Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

Bahalaşmanın üç səbəbi


İlham Əliyev Gəncə Avtomobil Zavodunda
İlham Əliyev Gəncə Avtomobil Zavodunda

-

İslahatlar, manatın real dəyəri, meyvə-tərəvəzdə qiymət artımının səbəbləri və ölkədə turizmin vəziyyəti bu gün medianın aparıcı mövzusudur.

İSLAHATLARIN UĞURU

«Azərbaycan» qəzetində «İslahatların uğuru» sərlövhəli məqalə dərc edilib.

Yazıda ölkədə islahatlara başlanmasında prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı «İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında» fərmanın rolu xüsusi vurğulanır.

Müəllifin fikrincə, bununla ölkə iqtisadiyyatının inkişafı yeni intellektual məcraya yönələcək.

Yazıda qeyd edilir ki, Azərbaycanda aqrar elminin inkişafının əsaslarını keçmiş prezident Heydər Əliyev XX əsrin 70-ci illərində qoyub. Müəllifin fikrincə, H.Əliyevin aqrar sahədə əsasını qoyduğu islahatları indi dövlət başçısı İlham Əliyev uğurla davam etdirir: «Ötən ilin «kənd təsərrüfatı ili» elan olunması, aqrar bölmənin xüsusi çəkisinin artırılması, ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin gündəmə gətirilməsi, xarici bazarlara yeni çıxışların axtarışı bilavasitə prezident İlham Əliyevin şəxsi təşəbbüsləridir».

Müəllif yazır ki, ölkədə bütün işlər elmi əsaslarla aparılır: «Bu islahatlar ölkədə aqrar sektorun simasını dəyişir, yeni texnologiya, innovasiyaların geniş tətbiqinə imkan yaradır. Əslində, bu islahatlar fermerlər və torpaq sahibləri üçün pilot layihələr rolunu oynayır, onların inkişafına ciddi təkan verir».

Qazax bazarı
Qazax bazarı

MEYVƏ-TƏRƏVƏZDƏ 30-40 FAİZ BAHALAŞMA

«Yeni Müsavat» qəzetində isə «Bazarlardakı kəskin bahalaşmanın üç səbəbi» sərlövhəli məqalə dərc edilib. Yazıda bildirilir ki, yay mövsümü olmasına baxmayaraq, bazarlarda kəskin bahalaşma hökm sürür. Müəllif qeyd edir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bazarlarda 30-40 faiz bahalaşma var. Xüsusilə pomidor, xiyar və meyvələrin qiymətində artım var.

Yazıda mövzu ilə bağlı ekspert fikirlərinə də yer verilir. Ekspert Rəşad Həsənov bahalaşma ilə bağlı əsasən 3 səbəbin üzərində dayanır: «Yerli istehsal tələbatı ödəyə bilmir, Rusiya bazarlarına çıxış imkanları artıb. Üçüncü səbəb isə manatın növbəti devalvasiyaya uğraya bilməsi ehtimalı ilə bağlı yaşanan xofdur».

Manat
Manat

MANATIN REAL DƏYƏRİ

«Novoye Vremya» qəzeti manatın real dəyərini və onun yaxın gələcəkdəki taleyini təhlil edib. «Vahid Əhmədov devalvasiyaya çağırır?» sərlövhəli məqalədə deputatın ilin sonuna kimi 1 dolların 1 manat 80 qəpiyə qalxacağı ilə bağlı təxminləri yada salınır.

Yazının müəllifi də deputatı bu təxminlərində haqlı sayır: «Neftin qiyməti manatın məzənnəsinə ciddi təsir edir. İki həftədir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını aparır. Bu siyasət davam edərsə, ilin sonuna manat real bazar dəyərini əldə edər. Bu məzənnə 100 dolların 170 və ya 180 manata bərabər olmasıdır».

Ancaq müəllif yazır ki, vəziyyət gözlənildiyindən də pis ola bilər. O, cəmiyyətə bir sıra suallar verir: «Düşünülübmü ki, manatın məzənnəsinə müdaxilə itirilsə, bu hədd 2.50 manata da bərabər ola bilər? Mərkəzi Banka etibar etmək olarmı? Kim zəmanət verir ki, «yumşaq» devalvasiya əvəzinə ikinci devalvasiyada olduğu kimi, kəskin sıçrayış olmayacaq?».

Batumi
Batumi

GƏZMƏYƏ GÜRCÜSTAN...

«Azadlıq» qəzeti yay istirahət mövsümü ilə bağlı ölkənin turizm bölgələrində vəziyyəti araşdırıb. Məqalədə oxuyuruq: «Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrdə 4 nəfərlik ailənin minimum istirahəti 2000 min manata baş gəlir. Bu bölgələrdəki otellərdən birində 1 həftə qalmaq, yalnız səhər yeməyi daxil olmaqla, bir nəfər üçün 500-700 manat vəsait deməkdir».

Məqalədə deyilir ki, Azərbaycandakı istirahət mərkəzlərində qiymətlər Gürcüstanla müqayisədə bir xeyli bahadır. Üstəlik, müəllifin fikrincə, Gürcüstandakı istirahət mərkəzlərində də xidmət qiymətinə görə heç də aşağı səviyyədə deyil: «Buna görə də, bir çox yerli turistlər istirahət üçün Gürcüstan variantına üstünlük verirlər».

Məqalədə qeyd edilir ki, Azərbaycanda rəqabət mühiti yoxdur, iş adamlarına Gürcüstandakı qədər şərait yaradılmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG