Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

-

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute –CDSI) bu il iyunun 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanın 242 hərbi qulluqçusunu itirdiyini bildirir.

*74 min adam Youtube Kanalımıza abunədir və gündəlik video xəbərləri bizdən izləyir. Sən də abunə ol, ölkədə baş verənlərdən xəbərin olsun

Təşkilat qeyd edir ki, açıqladığı rəqəmlər 3 ölkənin rəsmi qurumlarının məlumatları, mediada apardığı monitorinqin nəticələrinə əsaslanır.

242 hərbi qulluqçunun 196-nın atəşkəs pozulması, 46 nəfərin isə qeyri-döyüş şəraitində həyatını itirdiyi bildirilir.

CDSİ-nin hesabatına görə, Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda 115 hərbi qulluqçusunu itirib. Onlardan 102 nəfərin döyüş, 13 nəfəri isə qeyri döyüş şəraitində dünyadan köçdüyü qeyd edilir.

102 nəfər

Silahlı Qüvvələrin 102 hərbi qulluqçusunun cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olduğu deyilir. Bundan başqa 2 hərbi qulluqçunun avtomobil qəzası, bir əsgərin xəstəlik nəticəsində, 4 nəfərin intiharla, 1 nəfərin ehtiyatsızlıqdan, 2 nəfərin isə bədbəxt hadisədən vəfat etdiyi qeyd edilir. 4 nəfərin isə əsgər yoldaşının açdığı atəş nəticəsində öldüyü söylənir

Hesabata görə, dünyadan köçənlərin 59 nəfəri əsgər, 16-sı müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12-si gizir, 28 nəfəri isə zabit olub.

Həlak olanların 114 nəfərinin Müdafiə Nazirliyinin, 1-nin isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu deyilir.

Yaralılar

Hesabatın əhatə etdiyi dövrdə ümumilikdə 53 hərbi qulluqçunun yaralandığı açıqlanır. 46 hərbçinin Ermənistan tərəfinin gülləsindən yaralandığı, 5 nəfərin minaya düşdüyü bildirilir. Bir hərbçinin avtoqəza, bir nəfərin isə təlim zamanı qumbara partlaması nəticəsində xəsarət aldığı deyilir.

Ermənistanın itkisi - 125 nəfər göstərilir

Hesabata görə, monitorinq dövründə Ermənistanda azı 125 hərbi qulluqçu həlak olub. Vəfat edənlərin 94-nün döyüş, 31 nəfərin isə qeyri-döyüş itkisi olduğu bildirilir.

94 hərbçi Azərbaycan tərəfinin atəşindən, 5 nəfərin avtomobil qəzasından dünyadan köçdüyü söylənir. Bundan başqa 11 nəfərin intihar etdiyi, 11 nəfərin də əsgər yoldaşı tərəfindən qətlə yetirildiyi deyilir. 4 nəfərin isə bədbəxt hadisə nəticəsində vəfat etdiyi açıqlanır.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 152 hərbi qulluqçusunun yaralandığı və ya xəsarət aldığı qeyd edilir.

Gürcüstan 2 hərbi qulluqçu itirib

Hesabata görə, araşdırılan dövrdə Gürcüstan ordusunda cəmi iki hərbi qulluqçu vəfat edib. Onlardan biri H1N1 virusundan, digəri isə bədbəxt hadisə nəticəsində dünyadan köçüb. Həlak olanların hər ikisi Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun bu açıqlamasına, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bu il aprel ayında cəbhə bölgəsində baş verən hərbi əməliyyatlarda həlak olan və yaralanan hərbiçilərlə bağlı tam bilgi açıqlamayıb. Əməliyyatlar bitməmiş Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti həmin günlər 17 hərbiçinin həlak olduğunu açıqlamışdı. Ancaq sonrakı günlərdə əlavə bilgi verilmədi. Üstəlik, müxalifətin bu əməliyyatlarda Azərbaycan ordusunun 80-dən çox hərbiçi itirməsinə dair iddialarına da münasibət bildirilmədi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-i Moskvada tərəflər atəşkəs haqda razılıq əldə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG