Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Dünyada istedadların 35 faizi itib-batır


Əfqanıstanda məktəb
Əfqanıstanda məktəb

-

İnsan kapitalı indeksinə görə 54, sosial proqresə görə 77-ci yerdəyik; Türkiyə yeni savaş meydanına çevrilir – 30 iyun Qərb mediasının icmalı.

Dünyada istedadların yalnız 65 faizinə şərait yaradılır və inkişaf edərək cəmiyyətə töhfə verə bilirlər. 35 faizi isə itib-batır.

Dünya İqtisadi Forumu 2016-cı il İnsan Kapitalı Hesabatını açıqlayıb. Hesabatda dünyanın 130 ölkəsində istedadların necə inkişaf etdirildiyi, onlardan necə istifadə olunduğu araşdırılır. İndeks 15-65 yaş arası beş yaş qrupu üzrə insanları təhsil, bacarıq və işlə təminata görə dəyərləndirir. Məqsəd insan kapitalına keçmişdə və indi qoyulan sərmayəni, ölkənin istedad bazasını, gələcək inkişafını qiymətləndirməkdir.

İndeksdə öndə Finlandiya, Norveç və İsveçrə gəlir. Bu ölkələr insan kapitalının 85%-dən istifadə edir. 55 yaşdan yuxarı qrupda isə Yaponiya liderlik edir.

Şərqi Avropa və Orta Asiyadan İndeksə 22 ölkə salınıb. Bu region 75.02 balla dünya üzrə üçüncü yerdədir. İlk yerləri Şimali Amerika və Qərbi Avropa tutur.

İnsan kapitalı potensialından istifadəyə görə Estoniya 15, Sloveniya 16-cı yerdədir. Qazaxıstan 20, Çexiya Respublikası 25, Ukrayna 26, Rusiya 28, Polşa 30-cu yerdə qərar tutub.

Azərbaycan 130 ölkə içində 54, Ermənistan 37, İran 85-cidir.

Sosial Proqres İndeksi
Sosial Proqres İndeksi

SOSİAL PROQRES İNDEKSİ

Sosial proqres cəmiyyətin vətəndaşlarının təməl ehtiyaclarını ödəmək bacarığıdır. Vətəndaşlar və cəmiyyətlərin həyat səviyyələrini yaxşılaşdırması və saxlaması, bütün fərdlərin tam potensialına çatmasından ötrü şəraitin yaradılmasıdır. Bu indeks sosial proqresin 3 ölçüsünə əsasən hazırlanır: Təməl insan ehtiyacları, Rifahın əsasları və İmkanlar.

2016-cı il Sosial Proqres İndeksi dünya əhalisinin 94%-nin yaşadığı 133 ölkəni əhatələyir.

Ümumilikdə, dünya bir ölkə kimi götürülsə, Sosial Proqres İndeksi 62.88 olar. Yəni Qırğızıstanla Monqolustan arasında var-gəl edər.

Cəmi 2 milyard əhalisiylə birlikdə Çin (aşağı-orta sosial proqres) və Hindistan (aşağı sosial proqres) dünyanın göstəricisinə güclü təsir göstərir. Yüksək göstəriciləri olan ölkələrin əhalisi isə daha az və yaşlıdır. Maraqlı bir məqam da odur ki, yüksək və çox yüksək sosial proqres indeksi olan ölkələrdə əhali arasında yaş balansı var. 25 yaşdan aşağı, 25-54 yaş arası və yaşı 55-dən yuxarı qrupların sayı təxminən eynidir. Sosial proqresin aşağı olduğu ölkələrdə ömür qısadır, doğum səviyyəsi yuxarıdır.

Gənclərlə yaşlıların sosial proqres indeksləri də fərqlənir. Yaşı 55-dən yuxarı əhalinin 40 faizə yaxını yuxarı orta sosial proqres, yaxud daha yaxşı göstəriciyə malikdir. Yaşı 25-dən az olanların cəmi 22%-i barədə bunu söyləmək olar.

Xorvatiya yüksək sosial proqresə görə 33-cü yerdədir. Gürcüstan 54-cü yerdədir və yuxarı- orta qrupda yer alıb.

Azərbaycan (77), Ukrayna (63), Ermənistan (67), Rusiya (75), İran (93) sosial proqresin aşağı-orta səviyyədə olduğu qrupa salınıb.

Pakistan 113-cüdür, sosial proqres aşağı həddədir, Əfqanıstan isə 132-ci yerdə, yəni sosial proqresin çox aşağı olduğu ölkə sayılıb.

İlk beşlikdə isə Finlandiya, Kanada, Danimarka, Avstraliya və İsveçrə gəlir.

İstanbul aeroportunda partlayış.
İstanbul aeroportunda partlayış.

TÜRKİYƏ YENİ SAVAŞ MEYDANINA ÇEVRİLİR

Bu həftə İstanbulun Atatürk Beynəlxalq Hava Limanında eşidilən atəş səsləri «İslam Dövləti» (İŞİD) yaraqlılarıyla müharibədə yeni cəbhənin açıldığını göstərir. Regionda mövqelərini itirən İŞİD Yaxın Şərqdə, Avropada və digər yerlərdə dinc sakinlərə hücumlar etməklə yenə də əsas xəbər başlıqlarında yer almağa can atır. Bunu «Time» dərgisində Jared Malsin yazır.

Müəllif Türkiyənin bu kampaniyanın əsas hədəfinə çevrildiyini vurğulayır. Hücuma görə məsuliyyət götürən olmasa da, Baş nazir Binali Yıldırım məhz həmin qruplaşmanın adını çəkib.

«Bu hücum həm də onu göstərir ki, Suriyada vətəndaş müharibəsi regional böhrana çevrilib. Assad rejiminin silahlı müxalif qruplarla müharibəsi nəticəsində suriyalı qaçqın axını yaranır, eləcə də cihadçı qruplar qızışır. 2.7 milyon suriyalı qaçqını qəbul etmiş Türkiyə indi qaçqınları müharibə gedən ölkələrinə qaytarır. Açıq-aşkar görünür ki, İŞİD-in Türkiyə daxilində əməliyyatçılar şəbəkəsi var. Son aylar cihadçılar Assad rejimi və İŞİD-ə qarşı çıxan suriyalı fəalları hədəfə alıb. Onlar əsasən Türkiyənin cənub şəhərlərində yaşayır», - yazıda oxuyuruq.

Müəllif yada salır ki, İŞİD-in sözçüsü Abu Mohammad al-Adnani hələ mayda belə bir çağırış etmişdi ki, Ramazan ayı boyunca xaricdə hücumları artırsınlar. Bundan sonra Bağdadda, Orlandoda cihadçıların törətdiyi hücumlarda onlarla ölən olub. Bu kampaniya davam etdikcə, Türkiyə kimi qonşu ölkələr alovun düz qırağındadır.

«Bu ölkə nəhəng ərazi tutur. Qərb ölkəsidir, bu qeyri-sabitlik coğrafiyasına ən yaxın NATO müttəfiqidir», - bunu Brüsseldə yerləşən Karneqi Avropa beyin mərkəzindən Sinan Ülgen deyir. Onun sözlərincə, İŞİD yaraqlıları sıxışdırıldıqca, daha çox qızışırlar və bu da dünyaya bir siqnaldır ki, döyüşə hazır durumdadırlar.

XS
SM
MD
LG