Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:47

Hökumət «holland sindromu»ndan qaça bilmədi


Biznes
Biznes

-

Ölkədə investisiya mühiti, idxaldan asılılığın artması, üçüncü devalvasiya gözləntisi, işsizlik və onun doğurduğu bəlalar bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANDA SƏRMAYƏ İQLİMİ ÇOX MÜSBƏTDİR

«Azərbaycan» qəzetində «Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazıya prezidentdən sitat gətirməklə başlayır: «Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir».

Müəllif yazır ki, hakimiyyətin yürütdüyü siyasət ölkənin davamlı inkişafını təmin edib. Bu siyasətin kökündə isə vətəndaşa xidmət durur: «Azərbaycan prezidenti İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN Xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir».

Müəllif yazır ki, dünyada iqtisadi böhranın yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlər nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilib: «Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, ölkə iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlığı təmin edilib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü təsdiq edir».

Azər Mehdiyev
Azər Mehdiyev

ÜÇÜNCÜ DEVALVASİYA GÖZLƏNİR

«Azadlıq» qəzetində isə «Ölkə üçüncü devalvasiyaya hamilədir» sərlövhəli məqalədə ekspert Azər Mehdiyevlə Azərbaycanın maliyyə vəziyyəti təhlil edilib.

İqtisadçı qəzetə bildirib ki, əvvəlki illərdə ölkənin maliyyə siyasətində buraxılan səhvlər indi də təkrarlanmaqdadır: «Hələ ölkəyə iri neft pulları gələndə manatı möhkəmləndirmək səhv siyasət idi. İndi isə «holland sindromu»nun bütün əlamətləri özünü Azərbaycanda göstərir».

Ekspert qeyd edir ki, manatın möhkəmlənməsinin əsas səbəbi neft pulları idi. Onun fikrincə, neft pullar ölkəyə daxil olur, dollar manata çevrilir, dövriyyəyə əlavə manat kütləsi buraxmağa ehtiyac yaranırdı.

A.Mehdiyev bildirir ki, neftin qiyməti ucuzlaşdığı dövrdə ölkəyə dollar gəlməsi azaldı, əhali də əlindəki pulları dollara çevirməyə başladı: «Bu da ciddi bir devalvasiyaya gətirib çıxardı. Bu gün manatla bağlı durum arzu ediləndən çox uzaqdır. İndi iqtisadi sabitlik yaransa da, bunun əsasında iqtisadiyyatın güclənməsi və ölkəyə külli miqdarda dolların gəlməsi dayanmır. Sadəcə, iqtisadi fəallıq çox aşağıdır».

A.Mehdiyev bildirir ki, manat hazırda iqtisadiyyatın kiçildilməsi hesabına sabitdir. Hökumət iqtisadiyyatı inkişaf etdirmək istəsə, üçüncü devalvasiya qaçılmazdır.

Cinayət
Cinayət

İŞSİZLİK CİNAYƏTLƏR DOĞURUR

«Exo» qəzeti işsizliyin doğurduğu fəsadlardan bəhs edir. Yazıda qeyd edilir ki, ölkədə işsizliyin artması yeni-yeni cinayətlərə təkan verir. Yazıda ekspert fikirlərinə də yer verilib: «İşsizlik Azərbaycanda insanları cinayətə təhrik edir. Ona görə də ölkədə daha çox yeni iş yerləri açmaq zərurətdir. Aydındır ki, insanlar gəlirsiz qalıbsa, yeni iş tapa bilmirsə, nəticədə cinayətə gedərək soyğunçuluq və oğurluq edəcək»,-deyə ekspertlərdən Kamil Səlimov qəzetə bildirib.

O, fikirlərini faktlarla əsaslandırır: «Narko cinayətlə bağlı saxlananlardan 754 nəfəri işsizlərdir. Bu gün insanları ixtisar adı ilə dövlət sektorunda işdən azad edirlər. Dövlət aparatını ola bilər ki, daha 50 faiz azaltmaq lazımdır. Amma eyni zamanda da ixtisar sayı qədər də yeni iş yerləri yaradılmalıdır».

Ekspertin fikrincə, həm hökumət, həm də bütünlükdə cəmiyyət işsizliyin hansı bəlalar doğurduğunun fərqində olmalıdır: «Böhran illərində cinayətkarlıq təkcə artmır, həm də sürətlə artır. Bununla yanaşı, işsiz cinayətkarların da payı cəmiyyətdə əhəmiyyətli dərəcədə artır. Nəticədə işsizlik cinayət törətmək üçün «stimul»a dönür».

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

MƏMUR-OLİQARX MARAQLARI

«Aqrar sahə həyəcan siqnalı verir. Ölkədə kənd təsərrüfatı sistemli qaydada dağıdılıb, məhv edilib. Toxumçuluq, damazlıq sıradan çıxarılıb».

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli kənd təsərrüfatının durumunu «Bizim Yol» qəzetinə belə şərh edib.

O deyib ki, kənd təsərrüfatının bu vəziyyəti ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir. Mütəxəssis qeyd edib ki, Azərbaycan kəndlisinin malı əlində dəyərdən salınıb. Bitkiçilik və heyvandarlıqda istehsal göstəriciləri ən aşağı həddə endirilib, ölkəyə əksər qida məsulları xaricdən gətirilir. V.Məhərrəmlinin fikrincə, idxaldan asılılıq məmur-oliqarxların maraqlarına uyğundur: «Buğda, ət, süd, tərəvəz, kartof, bitki yağı, çay, şəkər və s. məsulların idxalda xüsusi çəkiləri artıb».

V.Məhərrəmli kənd təsərrüfatı məsullarının ixracının kəskin azalmasını ən pis hal sayır. Onun deməsinə görə, zərbə həm kəndliyə, həm də bütünlükdə ölkə iqtisadiyyatına dəyir. Qazananlar isə məmur-oliqarxlardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG