Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Evsiz, pulsuz qalan 279 ailənin başına gələnlər


Heydər Əliyev və İlham Əliyev

Heydər Əliyev və İlham Əliyev

Ölkədəki ictimai-siyasi vəziyyət, Avropa məhkəməsinin qərarları, fors-major hallarda iş adamlarının kompensasiya hüququ və bəzi tikinti şirkətlərinin fırıldaqlarının qurbanları bu gün medianın aparıcı mövzusudur.

LİDERLƏR OLMASA ...

«Azərbaycan» qəzetində «Azərbaycanın maraqlarına xidmət edən müstəqil siyasət» sərlövhəli məqalə dərc edilib .

Müəllifin fikrincə, 25 ildir ölkədə milli maraqları təmin edən müstəqil siyasət yürüdülür. Dünyanı düşündürən aktual, qlobal məsələlərdə qəti və cəsarətli mövqe ortaya qoyulur: «Bunun nəticəsidir ki, dünya ictimaiyyəti enerji təhlükəsizliyi, regional iqtisadi əməkdaşlıq, beynəlxalq terrorçuluqla mübarizə kimi məsələlərdə Azərbaycanın mövqeyini bölüşür».

Müəllif yazır ki, dövlətin və xalqın inkişafı, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib. Məqalədə vurğulanır ki, məhz keçmiş ölkə başçısı Heydər Əliyevin və indiki prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın dövlət kimi qurulmasını, bölgənin liderinə, dünyada söz sahibinə çevrilməsini təmin edib. Müəllifin fikrincə, bu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq birliyin fəal və qəbul edilən üzvüdür.

Yazıda daha sonra prezident İlham Əliyevin idarəçiliyindən bəhs edilir. Müəllif yazır ki, İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkənin mövqelərini daha da gücləndirir, milli maraqları beynəlxalq siyasi və iqtisadi proseslərlə uzlaşdıra bilir. Müəllifin gəldiyi nəticəyə görə, bu siyasi xətt Azərbaycanı bölgənin liderinə çevirib: «Onun qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın iştirakı və razılığı olmadan konkret nəticəyə gəlməyi mümkünsüz edir».

Avropa Məhkəməsi

Avropa Məhkəməsi

SAXTAKARLIĞIN ACI BƏHRƏSİ

«Azadlıq» qəzetində dərc edilən «Hakimiyyətin saxtakarlığı necə ifşa edilir?» sərlövhəli məqalədə seçki pozuntuları və siyasi həbslərə görə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan hökumətini cərimələməsi təhlil edilir.

Müəllif yazır ki, bu cərimələrə hakimiyyətin yürütdüyü siyasətin özü səbəb olub: «Azərbaycan hökuməti rüsvayçılıq bolluğuna düşüb. Hansı daşın altını qaldırsan hökumətin əyri əməlləri boylanır. Ölkədəki eybəcər mənzərə o qədər şəffaflaşıb ki, dünyanın istənilən yerindən bu mənzərəni görmək olar».

Müəllifin fikrincə, artıq ölkədə qanunların işləməməsi, hüquqsuzluq, məhkəmə sisteminin məhv edilməsi beynəlxalq hüquq səviyyəsində təsdiqini tapıb. Yazıda vurğulanır ki, əgər Azərbaycanda normal hökumət olsaydı, bütün bunlardan sonra istefa verərdi: «Bu qədər seçki saxtakarlığından və bunun Avropa Məhkəməsində təsdiqindən sonra normal hökumət istefa verərdi. Ən azı saxtakarlıqdan, hüquqsuzluqdan imtina edərdi. Faktiki olaraq, hakimiyyət mütəmadi cinayət başında yaxalanır. Mütəmadi olaraq hökumətin oğurluğu sübuta yetirilir».

Müəllif daha sonra Avropa İnsan Hüquqları Məhkəməsində kütləvi aksiyalarda həbs edilən insanların da hüquqlarının tanınmasına diqqət çəkir: «Yəni, təsdiqlənir ki, «polisə müqavimət», «xuliqanlıq», «narkotik», «kütləvi iğtişaşlar törətmə» ittihamı ilə həbs olunan insanlar əslində günahsızdırlar və bu adamlar hakimiyyətin sifarişi ilə cəzalanıblar».

İŞ ADAMLARI KOMPENSASİYA İSTƏYİR

«Novoye Vremya» qəzetində «Fors-major qaydaya dönür» başlıqlı yazıda bu günlər maşın bazarında baş verən yanğın fonunda ölkədə kiçik və orta biznesin vəziyyəti öyrənilir.

Müəllif yazır ki, kiçik və orta biznesi istənilən ölkənin iqtisadiyyatının lokomotivi saymaq olar. Yazıda vurğulanır ki, uzun müddət Azərbaycanda biznesin inkişafına qayğı göstərilməyib. Amma indi ciddi maliyyə problemləri ilə üzləşən hökumət siyasəti dəyişmək istəyir. Müəllifin fikrincə, son vaxtlar fors-major halları biznes adamlarının fəaliyyətinə ciddi maneə yaradır. Yazıda ayrı-ayrı vaxtlarda «Karvan», «Sədərək», «Binə» kimi ticarət mərkəzlərində baş verən yanğınlar yada salınır. Son olaraq maşın bazarındakı yanğın və iş adamlarının ciddi ziyana düşmələrinə diqqət çəkilir: «Az ziyan dəyməyib. Onların çoxu ya dövlət, ya da bazar sahibindən kompensasiya almağa ümid edir. Zərərin ödənməsi əsas məsələ olaraq ortaya çıxır. Amma ortada çoxsaylı maneə, sığortanın olmaması, məmurların bu kompensasiyanı vermək istəməməsi kimi hallar var».

Yazıda qeyd edilir ki, əgər bazarda sahibkarların sığortası olmayıbsa, bu, rəhbərliyi və hökuməti məsuliyyətdən kənarda qoymur: «Zəif vətəndaş cəmiyyəti, inkişaf etməmiş demokratik institutlar, tam asılı məhkəmə iş adamlarını məmur özbaşınalığı qarşısında müdafiəsiz duruma salır».

DƏLƏDUZLUQ QURBANLARI

«Bizim Yol» qəzeti «Dələduz işbazlar yüzlərlə vətəndaşı evsiz qoyub» sərlövhəli məqalədə mənzil tikintisi adı ilə işbazların fırıldaqlarından və sonra da cəzasız qalmalarından bəhs edir.

Müəllif yazır ki, bu özbaşınalığa görə 279 ailə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin önünə toplaşaraq onlara dəyən ziyanın ödənməsini tələb ediblər.

Məqalədə qeyd edilir ki, bir mənzil bir neçə şəxsə satılıb. İndi həmin ailələr nə ev ala bilirlər, nə də pullarını. Müəllif qısa araşdırma da aparıb. Aydınlaşdırıb ki, sadə insanları aldadan şirkət sahibləri məsuliyyətə cəlb edilsələr də, az sonra azadlığa çıxıblar: «Aksiyada şikayətçilərin nümayəndələrini idarənin əməkdaşları qəbul ediblər, onlara bu dəfə də vəd verilib ki, problem tezliklə həllini tapacaq».

Müəllif maraq doğuran bir məqama da diqqət çəkir. Şikayətçilərin deməsinə görə, zərərin ödənilməsi ilə bağlı məhkəmə qərarları var. Ancaq bu qərarlar da yerinə yetirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG