Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

Nardaran işində bəzi sənədlər saxlanır


-

“Nardaran hadisələri üzrə cinayət işində 18 polis əməkdaşı zərərçəkən kimi tanınıb. Lakin ibtidai istintaqın başa çatmasına baxmayaraq, prokurorluq polislərə dəyən zərərlə bağlı cinayət materiallarını müdafiə tərəfinə vermir”.

Bu barədə Azadlıq Radiosuna müttəhimlərdən birinin vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, istintaq qrupunun rəhbəri Pərviz İbayev sözügedən sənədləri vəkilə verməkdən imtina edərək bildirib ki, bunların müdafiə tərəfinə aidiyyatı yoxdur.

Lakin vəkil qeyd edib ki, onun müdafiə etdiyi şəxs hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək, qəsdən adam öldürmək, silahlı qrup yaratmaq ittihamları da daxil olmaqla, bir çox maddə üzrə ittiham olunur. Polislər məhz həmin maddələr üzrə zərərçəkən kimi tanınırlar.

F.Namazlı qeyd edib ki, “bu prokurorluqda yeni tendensiyadır”.

Onun deməsinə görə, bundan əvvəl də jurnalist Xədicə İsmayılın işi üzrə istintaq materialları təqdim olunmamışdı.

F.Namazlı bunu müdafiə hüququnun pozulması kimi qiymətləndirir.

Bu iş üzrə 19 nəfərin adı keçir. Onların arasında “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə da var.

2015-ci ilin noyabrında Nardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı T.Bağırzadə və onun tərəfdarları saxlanıblar. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfərin öldüyü bildirilir.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və onlardan bir neçəsinə hökm oxunub. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG