Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:45

Başçının həbsdə olan müavini komaya düşüb


-

Ötən ilin mayında Binəqədidə çoxmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar həbs olunanlardan birinin vəziyyəti kəskin pisləşib.

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində hakim Əfqan Hacıyev bu barədə məlumat verib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Qəzənfər Novruzov Penitensiar Xidmətin Müalicə Müəssisəsində komaya düşüb.

Bu səbəbdən də məhkəmə prosesi iyunun 30-dək ertələnib.

Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb –Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Uğur Bəşirov «Global Stone» MMC-nin baş direktoru, Ələkbər Əsgərov «Global Construction» MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Ağacavad Məmmədov «Dərnəgül Boru» zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG