Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:46

-

"Adam səhnədə musiqi ifa eləyəndə, ondan həzz alanda özü də hiss eləmədən hansısa hərəkətlər eləyirsə, bu xoşbəxtlikdi. Biz daima impovizasiya eləyirik. Elə vaxt olur ki, mahnını tamam dəyişirik, tamamilə fərqli oxuyuruq".

"Əlbəttə ki, müharibənin əleyhinəyik. Məntiqlə düşünsək, insan üçün nəyin uğrundasa vuruşmaq axmaqlıq, eqoistlikdi. Kimsə oturub başqalarının əvəzinə qərar verir – adi insanlar da döyüşürlər. Təbii ki, dünyada bu faktın olmağı mənə də, sizə də zərər yetirə bilər, amma bunun əleyhinə oxumağın mənası olmayacaq, heç kim mənimlə razılaşmayacaq​".

Tibilisidə keçirilmiş rok festivalında qalib gəlmiş azərbaycan qrupu "Pyraweed"

Tibilisidə keçirilmiş rok festivalında qalib gəlmiş azərbaycan qrupu "Pyraweed"

Hər il Tbilisidə “Jam!Fest” adlı rok fetivalı keçirilir. Bu il iyunun ilk həftəsinə təsadüf edən festivalda Azərbaycanı “Serumhatred” və “Pyraweed” qrupları təmsil edib. “Jam!Fest”in qalibi də elə onlardan biri – “Pyraweed” qrupu olub. Müsahiblərimiz də elə onlardı- “Serumhatred”in yaradıcısı Əli İbrahimzadə və “Pyraweed”-in yaradıcısı Nicat Həsənzadə.

- Uşaqlar, istəyərdim ki, əvvəlcə qruplarınız haqda məlumat verəsiniz.

- Əli: “Serumhatred” qrupu, 2012-ci ildə yaranıb, təxminən, dörd ilə yaxındı fəaliyyətdədi. “Pyraweed” isə 2015-ci ilin yanvarında yaranıb. Nicat “Pyraweed”də gitara–vokaldadı, həm də “Serumhatred”də barabançıdı. Nicat, demək olar ki, həmişə “Serumhatred” qrupunda olub, sonra öz qrupunu yaratmaq istədi və uğurlu layihə alındı.

- Neçə qrup iştiak edirdi festivalda?

"Serumhatred" rock qrupunun solisti Əli İbrahimzadə

"Serumhatred" rock qrupunun solisti Əli İbrahimzadə

- Əli: Müsabiqədə səkkiz qrup iştirak eləyirdi. Almaniyanın məşhur bir rok festivalı var- Wacken Open Air. Hər il o qədər də məşhur olmayan, ancaq məşhurlaşmaq istəyən qruplar gedib orda çıxış eləyirlər. Qafqazdan isə - Azərbaycan, Ermənistan, Gürcüstandan ayrı-ayrı qruplar getmir. Bütün Qafqazdan bir qrup getməlidi və həmin qrup “Tbilisi Jam!Fest”də seçilir. Bu il Wacken Open Air-də Qafqazı biz təmsil edəcəyik- “Pyraweed” qrupu. Wacken Open Air-də qalib gələn qrup üçün mükafat olaraq turne təşkil eləyəcəklər.

- Festivalın atmosferi necə idi?

- Nicat: Çox yaxşı. Azərbaycanda heç kim axşam 7-dən səhər saat 9-a qədər konsertdə qalmazdı. Orda ruh vardı, ürək vardı.

"Pyraweed" rok qrupunun solisti Nicat Həsənzadə

"Pyraweed" rok qrupunun solisti Nicat Həsənzadə

- Əli: Hiss olunurdu ki, camaat da bunu istəyir. Orda bu musiqini dinləməyə gələnlər daha çox idi, nəinki bizdə. Bizdə pivə içib, atlanıb-düşməyə gəlirlər. Ordakılar isə doğrudan dinləyirdilər musiqini.

- “Serumhatred” nə deməkdi?

- Əli: Nifrət aşısı.

- Bəs “Pyraweed”?

- Nicat: Olar, bunu izah eləməyək?

- Niyə, məhz, rok?

- Əli: Əslində ikimiz də çox janrları sınamışıq. Amma əvvəldən əsas roka üstünlük vermişdik – rok-metalla.

- Nicat: Uşaqlıqdan ən sevdiyimiz janr olub. Sonra da düşündük ki, özümüz də məşğul olaq. Başqa janrları da ifa edə bilirik. Ona görə başqa-başqa proyektlərdə işləyib ordan pul qazanırıq.

- Əli: Neçə illər ərzində bu musiqidən bir manat da qazanmamışıq.

"Pyraweed" rok qrupu

"Pyraweed" rok qrupu

Nəyimiz olubsa, hər şeyimizi axırıncı qəpiyinə kimi bura qoymuşuq. Musiqiçi kimi coverləri ifa eləyirik, buna görə pul verirlər. Amma metall janrında öz musiqilərimizi yaradırıq. Hər şeyi özümüz yazırıq, sonra da ifa eləyirik. Düzdü, başqa ölkələrə nisbətən Azərbaycanda bizim janrın dinləyicisi azdı. Amma get-gedə artacaq.

- Nicat: Biz onu artıqmaq istəyirik.

- Azərbaycanca oxuyursuz, yoxsa ingiliscə?

- Əli: Mahnılarımızın mətnləri ingilis dilindədi.

- Nicat: Bütün dünya başa düşə bilsin, rahat olsun deyə. Bizim sözləri, bizim fəlsəfəni ötürə bilmək üçün.

"Pyraweed" qrupunun Tibilisidə “Jam!Fest"-də çıxışı

- Bəs azərbaycanlıların sizi başa düşməyini istəmirsiniz? Axı, bizdə azərbaycandilli rok olub, məsələn, “Yuxu” qrupu və çox yaxşı da qarşılanıb.

- Nicat: Ola bilər, amma dünya dili ingilis dili sayılır. Biz ingiliscə oxuyuruqsa, burda da bizi başa düşəcəklər. Çünki ingilis dilini hamı bilir.

- Əli: Əslində Azərbaycan dilində də nəsə eləmək fikrimiz vardı. Ancaq bu janrda Azərbaycan dilində heç nə eşitməmişik, qulağımız avtomatik ingilis dilinə öyrəşib.

- Nicat: Həm də bizim üçün mətni ingiliscə yazmaq rahatdı, çünki Azərbaycan dilində yazsaq, bizi az adam başa düşəcək, nəinki ingiliscə. Axı, biz öz fikirlərimizi ötürməliyik.

- Cazz, rok kimi musiqi janrlarının əsasında, adətən, ictimai-sosial motivlər dayanıb. Rok da daha çox etiraz musiqisidi. Siz nə haqqında oxuyursunuz? Nə demək istəyirsiniz?

Rokçu Əli İbrahimzadənin Bakıda çıxışı

Rokçu Əli İbrahimzadənin Bakıda çıxışı

- Əli: “Serumhatred”-in mətnlərində konkret mesaj yoxdu, amma ideyamız var- müharibə, insan haqqında...

- Nicat: Məndə isə bir az fərqlidi. İnsanın öz daxilinə baxışıdı mənim mətnlərim. İnsanın öz daxilində gördüklərinin - hisslərin, emosiyaların səslər vasitəsilə çatdırılmasıdı. İnsanın daxili aləmi fikir okeanıdı və orda səyahət eləyirsən. Əslində “Serumhatred”-də də eyni mövzulardı. Ancaq onda mətnlər daha sərt, daha düzxətlidi, dərinlik var, amma bu, amansız dərinlikdi. “Pyraweed”in mahnıları isə amansız deyil, əzginlik, dalğınlıq, dərinlik atmosferi var. Mənim mətnlərimdə protest yoxdu. əksinə yuxular, arzular var.

- Əli: Biz siyasətdən danışmırıq, belə şeylər bizə maraqlı deyil. Biz musiqi yaradırıq.

- Nicat: Əlbəttə ki, müharibənin əleyhinəyik. Məntiqlə düşünsək, insan üçün nəyin uğrundasa vuruşmaq axmaqlıq, eqoistlikdi. Kimsə oturub başqalarının əvəzinə qərar verir – adi insanlar da döyüşürlər. Təbii ki, dünyada bu faktın olmağı mənə də, sizə də zərər yetirə bilər, amma bunun əleyhinə oxumağın mənası olmayacaq, heç kim mənimlə razılaşmayacaq.

- Əli: Tiflisdə indi müharibə vəziyyətində olduğumuz ölkənin- Ermənistanın qrupları ilə eyni səhnədə çıxış eləyirdik. Nə Azərbaycandan, nə də Ermənistandan olan qruplarda bir-birinə qarşı qarşı neqativ yox idi. Ümumiyyətlə, orda yaşayan ermənilərdən belə şey hiss eləmədik. Vəziyyət deyildiyi qədər pis olsaydı, ermənilər mənə yaxınlaşıb təbrik eləməzdilər. Adi əhalinin bir-birinə münasibəti yaxşıdı. Demirəm ki, dostuq, qardaşıq, amma neqativ yoxdu. Əsas da budu.Orda başa düşdük ki, biz adi adamlarıq, musiqiçiyik, ora da musiqi üçün gəlmişik. Ona görə də bir-birimizə düşmən kimi baxmırdıq. Ümumiyyətlə, mənim kiməsə düşmən kimi baxmağım axmaqlıq olardı. Fərqi yoxdu erməni olsun, ya da başqa millətdən. Biz Tiflisdə onlarla normal ünsiyyətdə olduq,çünki onlar da bizimlə normal danışırdılar. Özləri də deyirdilər ki, Ermənistanda da vəziyyət sizdəki kimidi.

- Nicat: Təbii ki, onların da, bizim də neqtiv əhvalda olmağımız üçün səbəb var – bütün bu hadisələrdə nə qədər insan həlak olub. Bu faciədi, müharibədi. Mənim dostlarım var ki, qohumları həlak olub. Ancaq kiminləsə döyüşməyi əhali, adi insanlar özləri seçmir.

- Bakıda harda çıxış eləyirsiniz?

- Nicat: Klublarda. Hər konsertə eyni adamlar gəlir. Maksimum, min nəfər rok dinləyicisi var.

"Pyraweed" qrupunun Bakıda klubların birində çıxışı

"Pyraweed" qrupunun Bakıda klubların birində çıxışı

- Əli: Çox vaxt konsertləri özümüz təşkil eləyirik. Bəzi təşkilatçılar da var. Ancaq o çıxışlara görə pul almamışıq, özümüzü tanıtmaq üçün çıxış eləmişik. Başqa heç nə.

- Burda açıq hava konserti olmasa da, ona bənzər bir şey keçirmək istəyiniz varmı?

- Nicat: Biz istəyirik ki, Wacken Open Air-dən sonra Bakıda elə bir festival təşkil eləyək və ən azı, üç qrup çağıraq ora. Üç qrup da Azərbaycandan olsun. Çünki belə konsertlərə ehtiyac var. Mən 2006-cı ildən bu işlə məşğulam. Keçən on il ərzində Bakıda çox şey dəyişib. Elə adamlar vardı ki, nə vaxtsa əcaib geyiminə görə hansısa rokerə sataşa bilərdi, ancaq indi özü başlayıb elə geiynməyə. Doğrudu, bütün dünyada hər şey dəbə bağlıdı. Ola bilsin ki, çox adam sadəcə dəbin ardınca gedir. Ancaq yenə də görürəm ki, yavaş-yavaş artım var. Çünki indi internet var, televizorda hər şeyi göstərirlər. Yəni müasir insan roker olmasa da, o barədə məlumatı var.

- Valideynlərinizin sizin rokla məşğul olmağınıza münasibəti necədi?

- Nicat: Atam əvvəllər həmişə qarşı çıxırdı, deyirdi ki, get, özünə başqa məşğuliyyət tap. Mənim atam dama üzrə idman ustasıdı. Həmişə idmanın içində olub, məni də bu istiqamətə yönəltməyə çalışıb. 16 yaşıma qədər idmanla məşğul olmuşam, çünki uşaq olanda məcburi göndərirlər, özün dərk eləmirsən. Amma böyüdükcə fərqinə varırsan. Məni müəllim yanına göndərirdilər, portfeli atıb dərsə yox, bazaya konsertə gedirdim. Ancaq anam həmişə dəstəkləyib məni. Atam məşq elədiyimiz yerin kirayəsini ödəmək üçün pul verməyəndə anam axırıncı pulunu verirdi ki, get, bazanın pulunu ver. Hansısa alət lazım olurdu, pulum çatmırdı, anam kömək eləyirdi. Amma Tiflisdə qalib gəlib qayıdandan sonra atamın da münasibəti dəyişib. Üzündən görünürdü ki, sevinir, ancaq boynuna almadı. Qürurlu kişidi, amma çox sevindi. Indi mənə kömək eləyəcək – viza almağa, maddi baxımdan və s.

- Əli: Məndə də eyni vəziyyətdi. Mənim atam musiqiçidi, tar ifaçısıdı. Roku xoşlamır. Yadımdadı, 15 yaşımda qrupumuz vardı. Gəldi, gördü baraban çalır, gitara çalır, başladı mənimlə dava-qırğın eləməyə. Ondan sonra neylədisə, məşq elədiyimiz yerə gedə bilmədik. Dedilər ki, bağışlayın, burda məşq eləmək olmaz. Amma indi görür ki, mən bunu istəyirəm. Tiflisdən gələndən sonra hiss elədim ki, xoşuna gəlir. Hərçənd desə də ki, bu nədi, mən Moskvada belə çıxış eləmişdim, filan yerdə elə çıxış eləmişdim..

- Nicat: Bu, adi haldı. Nə vaxtsa mənim də oğlum olsa, özünə tamamilə fərqli, mənim anlamadığım bir məşğuliyyət tapsa, gəlib desə ki, ata, mən getdim filan şey elədim, deyəcəm ki, o nədi, mən sənin vaxtında bilirsən, neyləyirdim.. İnsan belədi. Mən indiki uşaqlara baxanda deyirəm ki, onlarınkı uşaqlıq deyil, mən məftili belə bağlayıb sürürdüm. Atam isə tamam başqa şey deyir, babam tamam başqa. Yəni hər adama öz yaşadığı vaxt əzizdi.

- Uşaqlar, hansı kitabları oxuyursunuz,hansı filmlərə baxırsınız?

- Nicat: Mən beat nəslinin yazıçılarını çox sevirəm - Allen Ginsberg, Jack Kerouac, William Burroughs. Bu insanlar 19-20 yaşımdan mənim dünyagörüşümü dəyişiblər öz azadlıqları ilə. Halbuki bəlkə adi əyyaşlar olublar, səyahət eləyirdilər və öz hisslərini yazırdılar. Amma bu hisslər o qədər səmimi idi ki, mən onların əsərlərinə vuruldum.

Amerikalı yazıçı Çarlz Bukovski

Amerikalı yazıçı Çarlz Bukovski

İkinci sevimli yazıçım Charles Bukowskidi. O, mənə, məhz, sadəliyi ilə xoş gəlir. Son dərəcə çirkin həyatı adi əhvalat kimi yazırdı. Məsələn, öz qadınları haqqında, ya da poçtda necə işlədiyi barədə. Belə sadə şeyləri o qədər gözəl təsvir eləyib ki, mən insan həyatının darıxdırıcı olmadığını anlamışam. Filmlərdən isə.. Əslində bu, həyatımın mərhələlərindən asılıdı. Bir dövr vardı ki, Martin Scorsesei çox sevirdim, onun filmləri üçün ürəyim gedirdi - 18-20 yaşlarımda. Vaxt keçdikcə Terry Gilliamsa, Сoen qardaşlarına baxmağa başladım. Kinonu çox sevirəm. Demək olar ki, hər gün filmə baxıram. Məsələn, bu gün qısa filmlərdən ibarət bir filmə baxdım – “Çılğın əhvalatlar”. Xüsusilə də ekranizasiyalar daha çox cəlb eləməyə başlayıb.

- Əli: “Xaç atası”nın da adını de, olsun bitsin..

- Nicat: “Xaç atası”nı hamı sevməlidi.

- Əli: Düzünü desəm, mən kitab oxumağı sevmirəm. Demək olar ki, heç vaxt oxumamışam. Həmişə cəhd eləmişəm, xüsusilə də hamının oxuduğunu görəndən sonra. Fikirləşirdim ki, yəqin maraqlı məşğuliyyətdi. Əslində maraqlıdı, amma mənim hövsələm çatmır. Bir dəfə Nicat “Döyüşçü klubu” kitabını verdi. Bir neçə səhifə oxudum, qaldı, hələ də evdədi.

- Nicat: Mən o kitabı dörd dəfə oxumuşam.

- Bəs filminə necə, baxmısız?

- Əli: Filminə baxmışam. Mən daha çox filmə baxmağı sevirəm. “Xaç atası”na bütün dillərdə baxmışam.

"Serumhatred" qrupunun Tibilisidə “Jam!Fest"-də çıxışı

- Baxdığınız filmlərin, oxuduğunuz kitabların musiqinizə təsiri varmı?

- Əli: Rokun ona təsiri var. Mən, ümumiyyətlə, özümdə olan inkişafı 17-18 yaşımdan sonra görmüşəm. Məhz, bu musiqi ilə məşğul olandan sonra. Mən küçədə otura bilərdim, hardasa mənasız mənasız gəzə bilərdim. Demirəm, oxumaq pisdi, özüm də institut bitirmişəm. Amma indi başa düşürəm ki, mənim üçün onun anlamı yoxdu. Mən özümü rokda tapmışam. Bu, elə bir musiqidi ki, onunla ancaq intellektual adamlar məşğul olur.

- Nicat: Özümü harda tapmışam fikrinin davamı olaraq, mən də uzun müddət ədəbiyyatla məşğul olmuşam, hətta yazırdım da. Şeir, povest, roman və s. amma sonra gördüm ki, bunlar sadəcə sözlərdi. Kiməsə nəsə danışmaq əyləncəlidi, amma sözlər vasitəsilə heç vaxt heç kim sənin ifadə eləmək istədiyini başa düşməyəcək. Amma səslər- onları idarə eləmək, hətta özündən nəsə əlavə eləmək olar.

- Əli: Gözəl sözlərin musiqiyə ehtiyacı olur, amma gözəl musiqinin sözlərə yox. Adam səhnədə musiqi ifa eləyəndə, ondan həzz alanda özü də hiss eləmədən hansısa hərəkətlər eləyirsə, bu xoşbəxtlikdi. Biz daima impovizasiya eləyirik. Elə vaxt olur ki, mahnını tamam dəyişirik, tamamilə fərqli oxuyuruq.

Günün bütün mövzuları

XS
SM
MD
LG