Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

-

Erdoğan-dan ötrü üzr istəmək heç vaxt gec deyil; İsraillə Türkiyə niyə yaxınlaşır; «Brexit»dən itirənlər və qazananlar – 28 iyun Qərb mediasının icmalı.

ABŞ-da mənzillənən Sülh Fondu 12 ildir Kövrək Dövlət İndeksini hazırlayır, «Foreign Policy» dərgisi isə onu dərc edir. Bu indeks 12 ictimai, iqtisadi və siyasi indikator əsasında tərtib olunur, müharibələrin, ətraf mühit fəlakətlərinin, siyasi hərəkatların ölkələrin sabitliyə və ya iflasa doğru getməsindəki rolunu təhlil edir. İndeksin əvvəlində ən kövrək ölkələr yer alır.

İndeks 178 ölkəni əhatələyir, onların yeri sabitlik səviyyəsi, üzləşdiyi təzyiqlərə görə dəyərləndirilir.

Azərbaycan 178 ölkə içində 81-ci yerdədir. Gürcüstan 72, Ermənistan 109, Rusiya 65-ci yerdə qərarlaşıb.

İndeksdə ilk 6 yeri Somali, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Sudan, Yəmən və Suriya tutur. Kövrəklik indeksi üzrə ən möhkəm 6 ölkə isə Avstraliya, İsveçrə, Danimarka, Yeni Zelandiya, Norveç və Finlandiyadır.

R.T.Erdoğan

R.T.Erdoğan

ERDOĞAN-DAN ÖTRÜ ÜZR İSTƏMƏK HEÇ VAXT GEC DEYİL

«Türkiyə prezidenti Recep Tayyip Erdoğan-dan ötrü kiminsə onu təhqir etməsindən də çox nifrət etdiyi bir şey varmış – kiməsə qarşı davranışına görə üzr istəmək. Amma bu həftə Erdoğan bu nifrəti üstləyərək Rusiya və İsraillə münasibətləri bərpa etməyə qərar verib», -«Foreign Policy» dərgisində Siobhán O'Grady Erdoğan-ın Rusiya prezidenti Vladimir Putin-ə məktubundan söz açır. Medianın yazdığına görə, Erdoğan ötən ilin noyabrında Türkiyənin vurduğu Rusiya təyyarəsində həlak olmuş pilotun ailəsinə başsağlığı verir və hadisəyə görə üzr istəyir.

Digər tərəfdən, həftəsonu İsrail və Türkiyə rəsmiləri diplomatik münasibətlərin bərpası barədə saziş əldə etdiklərini açıqlayıblar. 2010-cu ildə İsrail hərbçilərinin Qəzzaya yardım aparan türkiyəli fəallara hücumundan sonra münasibətlər gərginləşmişdi. Razılaşmaya görə, həlak olmuş türkiyəli vətəndaşların ailələrinə 20 milyon dollarlıq kompensasiya veriləcək.

«Erdoğan-ın Kreml və İsraillə münasibətləri normallaşdırmaq yönündə göstərdiyi fəallıq maraqlı bir dönəmə təsadüf edir – «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması Yaxın Şərqdə getdikcə daha artıq təhlükəyə çevrilir, Almaniya isə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi ölümünü «soyqırımı» kimi tanıyan qətnamə qəbul edir. Türkiyə soyqırımı iddialarını rədd edir», - müəllif yazır.

Yazıda o da vurğulanır ki, bazar ertəsi bir qrup alman deputat və insan haqları fəalı Erdoğan-a qarşı mülki iddia qaldırdıqlarını bildiriblər, onu Türkiyədə kürdlərə qarşı «hərbi cinayətlər» törətdiyini iddia edirlər.

R.T.Erdoğan-ın Davosda məşhur kəlamı – «One minute!». 2009

R.T.Erdoğan-ın Davosda məşhur kəlamı – «One minute!». 2009

İSRAİLLƏ YAXINLAŞMA – ERDOĞAN-IN GERİLƏMƏSİ?

«The Economist» dərgisi də İsrail-Türkiyə münasibətlərinin normallaşmasından yazır.

«Cənab Erdoğan-dan ötrü İsraillə yaxınlaşma ciddi geriləmə sayılır. Onun özünü müsəlman dünyasına Fələstin xalqının qoruyucusu kimi göstərmək arzusuna ciddi xələl gəldi. Türkiyə İsraildən Qəzza zolağına dəniz blokadasını qaldırmağı tələb edirdi, bu tələbi geri çəkməli oldu və oraya birbaşa çıxışı olmayacaq. Ancaq Qəzzada tikinti layihələri həyata keçirə biləcək. Materiallar isə İsrailin Aşdod limanından daşınacaq və ciddi yoxlanacaq. İsrail «Həmas» qruplaşmasının Türkiyə ofislərinin saxlanmasına razılaşıb, bir şərtlə ki, onlar yalnız siyasi məqsəd güdəcək və İsrailə qarşı terror əməliyyatlarını idarə etməyəcək, yaxud maliyyələşdirməyəcək».

«The Economist» yazır ki, tərəflər səfirlərini də təyin edəcək, ancaq İsraillə Türkiyənin tezliklə sıx strateji müttəfiqə çevriləcəyini gözləmək tezdir. İsrailin təhlükəsizlik isteblişmenti Erdoğan-ın Türkiyə kəşfiyyat xidmətindəki adamlarının İran rəsmiləri ilə qurduğu əlaqələrə ehtiyatla yanaşırlar.

«Erdoğan bu piramidanın başındaykən vaxtilə qurduğumuz münasibəti bərpa etməyimiz çətin məsələdir», - bir İsrail rəsmisi bu yaxınlarda deyib. Məqalədə vurğulanır ki, nə vaxtsa iki ölkə birgə təlimlər keçirib; İsrail Türkiyə ərazisindən Suriya və İrana qarşı kəşfiyyat əməliyyatları məqsədilə istifadə edib.

«Son altı ildə İsrail Aralıq dənizi bölgəsindəki Misir, Yunanıstan, Kiprlə də münasibətləri düzəldib. Bu ölkələr Türkiyəyə düşmən münasibətindədir. Erdoğan hökumətinin isə Rusiyayla münasibəti pisləşib. Görünür, təcrid durumu Türkiyə prezidentini narahat etməyə başlayıb və gərəkən güzəştlərə gedib. İsrail isə ofşor qaz yataqlarını Avropa bazarlarına birləşdirəcək kəmərlə bağlı Türkiyəylə işləməyə çalışır. Hər iki dövlət gec də olsa, anlayıb ki, belə bir təlatümlü regionda və dönəmdə küsülü qala bilməzlər», - məqalədə deyilir.

Londonda «Brexit» tərəfdarlarının kampaniyası.

Londonda «Brexit» tərəfdarlarının kampaniyası.

«BREXIT»DƏN İTİRƏNLƏR VƏ QAZANANLAR

Putin-in Avropa Birliyində İtaliya, Fransa və Yunanıstanı dilə tuta bildiyini nəzərə alsaq, Böyük Britaniyanın AB-dən çıxması Rusiyaya qarşı sanksiyalarda balans yaradacaq. «Newsweek» dərgisində Ben Nimmo yazır ki, bu situasiyadan ən çox itirən elə Böyük Britaniya olacaq.

«Birləşmiş Ştatlar Avropa Birliyində faydalı tərəfdaşını itirir, ancaq başqaları da var. Fransa və Rusiya bundan faydalanır, Kansler Angela Merkel-in Almaniyası isə getdikcə zəif duruma düşür. İtaliya, Polşa və İspaniya AB-də nüfuzunu qaldıra bilər, amma bu da qısa müddətə olacaq», - müəllif yazır.

Böyük Britaniyanın son 20 ildəki diplomatik çəkisi onun 3 çoxmillətli qurumdakı – NATO, BMT-nin Təhlükəsizlik Şurası və AB-dəki mövqeyindən qaynaqlanırdı. Özəlliklə də, ABŞ uzun müddət Britaniyayla tərəfdaşlığa can atıb, çünki bu dövlət həmin qurumlarda nəyinsə baş verməsinə, yaxud verməməsinə nail ola bilib.

«AB-dən çıxmaqla Birləşmiş Krallıq AB-nin ticarət, sanksiyalar, bazar tənzimlənməsi, iqlim dəyişikliyi, inkişaf, miqrasiya və Rusiyayla bağlı qərarlarına təsir göstərmək bacarığından əl çəkmiş oldu. AB qalacaq, qaydalarını dəyişəcək, amma daha Britaniyanın səsi olmayacaq. Beləliklə də, diplomatik tərəfdaş kimi dəyəri azalacaq», - müəllif yazır.

Yazıda vurğulanır ki, Birləşmiş Ştatlar boşluğu doldurmaqdan ötrü digər Avropa ölkələrinə – Fransa və Almaniyaya üz tutacaq. Fransa və Rusiya «Brexit»dən ən çox qazanan dövlətlərdir. Çünki Fransayla Britaniya müdafiə və maliyyə məsələlərində, adətən, əks mövqe tuturdular. Rusiya isə Britaniyanın timsalında böyük tənqidçisini və opponentini itirdi.

XS
SM
MD
LG