Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:31

Sənin müharibə dediyin, atəş səsləri, şəhid xəbərləri


Birinci dünya müharibəsi haqda illustrasiya
Birinci dünya müharibəsi haqda illustrasiya

-

Hədiyyə Şəfaqət

“Azadlıq” üçün yeni mətnlər

***

Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

...İşıqlı küçənin gözqamaşdıran aldanışından qopub

Keçid pilləkənində oturmuş səfil uşaq

Əlindəki çörək parçasından kiçik loxmalar qoparıb,

Növbəylə bir dəfə öz ağzına,

Bir dəfə

Yanındakı pişik balasının qabağına qoyurdu.

Pişik balası

Hər loxmadan qabaq uzanan əldən çəkinib tüklərini qabardırdı...

Pişik balası balaca və arıqdı...

Uşaq balaca və arıqdı...

Hər dəfə bir-birinə baxanda

Bəbəklərinə dəyib qayıdırdı

Varlılar küçəsinin işıltısı...

***

Kişi,

Sənin müharibə dediyin,

Qanını qaynadan atəş səsləri, şəhid xəbərləri

Faciədir...

Mən onsuz da canımın hayındayam...

İntiqam...

Anlayıram mən, dostunu, qardaşını itirmək

Acıdır və unudula bilmir

Amma onlar, qarşıdakılar da susmayacaqlar...

Sənin başında qəhrəmanlıq dastanlarının havası var,

Mənim qəlbimdə qorxu

Oğlumun ölməsini istəmirəm

O həm də sənin oğlundur...

Bilirəm,

Bilirəm "onlar başladı",

Həmişə kimsə başlayır...

Onsuz da ölürük, bilirəm

Şərəfli ölüm sayılırmış cəbhədəki,

Kimin üçün?...

Kişi,

Nə uğruna atılırsan döyüşə?

O yerdə ki, həyat bir anda bitir

Heç yoxmuşsan kimi.

Hər şey

Döyüş meydanlarından çox uzaqlarda həll edilir...

Amma sən sanki daha çox mənim-

Əsir götürülən qadınların varlığını bəhanə gətirirsən,

Sakitləşmirsən...

Kişi,

Dünyanın hər yerində

Hələ uşaqkən

Gəlinciklərimizə gülən, "gəlin-bacı" oyunundakı

Evlərimizi dağıdan siz deyildinizmi?

Zaman dardı

Tələsik böyüdünüz,

Taxta qılınclarınızı və məftil tüfənglərinizi

Gizlədib əsgər getdiniz...

Oyunlarınızın sizinlə birgə böyüməyinə nə gərək vardı?...

***

...Saçlarım gecələrə dağılır

Sən bilməzsən...

Toparlayammır gözlərim,

Nəmli gözlərim saçlarımı göy üzündən,

Külək onları kim bilir haralara aparır...

Çöllər saralmağa başlayıb yenə

Çiçəklərin qurumuş dodaqları heç nə pıçıldayammaz...

Heç nə deyəmməz torpağın cadarlanmış sinəsi...

Su...

Su...

Su...

Otların ətri üçün dinləyirəm qaranlığı

İşıq böcəkləri oxuyur...

Gecikmiş yolçulara yalvarıram ürəyimdə-

Lütfən

Siqaret kötüklərini

Və kibrit çöplərini söndürün...

***

...Gecəsi sükutdu,

Bu lal şəhərin

Dolaşıb qarışıq küçələrində səni düşünürəm...

Gözlərim dolur,

Əlimin tərsiylə baxışlarımı

Silib küsdürürəm göz yaşlarımı...

Heç bu dərinlikdə,

Bu qaranlıqda

Şəhər görmüsənmi-bir odur, bir mən

Yapışıb əl-ələ adlamaqdayıq

Kimsəsiz evlərin kölgələrindən...

İndi duyursanmı,

Yuxulardakı səssiz hıçqırtılar harda yaşayır,

Harda çabalayır sabahlar üçün,

Nisgil hardan doğur,

Hardan başlayır...

Susuruq

Gözləmək ayini kimi

Daha soruşmuruq nə vaxtdan bəri

Gecənin yerini

Sübhün yerini...

Bir nəfəs,

Bir hənir

Yetir göy üzünə əl uzatmağa

Açırıq növbəylə bir-birimizin

Qolundan iplərin düyünlərini...

XS
SM
MD
LG