Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

-

Müzəffər Baxışov vəkillik fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarının qanunsuz sayılması və ləğvi tələbilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi.

Bu iddia üzrə məhkəmə prosesi tamamlanıb. Hakim Xaliq İmanov Müzəffər Baxışovun iddiasının mümkünsüz sayılması barədə qərar çıxarıb.

Qərardan əvvəl iddianın mümkünlüyü məsələsi müzakirə olunarkən Müzəffər Baxışov bildirib ki, Vəkillər Kollegiyası vəkillərin intizam icraatında dövlət hakimiyyət səlahiyyəti həyata keçirdiyi üçün hazırki iddiaya inzibati-iqtisadi məhkəmədə baxılmalıdır.

Vəkillər Kollegiyasının nümayəndəsi Şahmar Məmmədov isə iddianın mümkünlüyünə etiraz edib. Deyib ki, Vəkillər Kollegiyası dövlət orqanı deyil və onun qəbul etdiyi qərar inzibati akt deyil. Ona görə də bu quruma qarşı iddia inzibati-iqtisadi məhkəmədə qaldırıla bilməz.

MÜŞTƏRİ BAZASINI İTİRMƏK TƏHLÜKƏSİ YARANIR

Müzəffər Baxışov həmçinin hakimə ərizə təqdim edib ki, məhkəmənin yekun nəticəsi məlum olana qədər Vəkillər Kollegiyası Rəyasət Heyətinin onun vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərarının icrası dayandırılsın. O, qeyd edib ki, vəkillik fəaliyyətinin dayandırılması ona ciddi maddi ziyan vurur, müştəri bazasını itirmək təhlükəsi yaranır.

Vəkillər Kollegiyasının nümayəndəsi isə ərizənin təmin olunmamasını istəyib.

Hakim Xaliq İmanov Müzəffər Baxışovun ərizəsini təmin etməyib. Həmçinin onun Vəkillər Kollegiyasına qarşı iddiası da mümkünsüz sayılıb.

Müzəffər Baxışov AzadlıqRadiosuna açıqlamasında bildirib ki, hər iki qərardaddan apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Vəkillər Kollegiyası Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayətini əsas gətirərək, 1 aprel 2016-cı ildə Müzəffər Baxışovun bu qurumdan xaric edilməsi və vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunmasına dair qərar qəbul edib. Ardınca da bu məqsədlə Nərimanov Rayon Məhkəməsinə müraciət edilib.

Müzəffər Baxışov da öz növbəsində Vəkillər Kollegiyasının qərarının ləğvi tələbilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu iddiaya baxılıb yekun nəticə məlum olana qədər Nərimanov Rayon Məhkəməsindəki proses dayandırılıb.

Müzəffər Baxışov isə vəkillikdən sifarişlə uzaqlaşdırıldığını bildirir və bunu mətbuatda Ali Məhkəmənin sədri Ramiz Rzayev barədə tənqidi fikirlərilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG