Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

İyulun 4-dən «Bank Standard» QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.

Bunu ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

«Həftənin 1-ci günündən "Bank Standard"ın sağlamlaşdırılması prosesinə start veriləcək. Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmənin təyin etdiyi məhdudiyyətlər tam aradan qalxır. "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq» - deyə R. Aslanlı bildirib.

MBNP Direktorlar Şurasının mayın 2-də verdiyi qərar ilə, mayın 3-dən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Palata bildirirdi ki, bankın likvidlik və kapital mövqeyi zəifləyib. Ona görə də vəziyyəti qiymətləndirməkdən ötrü bankda yoxlamalara başlanıb. Palata qeyd edirdi ki, yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəetmə qurumları vəziyyətdən çıxmaqdan ötrü yetərli imkanlara malik deyil.

3 iyundan isə fiziki şəxslərə bankdan 1000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılıb.

«Əmanət tam qaytarılmalıdır. Əks halda...»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bu o deməkdir ki, hər hansı əmanətçi uzağı 5 iş günü ərzində məbləğindən asılı olmayaraq pulunu tam geri almaq imkanı qazanır: «Əks halda, məsələn, əmanətin hissə-hissə qaytarılması nəinki normal rejimdə, ümumən qanuna uyğun fəaliyyət hesab oluna bilməz».

Büdcənin yiyəsi kimdir?

Ekspertə görə, yaxşı olardı ki, palata ictimaiyyətə açıqlayacağı məlumatında bankın xilasına dövlət büdcəsindən nə qədər vəsaitin xərcləndiyini də bildirsin: «Nədə olsa, axı hər halda büdcənin yiyəsi bizik - Azərbaycan xalqı».

Günün bütün mövzuları

XS
SM
MD
LG