağdaş dövlətlərin, demək olar, hamısı borca görə həbsi, formal olaraq, inkar edir. Bu yanaşma bir sıra beynəlxalq sənədlərdə də əksini tapıb. Məsələn, Azərbaycanın da tərəfdar çıxdığı «Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt»ın 11-ci maddəsində və «Avropa İnsan Hüquqları Konvensiyası»nın 4-cü Protokolunun 1-ci maddəsində deyilir: «Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz». Sonuncu sənəddəki hüququ bilavasitə Avropa İnsan Hüquqları Məhkəməsi qoruyur. Düzdür, indiyədək həmin məhkəmənin bununla bağlı heç bir presedenti yoxdur. Çünki müraciət yoxdur (ilk müraciəti apreldə mən etmişəm). Avropanın heç bir dövlətində (Azərbaycandan başqa) borca görə heç kəsi azadlıqdan məhrum etmirlər. Bu, Avropada adi qaydadır. O qədər adidir ki, Avropa Birliyinin İnsan Hüquqları üzrə 2000-ci il tarixli Xartiyasında artıq bu məsələnin təsbitinə ehtiyac duyulmayıb!

«HƏMİŞƏ KİMƏSƏ BORCLU OLUN...»

Normal cəmiyyətdə borcun qaytarılmasının bir mənbəyi var – borclunun əmlakı. Necə deyərlər, borclu borclunun sağlığını istər! XVI əsrdə fransız həkimi və hüquqşünası Fransua Rablenin qələmə aldığı məşhur «Qarqantüa və Pantaqrüel» satirik romanında «Borca tərif» adlı fəsil var. Orada baş qəhrəmanlardan biri - alim-səyyah Panurq deyir: «Borclardan qurtulum? Allah məni bundan saxlasın!.. Həmişə kiməsə borclu olun. Kreditorunuz daim dua edəcək ki, Rəbbiniz sizə dinc, uzun və xoşbəxt həyat bəxş etsin. Borcu sizdən ala bilməyəcəyindən qorxaraq, hər cəmiyyətdə haqqınızda yalnız yaxşı söz deyəcək, sizin üçün yeni kreditorlar axtaracaq...».

İNSANSEVƏR VƏ İRƏLİÇİ İSLAM

Yuxarıda, əsasən, Avropa təcrübəsinə dayandıq və İslam ölkələrinə toxunmadıq. Halbuki, məqalənin əvvəlində də qeyd edildiyi kimi, Azərbaycan Avropa ilə yanaşı, İslam sivilizasiyasına da mənsubdur. XX əsrədək Azərbaycanda, faktik olaraq, Şəriət qanunları hökm sürüb. Həmin qanunlar mövzumuz olan məsələyə necə baxıb?

Yarandığı andan - VII əsrdən bəri İslam Avropanın yalnız XIX əsrdə gəldiyi nəticəni bərqərar edib. Yəni borca görə sırf əmlak məsuliyyəti olduğunu bəyan edib. Borca görə köləlik (İslama görə, kölə yalnız hərbi əsir ola bilər), icbari iş və ya azadlıqdan məhrumetmə İslama yaddır. Borc borclunun əmlakı hesabına ödənilməlidir, əmlak çatışmırsa, borc bağışlanmalıdır. Bu zaman borclunun bəzi əmlakı (ilk öncə evi) toxunulmazdır.

Məhəmməd Peyğəmbər (S.A.S.) müsəlmanları borclu olana yardım etməyə dəvət edib. O, yığılan vəsait yetməyəndə, kreditorlara xitabən, olanı yetərli saymağı və borcludan, başqa heç nə götürə bilməyəcəklərini buyurub. Digər deyimlə, borclunun maddi durumu sonradan yaxşılaşsa da, ondan borcu tələb etmək olmaz.

Ümumən borcun bağışlanması savab əməldir. Peyğəmbər (S.A.S.) buyurub: «Hər kim Allah-Təalanın onu Qiyamət gününün dəhşətindən qurtarmasına sevinmək istəyirsə, kasıba (çətinlik içində olana) nəfəs aldırsın (möhlət versin) və ya borcundan silsin!».

Təbii, borclu da borcu qaytarmağa çalışmalıdır, axı Peyğəmbər (S.A.S.) Qiyamət günü borcun ondan soruşulacağını bəyan edib: «Varlı olan kəsin borcunu verməyi uzatması zülmdür».

ALLAHIN ÖNÜNƏ OĞRU KİMİ ÇIXMAQ...

Eyni zamanda, İslam borcun bilərəkdən qaytarılmamasını günah sayır. Peyğəmbər (S.A.S.) buyurub: «Borcu qaytarmamaq niyyəti ilə götürən kəs Allah qarşısına oğru kimi çıxar».

Bütövlükdə, İslamda borc münasibətlərinin dini-mənəvi yönləri dolğun tənzimlənib. Dünyəvi baxımdansa, qeyd edildiyi kimi, İslam artıq 14 əsrdir ki, bu məsələdə ən mütərəqqi mövqeyə sahibdir.

AZƏRBAYCANDA MÜFLİSLƏŞMİŞ BORCLUYA MÜNASİBƏT

Azərbaycanda borcunu ödəyə bilməyən insanlar azadlıqdan məhrum edilir. Bəli, VII əsrdən bəri İslam sivilizasiyasının tərkib hissəsi sayılsaq da, reallıqda bizdə, adətən, gerçək İslam əvəzinə xurafat və mövhumatçılıq olub. Buna görə də borcluya Şəriətə uyğun olmayan mövqeyimizdə təəccüblü heç nə yoxdur. İslamın hansı tərəflərini öyrənib tətbiq edirik ki, bunu da edək?!

Azərbaycan heç vaxt hüquqi düşüncə məkanı, hüquqşünaslar ölkəsi sayılmayıb. Orta əsrlərdə belə, ərəb, fars, kürd və başqa xalqlardan fərqli olaraq, bizdə, bir qayda olaraq, tanınmış İslam hüququ (fiqh) alimləri olmayıb. Hüquq həmişə bizə yad sayılıb. Hüquqşünaslar da vətəndaş cəmiyyətinin deyil, dövlətin nümayəndəsi, yəni adi məmur kimi qəbul edilib. Elə indi də vəziyyət dəyişməyib. Bizdə hüquq elmi, normal hüquq təhsili yoxdur. Hüquq üzrə elmi əsərlərimizin böyük əksəriyyəti cəfəngiyat, ən yaxşı halda isə xarici mənbələrin tərcüməsidir. Hüquqi müzakirələr yoxdur (hüquqi diskussiya, az qala, siyasi müxalifətçiliyə bərabər tutulur), mötəbər və nüfuzlu dövri hüquqi nəşrlər mövcud deyil. Qabaqcıl ölkələrdə hüquqşünas ildə bir neçə dəfə məqalə dərc edir. Bizdə dərc edən də azdır, dərc etməyə normal hüquqi nəşrlər də yoxdur.

VACİB ŞƏRT

Hüquqi dövlətin şərtlərindən biri - onu hüquqşünasların idarə etməsidir. Di gəl, Azərbaycan Cümhuriyyətinin 23 aylıq dövrünü (dövlət başçısı Ə.Topçubaşov və hökumət rəhbəri F.Xan Xoyski hüquqşünas idilər) və uzun illərin ardından mərhum professor Murtuz Ələsgərovun Milli Məclisə sədrlik zamanını istisna etsək, ölkə rəhbərliyində heç vaxt hüquqşünaslar olmayıb. Hazırda hökumətdə (təbii, hüquq-mühafizə qurumlarını nəzərə almasaq) tək hüquqşünas təhsil naziridir. Halbuki, nəinki qabaqcıl ölkələrdə, hətta Rusiyada belə dövlət və hökumət başçısı və hökumət üzvlərinin böyük hissəsi, eləcə də deputatlar hüquqşünaslardır.

Azərbaycan xalqı, bir qayda olaraq, qanuna düşmən aləti kimi baxır. Təbii, hüquqşünası da ən yaxşı halda düşmənin əlaltısı sayır. Bunun tarixi və psixoloji səbəblərinin araşdırılması nəinki başqa mövzu, ümumiyyətlə, bir nəfərin və qısa müddətin işi deyil. Ortastatistik azərbaycanlı hüquq normalarının cəmiyyətin firavanlığına və inkişafına xidmət etməsini anlamır. Anlamır ki, hüquq cəmiyyətdə müəyyənlik yaradır, insanın əminlik hissini artırır və onu iş görməyə həvəsləndirir.

Ardı var

XS
SM
MD
LG