Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

-

«Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib».

President.az saytı xəbər verir ki, bu sözləri Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə dövlət başçısı İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Sovet ittifaqı dağılanda da onun yerində xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu: «Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir.

Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək».

Prezident İlham Əliyev iyunun 20-də Maştağa-Bilgəh yolunun və Nardaran Qəsəbəsindəki Abşeron, Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib. Həmçinin yolun kənarında az sayda Nardaran sakinləri ilə görüşüb.

Ötən il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Həmin əməliyyatda 7 nəfər həlak olub.

Üstəlik, «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Tale Bağırzadə və onun tərəfdarları həbs edilmişdi. İndi həmin şəxslər terrorçuluqda və daha bir çox ağır cinayətlərdə ittiham olunurlar. T.Bağırzadə həmin hadisələrdən bir neçə gün öncə çıxış edərək Nardaran qəsəbəsinin problemlərindən danışmışdı. Üzünü Azərbaycan rəsmilərinə tutaraq belə bir sual vermişdi: «Allaha xatir, Gürcüstandakı erməni kilsələrini pulsuz qazla təmin edirsiniz. Nardarana niyə qaz vermirsiniz?»

Həmin günlər qəsəbə sakinləri arasında da əlavə olaraq 80-dən çox şəxsin saxlanıldığı bildirilirdi. Sonradan qəsəbə sakinləri sərbəst buraxıldılar. Həlak olanların isə qəsəbə əhalisindən xəbərsiz dəfn olunduqları bildirilirdi.

Həmin günlər dövlət televiziyasında Nardaran qəsəbəsində dini ekstremistlərin və İrana meylli qüvvələrin kök saldığı bildirilirdi.

Prezident İlham Əliyev bu hadisələrdən bir müddət sonra-dekabrın 11-də Nardaran qəsəbəsinin yenidən qurulma işlərinə 12 milyon manat ayırıb. Bu ilin fevralın 2-də isə dövlət başçısı həmin işlərin tamamlanmasından ötrü daha 17.4 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG