Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

Həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə, Azərbaycan xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə vəkil Cavad Cavadlı öz Facebook səhifəsində yazıb. Müdafiə tərəfi hesab edir ki, ibtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib. Üstəlik, istintaq bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T. Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələr ilə ittiham olunur.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olduğu bildirilir. Həmin gün Tale Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənir.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG