Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:15

-

Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi, valyuta ehtiyatlarının kəskin azalması, saxta pul kəsənlər və insanların qadağan olunan çimərliklərə getməsi bu gün medianın əsas mövzusudur.

BEYNƏLXALQ TƏDBİRLƏRİN EV SAHİBİ

«Azərbaycan» qəzetində dövlət başçısı İlham Əliyevin fotosu fonunda «Azərbaycan qlobal beynəlxalq tədbirlərin ən layiqli ev sahibidir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, ölkədə iqtisadi tərəqqi, demokratik-hüquqi islahatlar və vətəndaş cəmiyyəti quruculuğu dönmədən davam edir. Müəllifin düşüncəsinə görə, beynəlxalq miqyaslı forumların təşkili Azərbaycanın sosial-iqtisadi tərəqqi, demokratikləşmə, liberal dəyərlər, tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini sübut edir: «Ölkə siyasi sabitliyə, iqtisadi potensiala, müasir infrastruktura, gözəl təbiətə, turizm imkanlarına malikdir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə, Azərbaycanla müqayisə edilə biləcək ikinci dövlət yoxdur».

Məqalədə qeyd edilir ki, bir sıra Avropa ölkələrində ksenofobiya və islamofobiya meylləri güclənməkdədir. Müəllif Avropa ölkələrini Azərbaycandakı tolerantlıqdan nümunə götürməyə dəvət edir.

Dollar

Dollar

VALYUTA EHTİYATLARI GÖZ ÖNÜNDƏ ƏRİYİR

«Novoye Vremya» qəzetində isə «Valyuta ehtiyatları göz önündə əriyir» sərlövhəli məqalədə Azərbaycan Dövlət Neft Fondunun hesabatı əsasında dəyərləndirmə aparılır.

Müəllif yazır ki, 2015-ci ilə Neft Fondu və Milli Bankın strateji valyuta ehtiyatları 39 milyard dollara yaxın olub. Ancaq bir il ərzində ehtiyatlar 12 milyard dollardan çox azalıb.

Yazıda bunun səbəbi ilə bağlı əvvəlcə fondun izahatına yer verilir: «Bu azalma neftin ucuzlaşmasının milli valyutanın kursuna mənfi təsirinin qarşısını almaq üçün Mərkəzi Bankın çoxmilyardlıq müdaxilələri ilə bağlıdır».

Bütün bunlardan müəllif belə bir nəticə çıxarır: «İndi aydındır ki, manatın «üzən kursu» yoxdur, bunun yaxşı, yoxsa pis olması ayrı məsələdir. Ölkə iqtisadiyyatı, bank, maliyyə sistemi neftin qiymətinə o qədər bağlı olub ki, istənilən əyinti manatın kursuna məhvedici təsir edib».

Müəllifin düşüncəsinə görə, indi ölkənin valyuta ehtiyatlarının azalmasının qarşısını almaq birinci dərəcəli məsələdir. Yazıda vəziyyətdən çıxış yolu kimi bəzi təkliflər yer alır: «Bunun üçün neftin qiymətini unutmaq və iqtisadi islahatlara başlamaq lazımdır. Ölkənin maliyyə tənzimləyicisinin səmərəsiz fəaliyyəti də kreativ ideyaların olmamasının nəticəsidir».

Pul

Pul

SAXTA PUL KƏSƏNLƏR

«Exo» qəzetində «Saxta pul kəsənlər fəallaşır?» sərlövhəli yazı oxumaq olar. Yazıda saxta pulların dövriyyəyə buraxılması ilə bağlı ekspertlərin fikirləri öyrənilib. Ekspertlər qeyd ediblər ki, dollar və avro ilə müqayisədə bazarda saxta manata rast gəlinmir.

İqtisadçı Oqtay Haqverdiyev buna əsas səbəb kimi ötən il ölkədə iki devalvasiyanın baş verməsini göstərir: «İndi saxta pul kəsənlər dollar, funt, avro kimi sabit valyutaların kəsilməsinə diqqət yetirirlər», - O.Haqverdiyev belə deyib.

Məqalədə deyilir ki, bu yaxınlarda Rusiyadan Azərbaycana 1.5 milyon saxta dollar gətirmək istəyən şəxs saxlanıb.

Bununla belə, ekspertlər bildiriblər ki, bu proses heç də ötən əsrin 90-cı illərində olduğu kimi, geniş vüsət almayıb. Onların deməsinə görə, əgər xarici valyutaya məhdudiyyətlər qoyulmasa, bazarda saxta pulların qarşısının böyük ölçüdə almaq olar. Ekspertlərin düşüncəsinə görə, nə qədər ki, xarici valyutalara basqılar var, arxayınlığa əsas yoxdur.

Hüquqşünas Elman Osmanov deyir: «Bu fonda Azərbaycanda saxta valyuta hazırlanması və saxta pul artacaq. Bu gün bazarda, hələ də, saxta valyuta var və cinayətkarları üzə çıxarmaq o qədər də asan deyil, onlar izləri tez silirlər».

«Şıx» çimərliyi

«Şıx» çimərliyi

KASIBLARIN ÇİMƏRLİYİ

«Bizim Yol» qəzetində dərc edilən «Kasıblar qadağan olunan çimərliklərə üz tuturlar» sərlövhəli məqalədə əhaliyə bəzi xəbərdarlıqlar edilir.

Müəllif yazır ki, iyunun 6-dan etibarən Xəzər çimərlikləri dəniz sevənlərin üzünə açılıb. Amma çimərliklərin «özəlləşdirilməsi», dənizin ekoloji durumu istirahət etmək istəyənlərin seçimini daraldıb.

Məqalədə qeyd edilir ki, son günlər şəhərə ən yaxın «Şıx» çimərliyinə gələnlərin sayı çoxalıb: «Çünki pulsuz çimərlik yalnız buradır. Bu da «Şıx» çimərliyinin sahil zolağının kiçik bir hissəsinə aiddir. Ona görə ki, qalan hissədə xüsusi xidmət sahələri-otellər, yeməkxanalar, istirahət mərkəzləri yaradılır. Onların ərazisinə daxil olmaq ödənişlidir. Dənizin sahilləri işbazlar tərəfindən zəbt edilib, paytaxt sakinləri şikayətlənir, amma eşidən yoxdur».

Müəllif yazır ki, hətta indi «çimmək qadağandır» elanına baxan da yoxdur. Çünki bu qadağan olunan çimərliklərdə onlardan pul istəmirlər. Yazıda sıravi Bakı sakinlərindən də sitat gətirilir: «Dəniz sahilinin zəbt olunması insanların əsəbini tarıma çəkir. Hamımız bilirik ki, burda çimmək olmaz, insan sağlamlığına zərərlidir. Amma sahilin təmiz əraziləri zəbt olunub, otel-restoran tikilib. Camaatın hamısının pulluya getməyə imkanı yoxdur axı. Mənim kimi təqaüdçü, əlbəttə, pulsuz yerə getməyə məcburdur. Diqqət edin, yüzlərlə adamın gəldiyi bu çimərliyə bir zibil qabı qoyublar. Tualet isə, ümumiyyətlə, yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG